Liderlər qrupunda minimalhesablı qələbələr - İCMAL

26.10.2024 16:29 260
Dünya futbolu
A seriyasının 8-ci turuna ilk üç sırada başlayan komandalar minimalhesablı qələbə qazandılar. Nəticədə “Napoli” liderliyini, “İnter” 2-ci, “Yuventus” isə 3-cü yerdəki mövqeyini qorudu.

Əslində “Napoli”nin Empolidəki matçda büdrəmək ehtimalı çox idi. Antonio Kontenin çalışdırdığı komanda ilk hissədə sönük və əsəbi təsir bağışlaldı. Yalnız fasilədən sonra fəallaşan neapollular Kvaratsxeliyanın penalti ilə vurduğu yeganə qolla xal itkisindən qaça bildilər.

Turun Romada keçirilən mərkəzi oyunu “İnter” üçün uğurlu alındı. Son çempion rəqibindən üstün oynadığı ilk hissədə Çalhanoğlu ilə Açerbini zədə səbəbindən itirdi. Buna baxmayaraq, fasilədən sonra da hücumları davam etdirən milanlılar Lautaro Martinesin qolu ilə hesabı açdılar. İkinci hissədə Zommerin bir neçə dəfə komandasını xilas etdiyini də bildirək. Simone İnzaqinin komandası çətin qələbə sayəsində 3 xal geridə olduğu liderin əsas izləyicisi kimi qaldı.

“Yuventus” öz meydanında “Kalyari” ilə keçirdiyi əvvəlki matçda qələbəni son dəqiqələrdə əldən vermişdi. Tyaqo Mottanın komandası bu dəfə evdə “Latsio”nu final fitindən az əvvəl vurulan qolla məğlub etdi. Qonaqlar qapıçı ilə təkbətək qalan Kaluluya qarşı kobudluğuna görə 24-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan müdafiəçi Romanyoli üzündən bir saatdan artıq müddətdə azlıqda mübarizə apardılar. Turinlilərin aramsız hücumları isə sonda Xilanın avtoqolu ilə nəticələndi.

“Milan” da “Latsio” kimi uzun müddət on nəfərlə oynadı. “Udineze” ilə ev oyununda Çukvuezenin hesabı açmasından 16 dəqiqə sonra Reynders rəqibə qarşı sonuncu ümid foluna əl ataraq komandasını çətinə saldı. Vitse-çempion qələbə hesabını qorumaqla 6-cı yerdən 4-ə yüksəldi.

8-ci tur
Cenoa – Bolonya 2:2

Pinamonti, 73; 85 – Orsolini, 37. Odqor, 56. (30952)
Bolonya: Ravalya, Miranda, Kazale, Beukema, Poş, Moro, Fröyler, Dominges (Karlsson, 63), Odqor (Dallinqa, 76), Orsolini (Holm, 90), Kastro (Fabbian, 76).

Milan – Udineze 1:0
Çukvueze, 13. (71214)
Milan: Menyan, F.Terraçano, Pavloviç, Tiav, Emerson, Fofana, Reynders, Okafor (Musa, 46), Pulişiç, Çukvueze (Tomori, 88), Morata (Abraham, 73/Loftus-Çik, 78).

Yuventus – Latsio 1:0
Xila, 85-öz qapısına. (40800)
Yuventus: Di Qreqorio, Kabal, Qatti, Kalulu, Savona (Facoli, 54), K.Türam (Aciç, 73), Lokatelli (Vea, 54), Duqlas Luis, Kambyaso, Yıldız, D.Vlahoviç.
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 78), Romanyoli, Xila, Maruşiç, Rovella, Genduzi (Vesino, 67), Zakkanyi (Kastrovilli, 67), Dia (Patrik, 27), İsaksen (Pedro, 67), Kastelyanos.

Empoli Napoli 0:1
Kvaratsxeliya, 63-p. (15164)
Napoli: Kaprile, Spinatsola (Olivera, 59), Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Gilmor, Zambo Angissa, Kvaratsxeliya (Neres, 76), Politano (Matsokki, 86), Lukaku (Simeone, 59).

Venetsiya Atalanta 0:2
Paşaliç, 7. Retegi, 47. (11979)
Atalanta: Karnesekki, Cimşiti, Hin (Rucceri, 46), De Roon, Zappakosta, Ederson (Sulemana, 75), Paşaliç, Bellanova, De Ketelare (Samarciç, 68), Retegi (Zanyolo, 68), Lukman (Kuadrado, 46).

Leççe – Fiorentina 0:6
Kataldi, 20; 45. Kolpani, 34; 54. Beltran, 61. Parizi, 72. (25124)
Fiorentina: De Xea, Qosens (Parizi, 66), Ranyeri, Komutso, Dodo, Adli (Sottil, 57), Kataldi, Bove (Riçardson, 57), Qudmundsson (Beltran, 9), Kolpani, Ken (Kuame, 46).

