"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı

17.09.2026 16:51 18
Ölkə futbolu
“Kəpəz” akademiyanın yetirməsi, 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, o, U-19-un əsas qapıçısı olmaqla yanaşı, Əvəzedicilər Liqası və Misli premyer-liqasında forma geymək hüququ qazanıb.

“Sarı-göylər”in tarixində yeniyetmə istedadla son belə müqavilə 2018-ci ildə olub. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb edilib. Əlisahib Əliyev isə “Kəpəz” tarixində peşəkar anlaşmaya imza atan ən kiçikyaşlı qapıçı ünvanına sahib çıxıb.

Əlisahib fikirlərini klubun rəsmi saytına bölüşüb:

“Kəpəz”lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdı. Gələcəkdə Avropanın “TOP-5” çempionatlarından birində forma geyməyi arzulayıram. Ən çox sevdiyim klub “Real Madrid”di. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdi. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm”.