Superliqada 2-ci tur Konyada start götürdü.
“Qalatasaray” ötən mövsüm son turda məhz bu şəhərdə qazandığı 3:1-lik qələbə sayəsidə çempionluğu rəsmiləşdirmişdi. Okan Burukun komandası üçün Konya səfəri yenə uğurlu alındı. İlk hissə Kərəm Aktürkoğlu və Oğulcan Ülgünün qarşılıqlı qolları nəticəsində bərabərliklə yekunlaşdı. Amma 1 saat tamamlanmaq üzrə olarkən Barış Alpər Yılmaz yekun nəticəni müəyyənləşdirərək “Qalatasaray”ın qələbə qolunu vurdu.
Maraqlıdı ki, Barış indiyə qədər superliqada 11 qoldan 8-ni səfər oyunlarında vurub. Kərəmin qolunda hesabına məhsuldar ötürmə yazan İkardi bu görüşdə də fərqləndi. Amma VAR-ın müdaxiləsindən sonra hücumun əvvəlində qayda pozuntusu qeydə alındı. Beləliklə, “Qalatasaray” Okan Burukun dönəmində superliqada ilk dəfə mövsümə 2 qələbə ilə başladı. Komanda ötən mövsüm 1-ci, 2022/23-də isə 2-ci turda xal itirmişdi.
Şənbə gününün ilk matçında “Kayserispor” evdə “Sivasspor”la oyunda hesabı açsa da, sonda heç 1 xal da qazana bilmədi. Maddi problemlər içində boğulan və transfer cəzası üzündən heyətini gücləndirə bilməyən “Kayserispor”da oyundan sonra başqan Əli Çamlı istefa verdi! İlk turda Kadıköydə “Fənərbaxça”dan cəmi 1 qol buraxan “Adana Dəmirspor” bu dəfə evdə “Çaykur Rizəspor”a uduzdu.
“Fənərbaxça” bu tur İzmirə səfər etmişdi. Bolqarıstanlı Stanimir Stoilovun çalışdırdığı debütant “Göztəpə” “Fənər”i büdətməklə turun ən böyük sürprizinə imza atdı. Halbuki İstanbul nəhəngi fasiləyə iki topluq üstünlüklə yollanmışdı. Əsas vaxta əlavə olunan anlarda əvvəlcə Ceko penaltidən fərqləndisə, çox keçmədən Ən-Nəsiri effektli baş zərbəsilə superliqada qol hesabını açdı. Fasilədən dərhal sonra böyük qalmaqal qopdu. Əli Koç “Fənər” fanatlarının yer aldığı tribunaya baş çəkəndən sonra meydanın kənarı ilə VİP-lojaya qayıtmaq istəyərkən stadionun nəzarətçilərindən biri onu arxadan möhkəm şəkildə itələdi! Yerə yıxılan Koç daha sonra mühafizəçilərin köməyi ilə ayağa qalxaraq öz yerinə keçdi. Onu itələyən şəxsin daha öncə bir sıra qalmaqallarda iştirak etmiş Fatih Özkan olduğu üzə çıxdı. Koçun şikayətindən sonra hələ ki ona ev həbsi cəzası verilib.
Görünür, bu olay “Fənər”lilərə çox pis təsir etdi. 68-ci dəqiqədə sabiq “Qalatasaray”lı Koray Güntər künc zərbəsi zamanı başla fərqlənərək fərqi minimuma endirdi. Əsas vaxta əlavə olunan 5-ci dəqiqədə isə Romulo topu Livakoviçin çata bilmədiyi küncə göndərməklə “Fənər”lilərə əsl şok yaşatdı. Beləliklə, “Fənərbaxça” ötən mövsüm İsmayıl Kartalın dönəmində ilk xal itkisi ilə yalnız 11-ci turda üzləşmişdisə, Mourinyonun dönəmində artıq 2-ci turda xal itirdi. Maraqlıdı ki, “sarı-lacivərdlilər” çempionatda “Göztəpə”yə qarşı son 12 səfər matçının yalnız 2-də qalib gəliblər (7 heç-heçə, 3 məğlubiyyət). “Fənər”in superliqadakı məğlubiyyətsizlik seriyasının 29 oyuna yüksəldiyini də bildirək.
