“Music Gallery” “Zaqatala”dan əlini çəkdi - “Buna görə də heç bir işə başlaya bilmirik”

26.06.2025 21:56 230
Aktual / Ölkə futbolu
Azərbaycanda sponsorların uzun müddət hansısa klubu arxa durması, onu maliyyələşdirməsi çətin məsələdi. Müqavilə imzalanır, xoş niyyət açıqlanır, amma qısa müddət ərzində əməkdaşlığa son qoyulur.

1-ci liqa təmsilçisi “Zaqatala” da belə klassik şanssızlıq yaşayan klublar sırasındadı. Ötən il fevralın 12-də Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “Zaqatala” və “Music Gallery” arasında sponsorluq müqaviləsi imzalananda zaqatalalı azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Amma işbirliyi cəmi bir il davam etdi. Adı çəkilən şirkətdə rəhbər dəyişikliyindən sonra sponsorluq anlaşmasının ömrü başa çatıb.

Komandanın baş məşqçisi Rüstəm Məmmədovun fikirləri:
“Bəli, “Music Gallery”inin gələn mövsümdən olmayacağından xəbərdaram. Onlarla hansısa problem yoxdu. Mövsümün əvvəlində 6 aylıq, daha sonra yenidən 6 aylıq müqavilə bağlandı. İndi də müqavilə müddəti başa çatıb”.
Baş məşqçidən qarşıdakı mövsümlə bağlı planları da soruşduq:
“Format necə olacaq, çempionat nə vaxt başlayacaq - bəlli deyil. Futbolçular üçün yaş limiti olub-olmayacağını da bilmirik. AFFA-nın nə qədər pul ayıracağından da xəbərimiz yoxdu. Buna görə də heç bir işə başlaya bilmirik, gözləyirik”.
MÜZƏFFƏR QULUZADƏ