Turun açılış matçında “Ankaragücü”nün qapısına hər hissədə bir qol vuran “Beşiktaş” beş oyunluq qələbəsiz seriyaya son qoydu.
"Football-plus.az" xəbər verir ki, Fernando Santuş qovulan kimi komandanın böhrandan çıxması diqqəti çəkdi. Ümumiyyətlə, bu mövsüm “Qartal”da qəribə tendensiya formalaşıb. Hər yeni gələn məşqçi ilk oyunda qələbə qazanır. Buna qədər artıq Burak Yılmaz, Rza Çalımbay, Sərdar Topraktəpə və Santuşun ilk matçında məhz belə olmuşdu. Bu dəfə yenə məşqçi dəyişdi və yenə Topraktəpə ilə ilk matçda qələbə əldə olundu. 47 yaşlı Topraktəpə əslində “ağ-qaralar”ın U-19 komandasının baş məşqçisidi. Amma “Beşiktaş” bu mövsüm superliqada 15 qələbədən 3-nü məhz onun rəhbərliyi altında qazanıb. Onu da bildirək ki, bu komandalar artıq bu gün yenidən üz-üzə gələcək. Bu dəfə oyun Ankarada və ölkə kuboku çərçivəsində baş tutacaq.
Şənbə gününün oyunları qonaqlar üçün uğurlu alındı. “Fatih Karagümrük” sonuncu pillədəki “İstanbulspor”la səfər oyununda 85-ci dəqiqədə hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazandı. Bu məğlubiyyət “İstanbulspor”un son ümidlərini də puç etdi və bu komandanın elitanı tərk etməsi rəsmiləşdi. Konyanı 2 qolla fəth edən “Alanyaspor” ardıcıl 5-ci səfər oyununda uduzmadı. Şahruddin bu tur Türkiyə karyerasında ilkə imza ata bilərdi. Belə ki, o, indiyə qədər superliqada ardıcıl 2 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Ötən tur “Kayserispor”la oyunda qol buraxmayan yığmamızın üzvü Samsun səfərində də eyni uğuru təkrarlamağa çox yaxın idi. Bəxt də onun tərəfində idi. Bəzi önəmli seyvlər edən Məhəmmədəliyevin qoruduğu qapını iki dəfə tir xilas etdi. Amma inadkar “Samsunspor” əsas vaxta artırılan 2-ci dəqiqədə Şahruddini məyus edərək məğlubiyyətdən qurtuldu. Ötən tur evdə “Sivasspor”a uduzan “Trabzonspor” bu məğlubiyyətin əvəzini Kayseridə çıxdı. Son illərdə olduğu kimi, bu dəfə də Kayseri səfəri trabzonlular üçün uğurlu alındı. Enis Destan və Pepenin qolları ilə 2 topluq üstünlük yaxalayan qonaqlar üçün son dəqiqələr asan keçmədi. Çünki təcrübəli Uğurcan Çakır 87-ci dəqiqədə kobud səhvə yol verərək fərqin azalmasına səbəb oldu. Amma meydan sahiblərinin bundan artığına gücü çatmadı. Superliqada ardıcıl 10-cu dəfə Kayseridə uduzmayan “Trabzonspor” “Beşiktaş”la aradakı 4 xallıq fərqin azalmasına imkan vermədi.
Bazar gününü isə əksinə, meydan sahiblərinin hesabına yazmaq olar. “Çaykur Rizəspor”u 2 cavabsız qolla məğlub edən “İstanbul BŞ” 5-ci pilləyə yüksəldisə, “Kasımpaşa”nı 2 cavabsız qolla evə göndərən “Qaziantep” düşmə zonasından çıxmağı bacardı. Əvəzində həmin zonaya “Hatayspor” gerilədi. Ötən tur autsayder “İstanbulspor”dan 3 cavabsız qol buraxan Volkan Dəmirəlin komandası bu dəfə Antalya səfərində fasiləyə öndə yollansa da, yenə xal qazana bilmədi. Günün son matçında, gözlənildiyi kimi, heç bir sürpriz qeydə alınmadı. Tura düşmə zonasında daxil olan “Pendikspor” “Rams Park”da güclü rəqibə yalnız 35 dəqiqə müqavimət göstərə bildi. Artdıcıl 2-ci, mövsüm ərzindəki 8-ci böyükhesablı qələbəsini qazanan “Qalatasaray” fanatlarına yenə mükəmməl anlar yaşatdı. “Cim-Bom”un çempionat çərçivəsində evdə qələbə seriyası 20, məğlubiyyətsiz seriyası 34 oyuna yüksəldi! Komanda tarixində ikinci dəfə evdə 20 oyunluq qələbə seriyası yaxalamış oldu. İlk belə hal 2001-02-ci illərdə (25 qələbə) yaşanmışdı. Ən əsası “Qalatasaray” xalını 90-a çatdırmaqla şəxsi rekordunu təkrarladı. Komanda daha öncə yalnız bir dəfə - 1987/88-də Mustafa Dənizli ilə çempion olduğu vaxt 90 xal həddinə çatmışdı. Gələn tur “sarı-qırmızılar” Şahruddinli “Adana Dəmirspor”u da məğlub edəcəyi təqdirdə artıq turnirin rekordunu təkrarlayacaq. Hazırda rekord 1988/89-da 93 xalla çempion olan “Fənərbaxça”ya məxsusdu.
33-cü tur
Qalatasaray – Pendikspor 4:1
İkardi, 35. Əbdülkərim Bardakcı, 40. Mertens, 76. Kərəm Aktürkoğlu, 90+6-p. – Alpaslan Öztürk, 85.