Roma – İnter 0:1
Lautaro Martines, 60. (64199)
Roma: Svilar, Anxelinyo (Sule, 79), Ndika, Mançini, Zalevski (Baldantsi, 72), Kristante (Le Fe, 79), Çelik, Kone (Pizilli, 53), Lorentso Pelleqrini, Dibala (Ermoso, 79), Dovbik.
İnter: Zommer, Dimarko, Açerbi (De Vrey, 27), Pavar, A.Bastoni (Bissek, 71), Darmian (Dyumfris, 71), Barella, Çalhanoğlu (Frattezi, 12), Mxitaryan, Lautaro Martines (Korrea, 72), M.Türam.

Komo – Parma 1:1
Pas, 45 – Bonni, 20. (10114)

Kalyari – Torino 3:2
Viola, 38. Palomino, 74. Koko, 78-öz qapısına – Sanabriya, 41. Linettı, 55. (16265)

Verona – Montsa 0:3
Mota, 9; 74. Byanko, 79.

1. Napoli 8 6 1 1 15-5 19
2. İnter 8 5 2 1 17-9 17
3. Yuventus 8 4 4 0 11-1 16
4. Milan 8 4 2 2 16-9 14
5. Fiorentina 8 3 4 1 15-8 13
6. Atalanta 8 4 1 3 18-13 13
7. Latsio 8 4 1 3 14-12 13
8. Udineze 8 4 1 3 10-11 13
9. Torino 8 3 2 3 14-14 11
10. Empoli 8 2 4 2 6-5 10
11. Roma 8 2 4 2 8-6 10
12. Bolonya 8 1 6 1 9-11 9
13. Verona 8 3 0 5 12-15 9
14. Komo 8 2 3 3 11-15 9
15. Kalyari 8 2 3 3 8-13 9
16. Montsa 8 1 4 3 8-9 7
17. Parma 8 1 4 3 11-13 7
18. Cenoa 8 1 3 4 7-17 6
19. Leççe 8 1 2 5 3-18 5
20. Venetsiya 8 1 1 6 5-14 4

Bombardirlər: Retegi (Atalanta) - 8, M.Türam (İnter) - 7, D.Vlahoviç (Yuventus), Pulişiç (Milan) - 5.

Növbəti turun oyunları oktyabrın 25-27-si aralığında keçiriləcək: Udineze – Kalyari, Torino – Komo, Napoli – Leççe, Bolonya – Milan, Atalanta – Verona, Parma - Empoli, Latsio – Cenoa, Montsa – Venetsiya, İnter - Yuventus, Fiorentina – Roma.

Turun rəqəmi
7 - Çukvueze “Udineze”nin qapısına Pulişiçin ötürməsi ilə yol tapdı. “Milan”ın amerikalı oyunçusu cari mövsümdə ardıcıl 7 oyunda məhsuldar fəaliyyəti ilə yadda qaldı. Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsüm qitənin 5 aparıcı liqasında belə seriyaya malik olan ilk futbolçudu. Pulişiç məhsuldarlıq seriyası çərçivəsində “qol+ötürmə” sistemi üzrə 8 (5+3) xal toplayıb.

Turun ulduzu
Andrea Kompani (Fiorentina) - o, “Leççe” ilə matçda komandasının 6:0 hesablı qələbəsində 2 qol və 1 məhsuldar ötürmə ilə pay sahibi oldu. 25 yaşlı yarımmüdafiəçi bu mövsüm A seriyasında qol hesabını məhz Leççedə açdı.

Turun sitatı
Ancelo Fabiani, “Latsio”nun direktoru:
“Futbol qiymətləndirmədə vahid prinsipi tələb edir. Duqlas Luis qol epizodundan əvvəl Patriki yumruğu ilə vurdu, amma VAR buna müdaxilə etmədi. Həmin Duqlas ayağı ilə Rovellaya qarşı təhlükəli oynasa da, VAR buna da susdu. Amma Romanyolinin Kaluluya qarşı hərəkətinə dərhal reaksiya verdi. Hakimin bu epizodu görmək imkanı yox idi. Matçı əla idarə edən referinin heç bir səhvi olmadı. Epizodun dəyərləndiriməsi üçün bir dəqiqə vaxtı olan VAR otağı Duqlasın hərəkətinə məhəl qoymadı, amma “Fiorentina” ilə matçda bzim qapımıza penalti təyin etdirdi. O otaqda oturanlar bu epizodları izah etməlidilər. Mən transfer əməliyyatlarında səhv etsəm, prezident məni işdən qovar. VAR otağındakıları işdən kənarlaşdırmaq lazımdı. Bunları futbol naminə deyirəm. “Latsio” bu zərbədən sonra da ayağa qalxacaq, qələbə münasibətilə təbrik etdiyim “Yuventus”un isə belə köməyə ehtiyacı yoxdu”.