“Qalatasaray” Avstriya toplanışının ikinci hissəsini də tamamlayaraq vətənə qayıtdı.
İstanbul nəhəngi iyulun 27-də, yəni toplanışın son günündə bu yayın sonuncu yoxlama oyununu keçirdi. “Cim-Bom” A seriyasının debütantı “Parma” ilə qarşılaşdı. Lints şəhərindəki “Rayffhauzen Arena”da keçirilən görüş “sarı-qırmızılar” üçün uğursuz alındı. Belə ki, “Parma” hər hissədə bir qol vuraraq gözlənilmədən 2:0 hesablı qələbə qazandı. Düzdü, ilk baxışdan yoxlama oyunundakı məğlubiyyət dünyanın sonu deyil. Amma narahatlıq doğuran bəzi məqamlar var.
Okan Burukun komandası meydana, demək olar, əsas heyət ilə çıxmışdı. Buna baxmayaraq, Türkiyə çempionu nəinki qələbəyə, hətta qola da həsrət qaldı. Avqustun 3-də “Qalatasaray” ölkə superkuboku uğrunda oyunda “Beşiktaş”la qarşılaşacaq. Həm yoxlama oyunlarındakı nəticələr, həm də ayrı-ayrı futbolçuların zəif performansı onu deməyə əsas verir ki, “Qalatasaray” hələ tam hazır deyil. Komanda bu yay keçirdiyi 5 hazırlıq oyunundan 3 məğlubiyyət, 2 qələbə ilə ayrılmış oldu. Bəziləri iddia edə bilər ki, “Qalatasaray” ötən yay da hazırlıq matçlarında yaxşı təsir bağışlamamışdı (4 oyun, 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət). Amma “Cim-Bom”da gözlə görülən bəzi problemlər var. Burukun israrla tələb etdiyi “8 nömrə” transferini heç cür tamamlamaq mümkün olmur. Söhbət ikiyönlü oynamağı bacaran mərkəz yarımmüdafiəçisi çatışmazlığından gedir. Vendel bu boşluğu əla doldura bilərdi. Amma “Zenit”in israrını qırmaq və 20 milyon avroluq məbləği aşağı salmaq mümkün olmadı.
İstanbullular artıq bu futbolçu ilə bağlı danışıqlar prosesini dayandırıb. Çətin ki, superkuboka qədər həmin mövqe gücləndirilsin. Müdafiənin sağ cinahı Elias Yelertin hesabına güclənsə də, həmin mövqedə çıxış edən və icarədən qayıdan Leo Dyubuanın gələcək taleyi maraq doğurur. Həm o, həm də sol müdafiəçi Derrik Kön hazırlıq oyunlarında inamsız təsir bağışladı. Bu gedişlə komanda sol müdafiəçi axtarışına başlayacaq. Bəlkə də gənc oyunçunun fikri Rusiyada qalıb. “Spartak” bir neçə gün öncə Könə görə 8 milyon avro təklif etsə də, “Qalatasaray” bu transferə razı olmamışdı. Və nəhayət, bütün camiəni narahat edən durum Mauro İkardinin susqunluğudu. Argentinalı forvard tətildən yaxşı formada qayıtsa da, psixoloji cəhətdən çətin dönəmdən keçir.
Duyğusal xarakterə malik olan İkardinin hələ də Vanda Nara ilə ayrılığın şokunu üzərindən ata bilmədiyi görünür. Əvvəlki dönəmlərdə də Vanda ilə yaşanan problemlər həmişə İkardinin məhsuldarlığına təsir edirdi. Bu üzdən məşhur futbolçunun yeni mövsümdəki performansı böyük maraqla gözlənilir. İkardinin Batşuayi ilə dueti də hələ ki ümid vermir. “Qalatasaray” son iki yoxlama oyununda 4-4-2 sistemi ilə oynadığı və İkardi ilə Batşuayinin eyni anda meydanda olduğu ümumilikdə 57 dəqiqə ərzində bir qol da vura bilmədi.