Bildiyiniz kimi, Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq “Neftçi” hazırlığı Sloveniyada başa çatdırdı.
“Ağ-qaralar” orda dörd yoxlama oyunu keçirdi. Onların düşərgəsində üzlər gülür, heç bir ciddi problem yoxdu. Düzdü, “Neftçi” transfer bazarında əsas rəqibləri “Sabah” və “Qarabağ” qədər fəal deyil. Bununla belə, komandanın baş məşqçisi Yuri Vernidub ətrafa nikbinlik saçır. Ukraynalı mütəxəssis ölkəsinin tribuna.com saytına geniş müsahibə verib, bir çox maraqlı məqama toxunub.
- “Neftçi” ilə yeni müqavilənizdən başlayaq. Başqa variantları nəzərdən keçirdiz, yoxsa komandada hər şey sizi qane edir?
- Komandada hər şey məni qane edir. “Neftçi” yaxşı komandadı, şərait də pis deyil. Rəhbərlik mənə yeni müqavilə təklif etdi, mən də dərhal razılıq verdim. Bu üzdən hər şey əladı.
- Yeni mövsüm üçün hədəflər barədə artıq danışmısız?
- Hədəflər həmişə ən yüksək olur. Üstəlik bu il “Neftçi” 90 illik yubileyini qeyd edir. Buna görə də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycan futbolunun tarixi klublarından biridi, burada qarşıya həmişə yüksək vəzifələr qoyulur.
- Ötən mövsümü dördüncü pillədə başa vurduz. İndi hansı rəngdə medal istəyirsiz?
- Ən yüksək əyarlı medal istəyirik, qalanını zaman göstərəcək. Mən Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycanda da çempion olmayım?! Özüm də bunu istəyirəm və qarşıya belə məqsəd qoyulmasına sevinirəm.
- Siz Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcəksiz. Orda hansı uğura nail olmaq istərdiz?
– Çempionatda 4-cü yeri tutmaqla Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandıq. Mən Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələlərində çıxış etmişəm, amma bu turnirin qrupunda çıxış etməmişəm. Buna görə də ora düşməyi çox istəyirəm.
- Azərbaycan futbolu haqda nələri bilməliyik?
– Çempionat çox maraqlıdı. Yüksək liqada 12 komanda üç dövrədə mübarizə aparır. Püşk elə atılır ki, bəzi rəqiblərlə üç oyundan ikisini evdə, bəzən isə ikisini səfərdə keçirə bilərsən. Bu baxımdan maraqlı sistemdi. Çempionatın axarını proqnozlaşdırmaq çətindi. Turnir cədvəlinin aşağı pillələrində yer alan komandalardan nə gözləyəcəyini bilmirsən. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalarla matçlarda çempionluq baxımından vacib xallar itirdi. Azərbaycanda yetərincə güclü klublar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır. Ümumilikdə çempionat pis deyil. Hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəlib. Amma bunlar, sadəcə, hazırlıq matçlarıdı. Heç kim bilmir ki, komandalar həmin oyunlara necə hazırlaşır. Bəziləri böyük fiziki yüklənmələr altında çalışır, digərləri isə matçlara ayrıca hazırlaşır. Buna görə də dəqiq nəsə demək çətindi.
Azarkeşlər “Neftçi” “Qarabağ” və ya “Sabah”la oynayanda matçlara daha çox sayda gəlirlər, Ötən mövsüm “Qarabağ”la evdə keçirdiyimiz iki oyunda stadion, demək olar ki, tam dolmuşdu. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxlu azarkeşi var.
– Ötən mövsüm Ukrayna futbolunda hakimlik çox müzakirə olunurdu. Azərbaycanda vəziyyət necədi?
– Azərbaycanda da hakimlik hər yerdə olduğu kimidi. Adamlar səhv edir, narazılıqlar olur. Düşünürəm ki, bu, məşqçilərin çox da danışmaq istəmədiyi ağrılı mövzulardan biridi. İstəsək də, istəməsək də, belə hallar həmişə olub və olacaq. Hətta dünya çempionatında da bunu görürük. Orda da səhvlər və mübahisəli qərarlar olur. Hər məşqçi hakimlərin səhv etdiyini düşünəcək, hakimlər isə öz qərarlarını müdafiə edəcəklər. Ötən mövsüm mənim də belə vəziyyətim oldu. Xüsusən “Zirə” ilə oyun heç-heçə başa çatdı və itirdiyimiz xallar üçüncü yeri tutmağımıza mane oldu. Biz “Turan Tovuz”la eyni sayda xal toplamışdıq, amma burda komandaların qələbə sayına baxılır. Belə hallar olur və artıq heç nəyi dəyişmək mümkün deyil. Hər kəs səhvin olduğunu etiraf etsə də, itirilən xalları geri qaytarmaq mümkün deyil. Buna görə də səbirli olmaq və başqalarına hörmətlə yanaşmaq lazımdı. Emosiyalar var, amma onları idarə etməyi bacarmaq lazımdı.
– Futbolçularınız və klub nümayəndələri “Neftçi”nin oyununda və nəticələrində irəliləyiş olduğunu qeyd ediblər. Buna necə nail olduz?