Bazar günü daha 3 oyun keçirildi. “Samsunspor” Antepdə cəmi 1 qol vursa da, bu qol 3 xal üçün kifayət etdi. “İstanbul BŞ” “Alanyaspor”la oyunda necə deyərlər, o dünyanı görüb qayıtdı. Matçın gedişində məğlub duruma düşən və 89-cu dəqiqəyə bərabərliklə daxil olan Çağdaş Atanın komandası son anlarda rəqibin müqavimətini qırmağı bacardı. “Beşiktaş” son illərdə özü üçün ən uğursuz rəqib olan “Antalyaspor”u qəbul etdi. Təkcə bir faktı vurğulayaq ki, “Qartal” son 6 mövsümün heç birində evdə bu rəqibi məğlub edə bilməmişdi (3 heç-heçə, 3 məğlubiyyət).
Aleks de Souzanın çalışdırdığı Antalya təmsilçisi bu dəfə də iddiasını ortaya qoyaraq artıq 23-cü saniyədə fərqləndi! Amma “ağ-qaralar” bu şokdan erkən ayıldılar. İmmobile 10 dəqiqə aralığında əvvəlcə Raşitsanın, sonra da Semih Kılıçsoyun ötürməsini qola çevirərək fanatlara böyük sevinc yaşatdı. Fasiləyə qədər meydan sahiblərinin daha bir qolu qeydə alınmadısa, bir epizodda Rafa Silva qapıçı ilə təkbətəkdən yararlana bilmədi. “Antalyaspor” gözlənilmədən 2-ci hissəyə də erkən qolla başladı. Yenə Samudio “Beşiktaş”a qənim kəsildi. Amma “Qartal”ın cavabı bu dəfə də gecikmədi. Rafa Silva ilk yarıdakı səhvi bu dəfə təkrarlamadı və qapıçı ilə dueldən qalib ayrıldı. Qalan müddətdə qonaqların artıq sürprizə gücü çatmadı. Çünki Aleksin komandası həm də 63-cü dəqiqədən etibarən Güray Vuralın qırmızı vərəqə alması ilə azlıqda oynamalı oldu. Yekun nəticəni isə Rafa Silvanın transferindən sonra kölgəyə çəkilən və hətta komandadan ayrılması gündəmə gələn albaniyalı Muçi müəyyənləşdirdi. 2-ci turu da zirvədə tamamlayan “Beşiktaş” hələ ki mövsümə ən yaxşı hazırlaşan komanda təsiri bağışlayır. Covanni van Bronkhorst Nevio Skala (2000/01) və Slaven Biliçin (2013/14) ardından XXI əsrdə “Beşiktaş”ın başında ilk iki superliqa matçından qələbə ilə ayrılan 3-cü əcnəbi mütəxəssis oldu.
2-ci tur
Konyaspor – Qalatasaray 1:2
Oğulcan Ülgün, 45 – Kərəm Aktürkoğlu, 41. Barış Alpər Yılmaz, 59.
Qalatasaray: Muslera, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Nelsson, Dyubua, Torreyra, Sara (Kərəm Dəmirbay, 66), Barış Alpər Yılmaz (Yunus Akgün, 90), Mertens (Batşuayi, 83), Kərəm Aktürkoğlu (Yelert, 84), İkardi.
Göztəpə - Fənərbaxça 2:2
Koray Güntər, 68. Romulo, 90+5 – Ceko, 45+3-p. Ən-Nəsiri, 45+7.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 74), Bekao, Çağlar Söyüncü, Oostervolde, İsmayıl Yüksək, Şimanski, Tadiç (KruniçŞ 87), Sent-Maksimin (Fərdi Kadıoğlu, 73), Ceko, Ən-Nəsiri (Cenk Tosun, 88).
Beşiktaş – Antalyaspor 4:2
İmmobile, 13; 23. Rafa Silva, 56. Muçi, 90+5 – Samudio, 1; 51.
Beşiktaş: Mərt Günok, Svensson, Kolli, Paulista, Əmirhan Topçu (Masuaku, 67), Əl-Musrati, Fernandeş, Raşitsa, Rafa Silva (Muçi, 88), Semih Kılıçsoy (Ndur, 67), İmmobile (Mustafa Həkimoğlu, 83).
