İstanbul nəhəngləri üçün Avropa Liqasında pley-offun ilk oyunları tam fərqli alındı.
"Football-plus.az" xəbər verir ki, “Fənərbaxça”nın bir ayağı artıq 1/8 finaldadısa, “Qalatasaray”ın cavab oyununda şansları möcüzəyə bərabərdi...
Belçika təmsilçilərinə qarşı, adətən, uğurlu nəticələr əldə edən “Fənərbaxça” fanatlarını çox inamlı qələbə ilə sevindirdi. Artıq 11-ci dəqiqədə Tadiç baş zərbəsi ilə komandasını önə keçirdi. Bu qolda gənc Yusuf Akçiçək peşəkar karyerasında ilk məhsuldar ötürməsini verdi. İlk yarının ortalarında hakim əvvəlcə “Fənər”in, sonra da “Anderlext”in qapısına penalti təyin edə bilərdi. Amma o, nə topun Fredin əlinə dəydiyi epizodda, nə də Osayi-Samuelə qarşı kobudluq zamanı “nöqtə”ni göstərdi.
İstanbul nəhənginin inamlı oyunu fasilə ərəfəsində daha bir qolun vurulmasıyla nəticələndi. Cekonun ilk zərbəsini qapıçı dəf etsə də, təcrübəli forvard ikinci cəhddə soyuqqanlı şəkildə topu tora göndərdi. İkinci hissənin əvvəllərində isə hesab darmadağın həddinə çatdı. Şimanskinin asması zamanı başla fərqlənən Ən-Nəsiri son 12-ci rəsmi oyununda 15-ci qolunu vurdu. Qalan müddətdə qonaqların bütün cəhdlərinə baxmayaraq, hesab dəyişmədi. Qapıçı İrfan Can Eğribayat oyunu 5 seyvlə tamamlayaraq böyük alqış qazandı. Beləliklə, “Fənər” fevralın 20-də keçiriləcək cavab oyununa 3 topluq üstünlüklə çıxacaq.
“Qalatasaray” əsas mərhələdə səfərdə 1:1 bərabərə qaldığı “Alkmaar”la budəfəki oyuna cəzalı Sançes və Osimhensiz çıxmalı oldu. Onların yerinə yeni transferlər Kuesta ilə Morata oynadı. Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın tribunadan izlədiyi oyun əvvəldən sona qədər Türkiyə çempionu üçün çətin və uğursuz keçdi.
Artıq 12-ci dəqiqədə cərimə zərbəsini mükəmməl yerinə yetirən Meynans meydan sahiblərini önə keçirdi. Düzdü, çox keçmədən Şallai topu yaxın küncə sancaraq “sarı-qırmızılar”ın heyətində avrokuboklarda debüt oyunundaca fərqlənməyi bacardı. Amma bu, stadiona gələn və ekran başında oyunu izləyən “Qalatasaray” fanatlarını 90 dəqiqə ərzində sevindirən yeganə an oldu. Rəqibini sürətdə üstələyən “Alkmaar”ın az qala hər hücumu təhlükəli alınırdı. Amma komanda bir neçə gözəl fürsəti əldən verəndən sonra penalti qazandı. Səliqəsiz oynayan Barış Alpər Yılmaz top əvəzinə rəqibə zərbə vurunca penaltiyə səbəbkar oldu. Perrot şansı boşa vermədi.
İkinci hissə başlayan kimi qonaqlar üçün daha bir üzücü olay yaşandı. Kaan Ayhan ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoydu. Maraqlıdı ki, ötən mövsüm də məhz elə fevralda AL-in pley-offunda “Sparta” ilə səfər oyununda Kaan qırmızı vərəqə almış və daha sonra 3 top buraxan “Cim-Bom” 1:4 hesabı ilə uduzmuşdu. Bu dəfə də, demək olar, eyni ssenari yaşandı. Azlıqda qaldıqdan sonra hətta mərkəzi belə keçməkdə çətinlik çəkən və müdafiədə boşluqlar buraxmağa başlayan “Qalatasaray” qalan müddətdə daha iki top buraxdı.