– Birinci, mən bura gələndə demişdim ki, komandada kifayət qədər yaxşı futbolçular var. Hamısı texnikalı və sürətlidi. Sadəcə, oyun üzərində bir qədər işləmək lazım idi. Uşaqlar bizi dərhal başa düşdülər və xarakter göstərdilər. Onların hər birinə minnətdaram ki, həm mənim, həm də məşqçilər korpusumun fəlsəfəsini qəbul etdilər. Məhz buna görə irəliyə doğru addım ata bildik. İndi komanda yenilənib və hər şeyə yenidən başlamaq lazımdı. Bu məqamda problem görmürəm. Futbolçular hazırdı, çalışırlar və səbr göstərirlər. Düşünürəm ki, hər şey yaxşı olacaq. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bunu etmək bizim əlimizdədi. Xarakter və intizam əsas amillərdi. Futbolçuların dediklərimizi necə başa düşməsi, meydanda nə görmək istədiyimizi anlaması, hücum və müdafiə sistemlərini qavraması da vacibdi. Onlar bunların hamısını başa düşür və yerinə yetirirlər. Məhz buna görə nəticə var. Əks halda uğur qazanmaq mümkün deyil. Kimsə nəyisə başa düşmürsə, gəlib soruşa bilər. Biz hər şeyi izah edirik. Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdı. Əsas məsələ diqqətli olmaq və xarakter göstərməkdi. Nəsə alınmasa belə, əsəbləşmək yox, daha çox işləmək lazımdı.
– Mən heç vaxt Azərbaycanda olmamışam. Bu ölkə necədi?
– Azərbaycan çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardı. Onlarla ünsiyyətdə heç bir problem yoxdu. Paytaxt Bakı çox gözəl şəhərdi və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burda balıq seçimi də çoxdu. Yeməklər çox dadlıdı, yerli mətbəxi bəyənirəm. Yayda isti olur, amma qış Ukraynadakı qədər sərt keçmir. Burda temperature, adətən, +30, +32 dərəcə olur, lakin dənizə görə rütubət yüksəkdi. Temperatur +25, +27 dərəcəyə çatanda belə nəfəs almaq çətinləşir. Yeganə xilaskar küləkdi. Bakını təsadüfən “küləklər şəhəri” adlandırmayıblar. Məhz bu külək havanı bir qədər sərinləşdirir və istiyə dözməyi asanlaşdırır. Azərbaycan haqda pis heç nə deyə bilmərəm. Üstəlik azərbaycanlılar Ukraynaya çox dəstək olur və kömək edirlər. Bu xalqı və insanları çox sevirəm. Hər şey əladı.
– “Neftçi”də işlədiyiniz müddətdə başınıza gələn maraqlı hadisələrdən danışa bilərsiz?
– Mən çox sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzəndə adamlar yaxınlaşıb şəkil çəkdirir, “Neftçi”yə qələbə arzulayırlar. Belə hallar çox olur. Xüsusilə də hansısa restorana nahar və ya şam yeməyinə gedəndə. Ofisiantların çoxu məni tanıyır, hörmətlə yanaşırlar, söhbət edirik. Ümumiyyətlə, hər şey yaxşıdı. Açığı, danışacaq xüsusi bir hadisə yadıma düşmür.
– Adınız tez-tez Ukrayna millisinin baş məşqçisi vəzifəsi ilə bağlı hallanır. Gələcəkdə millidə işləmək arzunuz varmı?
– Düşünürəm ki, bu hər bir məşqçinin arzusu olmalıdı. Milli komandada işləmək özünü göstərmək üçün böyük şansdı. Çox maraqlı və məsuliyyətli vəzifədi. Lakin anlayıram ki, məndən başqa da buna layiq olan çoxlu mütəxəssis var. Andrea Maldera (yığmanın indiki baş məşqçisi – red.) ukraynalı deyil, amma tam haqqı ilə həmin vəzifəni tutur. Ona uğurlar arzulayıram ki, millimiz onun rəhbərliyi altında ən yüksək nəticələr qazansın. Milli komandanın bütün futbolçuları onun haqda çox müsbət danışırlar. Düşünürəm ki, hər şey yaxşı olacaq.
– Siz Ukraynaya qayıdaraq orduda xidmət etməyə başlamışdız, amma “Neftçi”də çalışdığınız dövrdə də bəzi hadisələr baş verdi. Söhbət Kurban Berdıyevlə əl sıxmağınızdan və klubunuzun Moskva “Lokomotiv”i ilə əməkdaşlığından gedir. Bu hadisələri necə yaşadız?
– Mən həmişə ukraynalı olmuşam, indi də ukraynalıyam və həmişə də ukraynalı qalacağam. Açığı, bu barədə yazılanları oxumaq mənə çox çətin idi. Xüsusilə də məni tanıyan insanların bunu yazması. Amma bu, onların haqqıdı. Hamı özünü ağıllı hesab edir və hər şeyi bildiyini düşünür. Həyatda belə hallar olur, insan səhv edə bilər. Əsas odu ki, həmin səhvləri qəbul edib, nəticə çıxarasan. Qalan hər şey artıq tarixdi.
– Bu mövzuda klub rəhbərliyi ilə danışmısız?
– Mən kluba gələn kimi bu məsələni müzakirə etmişdim. Çünki həmin məlumatı hamı kimi mən də xəbərlərdən öyrənmişdim. Bu əməkdaşlıq uşaq akademiyasına aiddi və mən gəlməzdən xeyli əvvəl razılaşdırılmışdı. Bu, mənim işimlə heç bir əlaqəsi olmayan məsələdi. Mən uşaq akademiyasında çalışmıram və onların münasibətlərinə təsir göstərə bilmərəm. Amma sizi əmin edə bilərəm ki, mən heç yerə getmirəm və getməyəcəyəm. Mən Azərbaycanda əsas komanda ilə işləyirəm.
İSRAYIL XEYRULLAYEV