“Fənərbaxça”nın üzvü Brayt Osayi-Samuelin başına üzücü hadisə gəlib.
Belə ki, təcrübəli futbolçunun evi qarət olunub. Onun evindən bəzi əşyalar oğurlanıb. Olayla bağlı başqa bir məlumat və evdən nələrin oğurlandığına dair heç bir xəbər yoxdu. Maraqlıdı ki, bu xəbər Türkiyə mediasında peyda olandan sonra sosial şəbəkələrdə nigeriyalı ilə bağlı qalmaqallı bir iddia ortaya atıldı.
Həmin iddiaya görə, guya Osayi-Samuel evinə yüngül əxlaqlı qadınlar gətirirmiş və oğurluğu da məhz onlardan biri həyata keçirib. “Fanatik” nəşri bu qalmaqallı iddia ilə bağlı futbolçunun özü ilə əlaqə saxladıqda Osayi-Samuel bunları deyib:
“Həmişə olduğu kimi yenə sistematik şəkildə adım ləkələnir. Mövsüm bitəndən sonra hər kəs və hər şey haqda geniş danışacam”.
“Fənər”də bir çox futbolçu kimi 27 yaşlı Osayi-Samuel də cari mövsümü qeyri-sabit keçirdi. Mövsümboyu onun oyunundan çox müqaviləsi gündəmə gətirildi. Çünki bu oyunçunun müqavilə müddəti yayda başa çatır. Qışda onunla rəhbərlik arasında ciddi fikir ayrılığı yaşanmışdı. Çünki Osayi-Samuel məbləğin az olduğunu iddia edərək “Fənər”in yeni təklifini qəbul etmədi. Onun hətta “Qalatasaray” ilə anlaşdığı barədə qalmaqallı xəbərlər də peyda oldu. Maraqlıdı ki, o, həmin vaxt da “mövsüm bitəndən sonra hər şeyə aydınlıq gətirəcəm” açıqlamasını vermişdi.
O çətin dönəmdə Osayi-Samuelin adı bir müddət oyunların iştirak ərizəsinə düşmədi. Mətbuatda onun adının ikinci dövrə üçün iştirak ərizəsindən çıxarıldığı da iddia edildi. “Fənər” hətta müdafiənin sağ cinahına “Srvena Zvezda”dan Oqnen Mimoviçi transfer etdi. Amma sonradan Sen-Maksimenin “Napoli”yə keçidi baş tutmadığı və Osayi-Samuel rəhbərliyə “mövsümün sonuna qədər gözləyək, sonra baxarıq” deməsi üzündən legioner limitində yer açılmadı. Bu üzdən Mimoviç “Zenit”ə icarəyə verildi.
2020-ci ildən “Fənər”də olan Osayi-Samuel bu mövsüm iştirak etdiyi 37 qarşılaşmada hesabına nə qol yaza bilib, nə də məhsuldar ötürmə. Mövsümün bitməsinə cəmi 2 tur qalsa da, onun hələ də komandada qalıb-qalmayacağı bilinmir.