“Dallas”ı seriyanın 5-ci oyununda məğlub edən “Boston” tarixindəki 18-ci, son 16 ildə isə ilk çempionluğu qazandı. “Seltiks” sonuncu dəfə 2008-ci ildə “Leykers”i məğlub etməklə çempion olmuşdu. 18-ci cempionluq həm də “Boston”u bu göstəricidə rekordçu etdi. “Leykers”in 17, “Qolden Steyt”in 7 çempionluğu var.
“Boston”un hücumameyilli müdafiəçisi Ceylen Braun final seriyasının ən dəyərli oyunçusu sayıldı. 27 yaşlı amerikalı seriyanın 5 oyununda orta hesabla 20,8 xal, 5,4 ribaund, 5 məhsuldar ötürmə göstəricisi ilə yadda qaldı. “Boston”u çempionluğa daşıyan 35 yaşlı Co Mazzula isə MBA-nın ən gənc çempion məşqçiləri siyahısında 6-cı oldu. Onun bu göstəricidə geri qaldığı məşqçilər: Aleks Hannum (34 yaş, “Sent-Luis”, 1958), Bill Rassell (34 yaş, “Boston”, 1968), Corc Ceneski (34 yaş, “Filadelfiya”, 1956), Con Kundla (32 yaş, “Minneapolis”, 1949), Baddi Cennett (30 yaş, “Baltimor”, 1948).
Bu seriyanın gedişində “Dallas”ın heyətində ən çox fərqlənən basketbolçu isə Luka Donçiç oldu. Pley-offda 635 xal toplayan sloveniyalı ulduz fəaliyyətlə olan basketbolçular arasında bu göstəricidə dördüncüdü. Bir pley-offda xal hesabına görə rekord 1992-ci ildə 759 xal toplayan Maykl Cordana məxsusdu. Seriya başa çatandan sonra Donçiç məyusluğunu bu sözlərlə ifadə etdi:
“Xüsusi nəsə deməyəcəm. Məğlubiyyət kədər doğurur. Mən də meydandaydım, görünür, yetərincə çalışmamışam. Ancaq meydana çıxan uşaqların hər biri ilə qürur duyuram. Finalda qalib gələ bilməsək də, əla mövsüm keçirdik. Olimpiada? Bundan sonra olacaqlar haqda danışmaq istəmirəm. Sadəcə, fiziki formamı yaxşılaşdırmağa çalışıram”.
15 iyun
Dallas – Boston 122:84 (34:21, 27:14, 31:25, 30:24)
Seriyada hesab – 1:3.
18 iyun
Boston – Dallas 106:88 (28:18, 39:28, 19:21, 20:21)
Seriyada hesab – 4:1.





