Londonda keçirilən “Böyük dəbilqə” seriyalı “Uimbldon” turniri bazar günü başa çatdı.
Şənbə günü qadınların turnirində çexiyalı Barbora Kreyçikova ilə italiyalı Yasmin Paolini qarşılaşdı. Reytinqdə özündən xeyli irəlidə olan rəqibi üzərində qələbə qazanan Kreyçikova hisslərini belə ifadə etdi:
“Başverənlər, sadəcə, inanılmazdı. Tennis karyeramın, eləcə də həyatımın ən yaxşı günüdü. Özümə deyirdim ki, cəsur olmaq lazımdı. Elə çətin oyun, elə möhtəşəm final idi ki... Çox xoşbəxtəm. Son iki ay mənim üçün dəlisov keçdi. Tamaşaçılardan böyük dəstək gördüm – onların sevgisini qazanmaq qeyri-adi hissdi”.
Bu, 28 yaşlı Barbora üçün 2024-cü ildəki ilk, karyerasında isə 2-ci “Böyük dəbilqə” qələbəsidi. Çexiyalı tennisçi “Uimbldon”da indiyə qədər ən yaxşı halda 4-cü mərhələyə qədər irəliləyə bilmişdi. Onun Londondan hansı qazanc ilə ayrılacağı da məlumdu. Barbora turnirin qalibi olduğuna görə 3,5 milyon, cütlərin yarışında 1/4 finala qədər irəlilədiyinə görə 54 min dollar qazanacaq.
Kişilər arasında turnirin finalı da maraqla gözlənilirdi. Ən azı ona görə ki, ötən il olduğu kimi, yenə də həlledici oyunda Novak Cokoviçlə Karlos Alkaras qarşılaşırdı. Və serbiyalı ulduz ötənilki məğlubiyyətin qisasını ala bilmədi. 2 saat 30 dəqiqə davam edən oyunda gənc ispaniyalı inamlı qələbə qazandı - 6:2, 6:2, 7:6 (7:4).
Ardıcıl 2-ci dəfə “Uimlbdon”un qalibi olan Alkaras ötən il Cokoviçin müqavimətini 5-ci setdə qıra bilmişdi. 21 yaşlı tennisçinin artıq “Böyük dəbilqə” turnirlərində 4 qələbəsi var. O, “Uimbldon”la yanaşı, “US Open” (2022) və “Rolan Qarros”da (2024) da kuboku başı üzərinə qaldırıb. Eyni ildə həm “Rolan Qarros”u, həm də “Uimbldon”u qazanan 6-cı tennisçi olan Alkarasın qələbə şərhi:
“11 və ya 12 yaşımda müsahibə verəndə demişdim ki, “Uimbldon”u qazanmağı arzulayıram. İkinci dəfə bu arzunu gerçəkləşdirdim. Davam etdirmək istəyirəm. Bir ildə iki turnir qazanmağım? Bu uğura nail olan Cokoviçlə eyni siyahıda olmaq mənim üçün böyük şərəfdi. Hələ ki özümü onun kimi çempion saymıram, ancaq öz yolumla getməyə çalışıram”.
İndiyə qədər “Böyük dəbilqə” turnirlərini 24 dəfə qazanan Cokoviç də finalın ardından jurnalistlərin önünə çıxdı:
“Əlbəttə, bu heç də istədiyim nəticə deyil. İlk iki setdə lazımi səviyyədə oyun göstərmədim. Ancaq Karlosun haqqını vermək lazımdı, əla təsir bağışladı. Ona təsir göstərməyə, oyunu uzatmağa çalışdım, alınmadı. Təbrik edirəm, qələbəni haqq etdin! Mən də çıxışımla qürur duymalıyam. İndi müəyyən məyusluq yaşasam da, son iki həftəni, komandam və ailəm ilə nələrdən keçdiyimizi nəzərə alanda razı qaldığımı deməliyəm”.
final
Kişilər, fərdiAlkaras (İspaniya, 3) - Cokoviç (Serbiya, 2) 6:2, 6:2, 7:6 (7:4)
Cütlər
Helievarra/Patten (Finlandiya/B.Britaniya) – Persell/Tompson (Avstraliya, 15) 6:7 (6:8), 7:6 (10:8), 7:6 (11:9)
Qadınlar, fərdi
Kreyçikova (Çexiya, 31) - Paolini (İtaliya, 7) 6:2, 2:6, 6:4
Cütlər
Sinyakova/Taunsend (Çexiya/ABŞ, 4) – Dabrovski/Rutlayff (Kanada/Yeni Zelandiya, 2) 7:6 (7:5), 7:6 (7:1)
Mikst
Se Suvey/Zelinski (Çin Taybeyi/Polşa, 7) – Olmos/S.Qonsales (Meksika) 6:4, 6:2