Düzdü, ötənilki “Sparta” ilə oyun cavab matçı idi və komanda üçün həmin 90 dəqiqədən sonra hər şey bitmişdi (evdə 3:2-lik qələbə qeydə alınmışdı). Amma bu dəfə Okan Burukun komandasının vəziyyəti düzəltmək üçün daha bir 90 dəqiqəsi olacaq.
pley-off, ilk oyunlar
Alkmaar (Niderland) – Qalatasaray 4:1
Meynans, 12. Perrott, 37-p. Klasi, 57. Volfi, 66 – Şallai, 20.
Qalatasaray: Muslera, Kaan Ayhan, Kuesta, Əbdülkərim Bardakcı, Yelert (Metehan Baltacı, 71), Sara (Efe Akman, 90+4), Berkan Kutlu (Yusuf Dəmir, 72), Mertens (Kərəm Dəmirbay, 56), Şallai, Barış Alpər Yılmaz, Osimhen.
Fənərbaxça – Anderlext (Belçika) 3:0
Tadiç, 11. Ceko, 42. Ən-Nəsiri, 57.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 46), Şkrinyar, Yusuf Akçiçək, Kostiç, Fred, Amrabat, Şimanski, Tadiç (Mərt Hakan Yandaş, 86), Ən-Nəsiri (Cenk Tosun, 90), Ceko (Talişka, 75).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 327-ci oyundan 123-cü məğlubiyyətlə ayrıldı (116 qələbə, 88 heç-heçə, top fərqi – 449:496).
* “Qalatasaray”ın avrokuboklarda qələbəsiz seriyası 5 oyuna yüksəldi (3 heç-heçə, 2 məğlubiyyət).
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki qələbəsiz seriyası 8 oyuna yüksəldi (3 heç-heçə, 5 məğlubiyyət). Son səfər qələbəsi 2023-ün oktyabrında ÇL-in qrupunda “Mançester Yunayted” üzərində əldə olunub (3:2).
* “Qalatasaray” Niderland təmsilçilərinə qarşı səfərdə keçirdiyi 7-ci oyunda da qələbəyə həsrət qaldı (1 heç-heçə, 6 məğlubiyyət)!
* “Qalatasaray” avrokuboklarda ardıcıl 21-ci (!) qarşılaşmada qapısını toxunulımaz saxlaya bilmədi. Komanda bu 21 oyunda ümumilikdə 46 top buraxıb. İstanbul nəhəngi Avropa səhnəsində son “quru” oyununu 2023-ün avqustunda ÇL-in 3-cü təsnifat mərhələsində evdə “Olimpiya”ya qarşı keçirib (1:0).
* “Alkmaar” Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 9-cu oyunda da məğlub olmadı (5 heç-heçə, 4 məğlubiyyət)!
* “Fənərbaxça” avrokuboklarda 283-cü oyunda 112-ci qələbəsini qazandı (60 heç-heçə, 111 məğlubiyyət, top fərqi - 386:402).
* “Fənərbaxça” Belçika klublarına qarşı keçirdiyi 12-ci oyunda 7-ci qələbəsini qazandı (3 heç-heçə, 2 məğlubiyyət). “Fənər” avrokuboklarda Belçika klublarından daha çox yalnız Niderland klublarını məğlub edib (9 dəfə).
* Mourinyo məşqçi karyerasında Belçika klublarına qarşı keçirdiyi 5 oyununun hamısından qələbə ilə ayrılıb.
* “Anderlext”lə oyunun gedişində “Fənərbaxça”da iki dəfə rekord göstərici dəyişdi. Əvvəlcə Tadiç 36 yaş 85 günlüyündə fərqlənməklə klub tarixində avrokubokların pley-offunda, yəni qrupdan sonrakı mərhələlərdə qol vuran ən yaşlı futbolçuya çevrildi. Çox keçmədən 38 yaş 333 günlüyündə fərqlənən Ceko bu göstəricidə Tadiçi geridə qoyaraq klub tarixinə düşdü.
Oyundan sonra
Maarten Martens, “Alkmaar”ın baş məşqçisi: