Ötən ay ilk dəfə ölkəmizin U-21 yığmasına cəlb olunan Lorentso Mezzotero indi bu komandanın, hətta bəlkə də Azərbaycan futbolunun əsas qol ümididi. Açığı, italiyalı yeniyetmənin, “qol maşını”nın U-21-ə yox, əsas yığmaya cəlb olunmasının vacibliyini iddia edənlər də var.
Lorentso ötən şənbə ilk dəfə gənclər yığmasının formasını geydi. Türkiyənin İsparta şəhərində Bəhreynin U-20 yığması ilə qarşılaşan U-21 böyükhesablı qələbə qazandı – 3:0. 32-ci dəqiqədə Qurban Səfərov hesabı açdı, 87-ci dəqiqədə Nihad Əhmədzadə fərqi artırdı. Oyunda son nöqtəni isə, bəli-bəli, Mezzotero qoydu!
Düzdü, həmin qolu vurmaq üçün xüsusi bacarıq lazım deyildi – sadəcə, qapıçıdan dönən topu boş qapıya göndərmək lazım idi ki, Lorentso da bunu etdi. Amma lazımi anda lazımi yerdə olmaq, müdafiəçilərin nəzarətindən yayınmaq da xüsusi bacarıqdı.
Belə görünür ki, Mezzoteroda həmin bacarıq var. Davamı gəlsin!
İSRAYIL XEYRULLAYEV