Xeops ehramı, Babilin asma bağları, Zevsin heykəli, Artemida məbədi, Rodoslu Koloss heykəli, İsgəndəriyyə mayakı, Yunanıstan mavzoleyi və ...“Qarabağ”ın ÇL-in qrupuna yüksəlməsi...
Bəli-bəli, “köhlən atlar” avqustun 28-də “Dinamo”nu mübarizədən kənarlaşdırsa, möcüzələr siyahısı yuxarıdakı kimi yenilənəcək. Qınamayın məni, son ümid yerimiz başqası deyil. Zaqrebdə darmadağın olan “Qarabağ”ın “doğma divarlar” arasında növbəti tarixi uğura imza atması çətindimi? Çox! İmkansızdımı? Yox!
Əlbəttə, 0:3-ün səbəbləri aradan qalxsa, “köhlən atlar”a ümid bəsləmək axmaqlıq deyil. “Dinamo”nun qələbəsini şərtləndirən əsas məsələlərlə tanışıq: “Qarabağ”ın müdafiə xəttindəki boşluqlar, hücumlarda bitiriciliyin və psixoloji hazırlığın minimum səviyyəsi, rəqibin təcrübəsi və azarkeş təzyiqi.
Sözsüz, Veşoviçlə Yankoviçin yoxluğu ifrat dərəcədə hiss olundu. Arxa xəttin digər əsas fiqurları var gücüylə döyüşsə də, nə maddi cəhətdən “Qarabağ”dan baha olan Baturina çəkindi, nə də qolların müəllifləri - Sandro Kulenoviçlə Marko Pyatsa. Bu azmış kimi, Romao da cəzalı durumdadı. Cavab oyununda azı Yankoviçin meydanda olması çox vacibdi.
Qurban Qurbanovun da dediyi kimi, heyətdə ÇL-in pley-offunda ilk dəfə oynayan futbolçular var idi. Bu, özü-özlüyündə üstünlük qazandırmayan cəhətdi. Qol silahı Juninyonun belə özü kimi olmamasının əsas səbəbi psixologiyanın qara üzü idi.
Rəqibin təcrübəsinə gəlincə, burda məhz statistikalardan söhbət gedir. Həmin rəqəmlər ki, “Qarabağ” rəqibindən vurulan qol sayından başqa bütün cəhətlərdə üstündü. “Dinamo”nun ustalığı da məhz budu: minimum fürsətdən maksimum yararlanmaq və nəticəni təmin etmək. Ciddi azarkeş təzyiqi də öz yerində. Bəlkə də “Qarabağ” cavab qolları vursa, tərəfdarların canfəşanlığı həmin səviyyədə olmayacaqdı. Hər qol onların gücünə güc qatdı. Əvvəldən sonacan yorulmaq bilmədilər.
İndi sadalanan amilləri “Tofiq Bəhramov”da xeyrimizə dəyişmək lazımdı. Bununla “Qarabağ”ın qələbəyə böyük ölçüdə nail olacağı dəqiqdi.
Bəs qrup mərhələsi? Ən nikbin azarkeş belə “Qarabağ”ın Xorvatiya nəhənginə 4 top fərqiylə qalib gələcəyinə inanmır. “Qarabağ”ın “Ludoqorest”ə 7 qol vurması nə qədər gözlənilməz idisə, ÇL-in qrupuna düşmək ehtimalı da o qədər azdı. O başqa məsələ ki, “Dinamo” “Ludoqorets” deyil, top fərqi də 1:2...
KƏNAN BAHADIR