Azərbaycandan İslandiyaya gələn jurnalistlər Fernando Santuşun istefa verəcəyini gözləsə də, belə olmadı.
Portuqaliyalı mütəxəssis oyunsonrası mətbuat konfransına belə başladı:
- İlk yarıda top daha çox rəqibdə olsa da, yaxşı müdafiə olunduq. Əks-hücumlara bel bağlayırdıq. Ancaq rəqib topa daha çox nəzarət etdiyindən bizə belə oynamaq çətin idi.
- İslandiyadan Portuqaliyaya birbaşa təyyarə reysi varmı?
- Bilmirəm.
- Karyeranızda nə vaxtsa istefa vermisizmi?
- Yox.
- İstefa ilə bağlı düşünürsüzmü?
- Yox.
- Niyə?
- AFFA ilə müqaviləm var.
- Komanda sizin rəhbərliyiniz dövründə Millətlər Liqasında D divizonuna yollandı. Bu gün İslandiyaya biabırçı hesabla uduzduq. Doğrundamı istefaya göndərilməyi və AFFA-dan kompensasiya almağı gözləyirsiz? Özünüzə hörmət etmirsiz?
- (düşünür) Mənim AFFA ilə qüvvədə olan müqaviləm var. Burda maksimuma nail olmağa, nəticə göstərməyə çalışıram. Müqaviləmə hörmətlə yanaşıram.
- Bura məşhur məşqçi kimi gəlmişdiz. İndi həmin hörmətdən əsər-əlamət qalmayıb. Buna nə vaxta qədər dözəcəksiz?
- Buna AFFA qərar verəcək. AFFA rəhbərliyi istəyərsə, bu məsələ ilə bağlı danışa bilərik.
- Bu məğlubiyyətə görə kim cəzalanmalıdı? Ukrayna və Fransaya qarşı necə oynayacağıq?
- Futbolda baş məşqçini suçlamaq asandı. Hər kəs cəzalanmalıdı. Baş məşqçi də günahkardı, futbolçular da. Ümid edirəm ki, mən və futbolçular növbəti oyunlarda daha yaxşı nəticələrə nail olacağıq.
- AFFA sizdən istefa gözləyir?
- Niyə istefa verməliyəm ki? Mənə elə bir məşqçi göstərin ki, özü getsin. AFFA nəyisə düzgün etmədiyimi görürsə, mənlə danışmalıdı, birlikdə məsələni həll etməliyik.
MAHİR, Reykyavik
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.