Avropada çıxış edən superulduzların Səudiyyə Ərəbistanına yollanmasıyla bağlı trendin əsasını Kriştiano Ronaldo qoydu.
Onun “Əl-Nəssr”ə transferindən sonra ajiotaj başladı – az qala hər gün bu və ya başqa top səviyyəli oyunçunu adı çəkilən ölkə ilə bağlayan şayiələr peyda olur. Ronaldo tər tökür və çalışır, ancaq yalnız fərdi mükafatlar alır. Neymar isə Yaxın Şərqdə cəmi 5 oyun keçirdi, dizinin xaçvarı bağlarını qırdı, diz qapağını zədələdi və artıq bir ildi bərpa olunur. Əvəzində çempionluğa görə nəzərdə tutulan medalı aldı.
“Əl-Hilal” Neymarsız da bütün mümkün titulları qazandı. Düzdü, futbol ictimaiyyəti onun klubuna görə yox, yığmaya görə narahat idi. Hər halda, Neymar Braziliya yığmasının tarixinin bombardiridi (bəli, artıq Peleni arxada qoyub) və 2024-cü ildə keçirilən Amerika Kubokunda aparıcı oyunçu olmağa borclu idi. Qismət deyilmiş.
Yığmanın həkimləri dedilər ki, Neymar ciddi şəkildə bərpa prosesi ilə məşğul olmalıdı. Məhz bu üzdən hücumçu yaydakı turniri buraxdı. Bəzən futbolçular belə zədələrdən sonra yarım il ərzində yaşıl meydana dönə bilir. Ancaq indi həkimlər onun tam bərpa olunmasında israrlıdı ki, residiv yaranması ehtimalı aşağı düşsün. Məsələn, Qavi elə həmin “xaçvari” və diz qapağı zədəsinə görə bir il sonra qayıdacaq, 27 yaşlı istedad Bernal üçün də həkimlər eyni müddəti müəyyənləşdirib. 32 yaşlı Neymar da göstərilən zaman kəsiyinə uymağa məcburdu.
O, sonuncu dəfə 2023-cü ilin oktyabrında meydana çıxıb. Son xəbərlərə inansaq, bərpa prosesi planauyğun gedir – həkimlərin meydana çıxmasına icazə verməsi üçün Neymara daha iki ay lazımdı.
Artıq çəki, kruiz layneri, transfer söz-söhbəti
Neymar artıq bir ildi Səudiyyə Ərəbistanında olsa da, “Əl-Hilal”ın heyətinə cəmi 5 oyun keçirə bilib – üçünü çempionatda, ikisini isə Asiya Çempionlar Liqasında. Bu oyunlarda 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Ancaq sonra faciə baş verdi: braziliyalı ulduz yığmanın Uruqvayla oyununda müasir futboldakı ən qorxunc zədələrdən biri ilə üzləşdi – diz qapağı zədələnməklə xaçvari bağların qırılması. Futbolçu dərhal əməliyyat olundu. Yuxarıda da vurğuladığımız kimi, yığmanın həkimləri Neymara dönüşü tezləşdirməməyi məsləhət gördü.
Neymarın haqqını vermək lazımdı - əməliyyatdan sonra müntəzəm bərpa prosesi ilə bağlı videolar yerləşdirir. Həmin çarxlarda həkimlər onun ayağını qatlayır, futbolçu ağrıdan qışqırır. Görünür, bu da müalicəvi bədən tərbiyəsinin bir formasıdı.
Bir neçə qorxunc çarxın ardından Neymar hansısa müddətə informasiya məkanından çəkildi. Ancaq heç də uzun müddətə yox – artıq qışın əvvəlində adı qalmaqala qarışdı. İnternetə “OnlyFans”dan olan modellə yazışmaları sıçrayan kimi braziliyalı sevgilisi Bruno Byankardi ilə vidalaşdı. Düzdü, ötən yay mediada başqa bir tarixçə də yer almşdı: guya Byankardi Neymarın xəyanət etməsinə icazə verib, ancaq müəyyən şərtlər daxilində. Görünür, yazışma onlar arasındakı anlaşmaya daxil deyilmiş.
Artıq güman etdiyiniz kimi, Neymar bütün bu müddət ərzində Braziliyada olub. Vaxt itirmək istəməyən futbolçu nəhəng əməkhaqqını şəxsi biznesinə qoymağa qərar verib. Braziliyalı San-Paulu – Rio-de-Janeyro – San-Paulu marşrutu üzrə kruiz laynerini dövriyyəyə buraxıb. Belə səyahət arzulayanlar üçün 1000-6000 min avroya başa gəlib. Neymar belə “təvazökar” məbləğ qarşılığında ardı-arası kəsilməyən əyləncə - gecə məclisi, kazino, şəxsi görüşlər təklif edib.
Bir ay sonra Neymar yenidən Braziliya mediasını silkələyib. Bu dəfə əfsanəvi Romarionun doğum gününə həsr olunan mərasimdə görünməklə. Tədbirdən çəkilən fotolarda o, qətiyyən futbolçuya oxşamır – sifəti yumrulanıb, köynəyinin altında qarnının şişdiyi də görünür.
Təbii ki, Neymar bu müddətdə “Əl-Hilal”la əlaqəni də kəsməyib. Düzdü, onun Romarionun mərasimindən çəkilən şəkilləri fanatların təəccüblü reaksiyası ilə müşayiət olunub – onlara elə gəlib ki, futbolçu həqiqətən də artıq çəki yığıb. Neymar isə cavabında video yayaraq sübut etməyə çalışıb ki, “paxlavalar” yerindədi (hərçənd belə deyil).
Daha bir maraqlı epizod var. İlin əvvəlində Dani Alves işi hər kəsi məşğul etdi. “Barselona”nın sabiq oyunçusu seksual zorakılığa görə 4,5 il müddətinə həbs olundu. Onda şayiələr gəzirdi ki, Neymar hələ də Alveslə təmasları davam etdirən nadir futbolçulardan biridi, sonra isə belə informasiya yayıldı ki, “Əl-Hilal”ın oyunçusu (və ya onun atası) Daninin azadlığa çıxması üçün bir milyon avro girov qoyub. Neymar bildirdi ki, bu iş mənlik deyil. Nəticədə media belə fikrə gəldi ki, həmin pulu Braziliyanın hansısa jurnalı ayırıb.
Bu ilin aprelində Neymar yenidən Braziliyada diqqət mərkəzinə düşdü – doğma “Santos”un oyununu stadiondan izləməklə. Onda Braziliyadakı qaynaqlardan biri futbolçunun paltardəyişmə otağına baş çəkməsi, hətta oyunçulara tezliklə qayıdacağını deməsi haqda xəbər yaydı.
Yeri gəlmişkən, transferlər haqda. Ötən bir ildə Neymarın adı dəfələrlə dönüş və keçid xəbərlərində hallanıb – gah “Barselona”nın onu icarəyə götürəcəyi deyilib, gah da tezliklə “İnter Mayami” ilə müqaviləyə imza atacağı. Və “Santos”a dönüşünü istisna etməyənlər də olub.
Neymar bu müddətdə Amerikaya baş çəkməyə də imkan tapıb, özü də məhz Mayamiyə. Orda “Mayami Marlins” beysbol klubunun oyununu izləyib (rəmzi ilk atışı da edib), ardından Devid Bekhemlə şam yeməyinə qatılıb. Neymarın dostlarının da heyətində olduğu klubun bossu braziliyalı ilə birgə fotosunu sosial şəbəkə hesabına qoyaraq belə yazıb: “Xoş gəlmisən (yalnız şam yeməyinə), mənim dostum”. Neymar isə cavabında belə yazıb: “Sağ ol, boss”.
“İnter Mayami”yə mümkün keçidlə bağlı şayiələrin səbəbkarı Neymar özüdü: bir dəfə belə paylaşım etmişdi ki, Suareslə Messi ona Amerikadakı həyat barədə çox danışıblar. “Barsa”ya keçidlə bağlı xəbərlər də boşuna yayılmayıb – orda futbolçunun oğlu yaşayır, yəqin ki, Neymar onunla daha tez-tez görüşmək istəyərdi.
Neymarın hər oyunu “Əl-Hilal”a neçəyə başa gəlir?
“Əl-Hilal” superulduzla müqavilə bağlamaqla imicini çox yaxşılaşdırsa da, idman baxımından ondan heç nə qazanmayıb. Bu klub bir il əvvəl PSJ-yə 90 milyon avro ödəyib, braziliyalının özünə isə ilə 100 milyon avro maaş nəzərdə tutan ikillik müqavilə təklif edib. Belə çıxır ki, Neymarın hər oyunu Səudiyyə Ərəbistanı klubuna 33,3 milyon avroya başa gəlib. Sadəcə, ağlasığmazdı!
Avropaya köçəndən sonra Neymarın maaşı
illər klub maaş
2013-15 Barselona 11*
2015-16 Barselona 17
2016-17 Barselona 28,6
2017-20 PSJ 43,3
2020-23 PSJ 56,4
2023-24 Əl-Hilal 100
* - ildə milyon avro ilə.
“Capology” adlı populyar qaynaqda Neymarın müqaviləsi “təsdiqlənib” xanasında yerləşdirilib, yəni bu rəqəmlərə inanmaq olar. Braziliyalı son bir ildə artıq 100 milyon avro qazanıb. Hərçənd belə təəssürat yaranır ki, o, bu müddətdə Braziliyada daha çox olub, nəinki klubun bazasında.
Çətin ki, Neymar yaxın vaxtlarda klubunu dəyişə - sadəcə, ona artıq indiki şərtlərə yaxın düşən müqavilə təklif edən olmayacaq. Braziliyalının müqavilə müddəti 2025-ci ilin yayında bitəcək. Onda son vaxtlar futbolu arxa plana keçirən futbolçu üçün kiminsə belə çox pul xərcləməyə hazır olub-olmadığını görəcəyik.
Bəlkə də qışda nəsə dəyişəcək – onda Neymarın müqavilə müddətinin bitməsinə yarım il qalacaq, ABŞ və Braziliyada isə mövsümlərarası dövr başlayacaq. Ola bilər ki, kimsə onu şirnikləndirsin. Belə ümid var ki, əfsanəvi MSN “üçlüy”ünü “İnter Mayami”də görək. Hərçənd Neymarın “Santos”a dönüşü də gözəl tarixçə olardı.
"Football-plus.az"