İstanbul BŞ – Alanyaspor 4:2
Pyontek, 17. Fiqeyredo, 53. Dəniz Türüc, 90. Sərdar Gürlər, 90+5 – Kordova, 26. Balkovets, 45+3.
İstanbul BŞ: Muhammed Şengəzər, Duarte, Ba (Həmzə Gürələr, 65), Opoku, Ömər Əli Şahinər, Onur Ərgün (Berat Özdəmir, 60), Berkay Özcan, Dəniz Türüc, Davidson (Sərdar Gürlər, 65), Fiqeyredo (Keni, 80), Pyontek (Pelkas, 80).
Kayserispor – Sivasspor 1:2
Kardoso, 14 – Radakoviç, 17; 50.
Adana Dəmirspor – Çaykur Rizəspor 1:2
Yusuf Barasi, 90+8-p. – Alikulov, 41. Sou, 74.
Qaziantep – Samsunspor 0:1
Holse, 5.
Eyüpspor – Bodrum 4:1
Bruno, 46. Tiam, 55. Sais, 86. Akbunar, 90+5 – Dimutrov, 30.
Hatayspor – Kasımpaşa 1:1
Fernandeş, 21 – Da Kosta, 90+1.
1. Beşiktaş 2 2 0 0 6-2 6
2. Qalatasaray 2 2 0 0 4-2 6
3. Eyüpspor 2 1 1 0 5-2 4
4. İstanbul BŞ 2 1 1 0 5-3 4
5. Çaykur Rizəspor 2 1 1 0 3-2 4
6. Fənərbaxça 2 1 1 0 3-2 4
7. Sivasspor 2 1 1 0 2-1 4
8. Konyaspor 2 1 0 1 4-4 3
9. Qaziantep 2 1 0 1 1-1 3
10. Samsunspor 2 1 0 1 1-2 3
11. Göztəpə 2 0 2 0 2-2 2
12. Trabzonspor 1 0 1 0 0-0 1
13. Kasımpaşa 2 0 1 1 3-4 1
14. Hatayspor 2 0 1 1 2-3 1
15. Alanyaspor 2 0 1 1 2-4 1
16. Antalyaspor 2 0 1 1 2-4 1
17. Kayserispor 1 0 0 1 1-2 0
18. Adana Dəmirspor 2 0 0 2 1-3 0
19. Bodrum 2 0 0 2 1-5 0
Növbəti turun oyunları avqustun 23-25-i aralığında keçiriləcək: Alanyaspor – Göztəpə, Antalyaspor – Hatayspor, Bodrum – Konyaspor, Çaykur Rizespor – Fənərbaxça, Kasımpaşa – Adana Dəmirspor, Sivasspor – Eyüpspor.
“Samsunspor” – “İstanbul BŞ”, “Trabzonspor” – “Kayserispor” oyunları sentyabrın 18-də, “Qalatasaray” – “Qaziantep” oyunu sentyabrın 25-də keçiriləcək.
Turun rəqəmi
100 – Okan Buruk bu tur “Qalatasaray”ın baş məşqçisi qismində yubiley – 100-cü rəsmi oyununu keçirdi. “Cim-Bom” bu 100 oyundan 77 qələbə, 10 heç-heçə, 13 məğlubiyyətlə ayrılıb (top fərqi – 230:94). Komanda indiyə qədər bu məşqçi ilə ikisi çempionluq, biri superkubok olmaqla üç titul qazanıb.
Turun ulduzu
Çiro İmmobile (Beşiktaş) – “Beşiktaş”ın yeni transferləri sanki qanad açıb uçur. Ötən tur Rafa Silvaya üstünlük vermişdiksə, bu dəfə İmmobileni turun ulduzu adına layiq görürük. Ünlü italiyalı forvard superliqada debüt oyununda qol vura bilməmişdisə, bu dəfə ilk 23 dəqiqəyə dubl etdi. İmmobile superkubokda “Qalatasaray”a da 2 qol vurmuşdu. Onun indiyə qədər Türkiyə karyerasında “çərçivə”yə vurduğu 4 zərbənin hamısı qolla nəticələnib! Rafa Silva da ilk 3 rəsmi oyunda 4 qolun vurulmasında yaxından iştirak edib (3+1).
Turun sitatı
Sərtaç Komsuoğlu, “Fənərbaxça”nın yönəticisi: