“Əlbəttə, gedənlər və gələnlər olacaq” – Asif Əsgərov “Qarabağ”ı gözləyən dəyişiklikləri açıqladı

10.04.2025 09:50 231
Aktual / Ölkə futbolu
Avrokubokların son mövsümündə uğursuz çıxışla yadda qalan “Qarabağ”ın heyətində ciddi dəyişikliklər gözlənilir.

“Football-plus.az” xəbər verir ki, bu barədə bəzi sayt və sosial şəbəkələrdə məlumat yayılıb. İddialara inansaq, Qurban Qurbanov Emmanuel Addai, Aleksey Kaşuk, Bəhlul Mustafazadə, Patrik Andrade və Bədavi Hüseynovun performansından narazıdı. Baş məşqçi növbəti mövsümə bu oyunçularla başlamaq niyyətində deyil. Həmçinin komandaya azı 5 yeni futbolçunun transfer edilməsi planlaşdırılır.

Maraqlıdı ki, bu informasiyanı təkzib edən həmkarlarımız da var. Daha doğrusu, onlar komandada belə genişmiqyaslı yox, cüzi dəyişikliklərin olacağını bildirir. Bəs, iddialar nə dərəcədə doğrudu? Loru dildə desək, kimə inanaq?

Mövzuyla bağlı bilgi əldə etmək üçün “köhlən atlar”ın baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bilindiyi kimi, heç vaxt ehtimallara əsaslanıb danışmıram. Reallıq nədisə, onu deyirəm. Hələ ki bu barədə konkret fikir səsləndirmək doğru olmaz. Əlbəttə, yay “transfer pəncərəsi” çərçivəsində gedənlər və gələnlər olacaq. Bu, təbii prosesdi. Komandadan ayrılanlar da olub. Onların yerini doldurmaq lazımdı. Amma indidən konkret adlar ətrafında danışmaq doğru olmaz”.
Xatırladaq ki, Ağdam təmsilçisi Avropa Liqasının 2024/25 mövsümünü 36 komanda arasında sonuncu pillədə başa vurub.

KƏNAN BAHADIR