Qalatasaray: Muslera, Kaan Ayhan, Nelsson (Sançes, 83), Əbdülkərim Bardakcı, Kön, Kərəm Dəmirbay, Torreyra (Berkan Kutlu, 74), Ziyeş (Kərəm Aktürkoğlu, 74), Mertens (Tete, 82), Barış Alpər Yılmaz, İkardi (Vinisius, 83).
Sivasspor – Fənərbaxça 2:2
Koyta, 58. Manay, 90+4-p. – Fred, 45+2. Kahveci, 80.
Beşiktaş – Ankaragücü 2:0
Muçi, 18. Muleka, 67.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Uorrall, Nəcip Uysal, Əmrəcan Terzi (Talha Sanuç, 44), Fernandeş (Ege Tıknaz, 90), Əl-Musrati, Gezzal (Oksleyd-Çemberleyn, 76), Muçi, Raşitsa (Abubakar, 76), Muleka (Mustafa Hekimoğlu, 90).
Kayserispor – Trabzonspor 1:2
Burabia, 87 – Enes Destan, 24. Pepe, 58.
Trabzonspor: Uğurcan Çakır, Menye (Fernandes, 86), Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Bardi, Visça, Funtas (Umut Günəş, 70, Pepe, Enis Destan (Umut Bozok, 74).
Samsunspor – Adana Dəmirspor 1:1
Dimata, 90+2 – Mendosa, 41.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Semih Gülər, Məhəmmədi, Maestro, Əmrə Akbaba (Sisse, 90+5), Yusuf Sarı, Mendosa (Aliu, 65), Yusuf Ərdoğan (Tayfun Aydoğan, 90+5), Balotelli (Yusuf Barasi, 90).
İstanbul BŞ – Çaykur Rizəspor 2:0
Pelkas, 12. Berkay Özcan, 90+3-p.
Konyaspor – Alanyaspor 0:2
Haderjonay, 45+1. Karlos Eduardo, 90+2.
Qaziantep – Kasımpaşa 2:0
Maksim, 6. Arda Kızıldağ, 33.
Antalyaspor – Hatayspor 2:1
Buksa, 67. Bitiqi, 90+2 – Dele-Başiru, 26.
İstanbulspor – Fatih Karagümrük 1:2
Koli, 85 – Güvən Yalçın, 86. Fequli, 90+7-p.
1. Qalatasaray 33 29 3 1 77-21 90
2. Fənərbaxça 33 27 5 1 87-30 86
3. Trabzonspor 33 17 4 12 56-43 55
4. Beşiktaş 33 15 6 12 44-38 51
5. İstanbul BŞ 33 14 7 12 44-38 49
6. Çaykur Rizəspor 33 14 6 13 43-49 48
7. Kasımpaşa 33 13 7 13 55-59 46
8. Antalyaspor 33 11 12 10 38-38 45
9. Alanyaspor 33 11 12 10 43-46 45
10. Sivasspor 33 11 12 10 40-45 45
11. Adana Dəmirspor 33 9 14 10 49-44 41
12. Samsunspor 33 10 9 14 37-43 39
13. Ankaragücü 33 8 13 12 40-43 37
14. Kayserispor (-3) 33 10 10 13 37-47 37
15. Konyaspor 33 8 12 13 34-47 36
16. Qaziantep 33 9 7 17 37-50 34
17. Fatih Karagümrük 33 8 9 16 37-42 33
18. Hatayspor 33 7 12 14 37-46 33
19. Pendikspor 33 7 9 17 37-68 30
20. İstanbulspor (-3) 33 4 7 22 26-61 16
Bombardirlər: Ceko (Fənərbaxça), İkardi (Qalatasaray) – 20, Manay (Sivasspor) – 17, Tiam (Kayserispor/Pendikspor) – 16, Buksa (Antalyaspor) – 14.
Növbəti turun oyunları aprelin 26-29-u aralığında keçiriləcək: Adana Dəmirspor – Qalatasaray, Sivasspor – Konyaspor, Çaykur Rizəspor – Ankaragücü, Fənərbaxça – Beşiktaş, Fatih Karagümrük – Antalyaspor, Hatayspor – İstanbul BŞ, Trabzonspor – Qaziantep, Kasımpaşa – Samsunspor, Pendikspor – Kayserispor, Alanyaspor – İstanbulspor.
Turun rəqəmi
14 – “Qalatasaray” “Pendikspor”u məğlub etməklə ardıcıl 14-cü qələbəsini qazandı. Bununla da İstanbul nəhəngi turnirin özünə məxsus olan rekordunu təkrarladı. “Cim-Bom” ötən mövsüm də 12-25-ci turlarda ardıcıl 14 qələbə qazanmış və bu seriya 26-cı turda Konya səfərində qırılmışdı. Ötən mövsümdəki seriya zamanı qələbələrdən biri rəqibə (Qaziantepə) texniki məğlubiyyət verilməsi sayəsində qazanılmışdı. Onu da bildirək ki, bu göstəricidə əvvəlki rekord (13) ötən mövsümə qədər 63 il “Beşiktaş”a məxsus olub.
Turun ulduzu
Mauro İkardi (Qalatasaray) – bu tur birdən artıq qol vuran futbolçu olmadı. Seçim etmək çətin olsa da, biz son həftələrin ən yaxşı formada olan oyunçularından birinə, yəni İkardiyə üstünlük veririk. Argentinalı forvard ardıcıl 5-ci superliqa matçında fərqlənməyi bacardı. O, bu müddətdə 6 qol vurub. Ən əsası İkardi buna qədər heç bir əcnəbi futbolçunun edə bilmədiyini bacardı. Belə ki, o, “Qalatasaray” tarixində superliqada ardıcıl iki mövsümdə 20 qol həddinə çatan ilk əcnəbi futbolçudu!
Turun sitatı
Rıdvan Dilmən, futbol şərhçisi: