"Football-plus.az" xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu “Hall Siti” yeni baş məşqçisinə qovuşub. Ötən mövsümü 7-ci pillədə tamamlayan və Liam Rosenyor ilə yollarını ayıran “pələnglər” sonuncu dəfə “Hamburq”u çalışdıran almaniyalı Tim Valter ilə üçillik müqavilə imzalayıb. “Kardiff Siti” rəhbərliyi isə belə görünür, Erol Bulutun fəaliyyətindən razıdı. Çünki türkiyəli mütəxəssislə ikiillik yeni müqavilə imzalanıb. Bu məlumat klubun rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, 49 yaşlı məşqçi ötən yay bu klubun başına keçmişdi. “Kardiff Siti” Bulutun başçılığı altında çempionşipdə geridə qoyduğumuz mövsümü 62 xalla 12-ci pillədə tamamladı. Ümumilikdə komanda bu məşqçi ilə keçirdiyi 50 rəsmi oyundan 21 qələbə, 5 heç-heçə, 24 məğlubiyyətlə ayrılıb. Türkiyədə “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbaxça” və “Qaziantep”i çalışdırmış Bulut yeni müqaviləyə imza atmasının ardından “Kardiff Siti”nin rəsümi saytına açıqlamasında bunları deyib:
“Burda, Uelsin paytaxtında sizinlə birgə keçirəcəyim müddəti yenilədiyim üçün böyük qürur və sevinc hissi yaşayıram. Rəhbərliyə və klubun sahibi Vinsent Tana mənə etibar etdikləri üçün təşəkkürümü bildirirəm. Böyük həvəs və məmnuniyyət ilə işimi davam etdirəcəm”.





