Bilindiyi kimi, 1-ci liqada mübarizə aparan “Zaqatala” ötən mövsümün ortalarında Futbolun İnkişaf Fondunun (FİF) yardımıyla “Music Gallery” ilə sponsorluq müqaviləsi imzaladı.
Başlanğıcda maliyyə sıxıntısı yaşayan bölgə təmsilçisinə yeni sponsorun tapılması və daha bir neçə imkan sahiblərinin komandaya dəstək göstərməsi durumu müsbətə doğru dəyişmişdi. Qısası, ən azı ötən mövsümkü sponsorlu “Zaqatala”nın maliyyə cəhətdən çempionatdakı bir neçə kluba nisbətən yaxşı vəziyyətdə olması gözə çarpır. Bəs rəhbərliyin qarşıdakı mövsüm üçün hədəfi nədi? Görəsən, sadəcə, 1-ci liqada qalmaq üçün mübarizə aparacaqlar, yoxsa daha yüksək pillələri tutmaq uğrunda addımlar atılacaq? Bu suala cavab tapmaq üçün “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədovla danışdıq:
“Hələ ki növbəti mövsümdə qarşımıza qoyulacaq hədflə bağlı dəqiq heç nə söyləmək mümkün deyil. Çünki rəhbərliyin Futbolun İnkişaf Fondu və sponsorlarla görüşü olmalıdı. Həmin görüşdə sponsorların komandaya ayıracağı büdcə bizə hansısa hədəfdən danışmağa imkan verəcək. Həmçinin AFFA-nın da növbəti mövsüm üçün 1-ci liqa klubları üçün nə qədər büdcə ayıracağı bəlli deyil. Yoxsa ayrılacaq illik 300 min manatla elə ancaq liqada qalmaq uğrunda mübarizə aparmaq mümkündü. Maliyyə durumumuz təsdiqini tapdıqdan sonra hədəflərdən rahat şəkildə danışa bilərik. Yəni bu vaxta qədər mənə konkret olaraq bildirilməyib ki, hədəfimiz budu. Hələlik kiçik büdcəli transferlərlə maraqlanırıq. Ötən mövsüm qışa qədər maliyyə cəhətdən korluq çəkdik. Lakin sonra klub rəhbərliyi ilə FİF-in sayəsində komandaya bir neçə sponsor cəlb edildi. Həmin vaxt da komandanın bir çox problemi aradan qaldırıldı. Hazırda bu yöndə yenə işlər gedir ki, daha çox iş adamı və sponsor kluba cəlb olunsun. Nəticə barədə isə məlumatım olmadığı üçün heç nə deyə bilməyəcəm”.
Gənc çalışdırıcı hazırda bir sıra futbolçularla danışıqlar apardığını da gizlətmədi:
“Əlbəttə, danışıq apardığımız futbolçular çoxdu. Sadəcə, razılıq əldə olunmadan nəsə deyə bilmərəm. Bəzilərinə artıq verə biləcəyimiz məbləğləri təklif etmişik, onlar da öz təkliflərini irəli sürüb. Sadəcə, razılaşmaq qalıb. Bu da onların öz qərarıdı”.
Fürsət düşmüşkən, klubun prezidenti Şaban Şirdanovla da qarşıdakı “futbol ili” üçün hədəflər və büdcə məsələsiylə bağlı danışdıq:
“Bu həftə ərzində maliyyə məsələsinə aydınlıq gələcək. Ki, daha sonra biz də qarşımıza hansı hədəfi qoya bilərik, ya yox - bunu dəyərləndirəcəyik. Hazırda qeyri-müəyyənlikdi. İndi bacardığımız qədər keyfiyyətli futbolçuları komandaya cəlb edirik. Lakin büdcə təsdiqlənmədiyindən konkret məqsəd qoya bilmirik. AFFA tərəfindən ayrılan büdcənin artırılmasına gəlincə, elita klubları üçün də bu deyilirdi. Lakin reallıq odu ki, artırılmadı. Başlıca hədəfimiz yaxşı komanda formalaşdırmaq, uşaq futboluna diqqəti artırmaqdı. Həm əsas komanda, həm də uşaq futbolu paralel şəkildə inkişaf etdirilməlidi. Fikirlərimizi sponsorlara çatdırmışıq. Artıq bu həftə maliyyə məsələsinə aydınlıq gələcək”.
KAMAL SƏFƏR