Türkiyə futbolunda bu mövsüm hakimin döyülməsi, bir komandanın meydandan çəkilməsi, fanatların meydana axışaraq futbolçularla əlbəyaxa olması kimi bir sıra rəzilliklərin şahidi olmuşuq.
Sən demə, əsas görəcəyimiz rəzalət hələ qarşıdaymış. “Fənərbaxça” son anda fikrini dəyişməsə, sabah həm özünü, həm də Türkiyə futbolunu bütün dünyada biabır etmiş olacaq...
“Superkubok 90 dəqiqə davam etməyəcək”
Məlum olduğu kimi, bu gün ötənilki dəhşətli zəlzələdən zərər görmüş şəhərlərdən biri olan Şanlıurfa Türkiyə superkubokuna evsahibliyi etməlidi. Həlledici oyunda son çempion “Qalatasaray”la kubokun son qalibi “Fənərbaxça” üz-üzə gələcək. Derbidən əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkmiş ailələrə veriləcək. Bakı vaxtı ilə saat 22.30-da başlayacaq oyunu Volkan Bayarslan idarə edəcək. Bura qədər hər şey normal səslənir, elə deyilmi? Amma futbolsevərlər sabah Şanlıurfada normal yox, anormal şeylərin şahidi olacaq!
“Fənərbaxça” rəhbərliyi hələ bazar ertəsi axşam saatlarında superkubok oyunu ilə bağlı yekun qərarını açıqladı. Qısaca xatırladaq ki, bu komandanın aprelin 11-də Konfrans Liqasında səfərdə “Olimpiakos”la oyunu var. Bu üzdən İstanbul nəhəngi Pireydəki oyuna daha yaxşı hazırlaşmaq üçün Türkiyə Futbol Federasiyasına (TFF) superkubokun təxirə salınması ilə bağlı müraciət etmişdi. Amma TFF “Qalatasaray” razı deyil” bəhanəsi ilə “sarı-lacivərdlilər”in təklifini geri çevirdi. Belədə onsuz da Trabzonda yaşanan qalmaqaldan sonra sanki Türkiyə futbol ictimaiyyətindən küsən “Fənərbaxça” camiəsi superkubokla bağlı alternativ yollar axtarmağa başladı. Bu məqamda sözü verək “Fənər”in başqan vəkili Erol Biləcikə:
“Biz TFF-yə sonuncu dəfə müraciət etdik. İki şərtimiz var: ya oyun başqa tarixə keçirilsin, ya da əcnəbi hakim dəvət olunsun. Əks təqdirdə Şanlıurfaya U-19 komandamızla yollanacağıq. Bütün hazırlığımızı məhz bunun üzərinə qurmuşuq. Hər şeyi planlaşdıraraq Urfaya yollanırıq. Bizə güvənin. Futbolsevərləri “bu qərar doğru idimi” sualını verəcək bir səviyyəyə çatdırmayacağıq. U-19 komandamız ora gedəcək. Amma fanatlarımızın özlərini pis hiss etdikləri an olmayacaq. Superkubok 90 dəqiqə davam etməyəcək. Urfa şəhərinə və urfalı qardaşlarıma da mesajım var. Bu qərarımızı anlayışla qarşılayacaqlarına ümid edirik. Onlara bir borcumuz olacaq. Uyğun tarixdə əsas komandamızı mütləq Urfaya gətirəcəyik. Türkiyə kuboku ilə bağlı da qərarımızı vermişik. Ramazan bayramından dərhal sonra bununla bağlı federasiyaya müraciət edəcəyik. Qarşıdakı iki mövsümdə Türkiyə kubokunda iştirak etməməyə qərar vermişik”.
Belə “tamaşa” hər gün olmur“Fənər”in rəsmisinin sözləri arasında ən diqqətçəkəni “superkubok 90 dəqiqə davam etməyəcək” ifadəsidi. Belə çıxır ki, bu nəhəng camiə 19 yaşa qədər futbolçuları “Qalatasaray”ın qarşısına çıxarmaqla kifayətlənməyərək daha bir “sürpriz” hazırlayıb. Hələ ki sabah Urfada nələr vaş verəcəyini “Fənər” rəhbərliyindən başqa heç kim bilmir (bəlkə heç onlar da bilmir). Amma Türkiyə mətbuatının yazdığına inansaq, komanda meydana 9 futbolçu ilə çıxacaq. TFF-nin təlimatnaməsinə görə heyətində ən azı 9 futbolçu olan komanda meydana çıxa bilər. Sonrakı dəqiqələrdə “Fənər”in 3 oyunçusu (ya eyni anda, ya da bir neçə dəqiqəlik fərqlə) zədələnəcək. Yəni heyətdəki oyunçuların sayı 7-dən az olacaq. Bu üzdən təlimata uyğun olaraq hakim oyunu dayandırmaq və təxirə salmaq məcburiyyətində qalacaq. Bu durumda “Fənərbaxça” heç bir cəza almayacaq və heç bi təzminat ödəməyəcək. Yekun nəticəni, yəni superkubokun qalibini isə daha sonra TFF özü açıqlayacaq. Bu addımın daha bir maraqlı tərəfi var. Belə ki, komandalardan birində oyunçu sayı 7-dən az olduğuna görə oyun yarımçıq dayandırılsa, həmin gün kubok heç kimə təqdim olunmayacaq! Yəni medal və kubokla təltif edilmə mərasimi baş tutmayacaq. Həqiqətən də belə bir “tamaşanı” səbirsizlikıə gözləməyə dəyər. Çünki belə “tamaşalar” heç də hər gün olmur.
Federasiyanın təklifi dərhal rədd edildiGözlənildiyi kimi, TFF “Fənər”in son müraciətini də geri çevirərək oyunun baş tutacağını açıqladı. Bundan başqa, artıq oyuna hakim təyin olunması da onu göstərir ki, heç bir əcnəbi hakimdən söhbət belə gedə bilməz. Yəni TFF geri addım atmadı. İndi iş qalır yalnız “Fənərbaxça”nın atacağı addıma. Bəs “sarı-lacivərdlilər” superkubokun hansı tarixə keçirilməsini tələb edirdilər? Bu sualın cavabı bəllidi. Komanda superkubokun mayın 23-də, yəni 37-ci turla 38-ci turun arasında oynanılmasını istəyirdi. Çünki həmin həftə boşluq olacaq. “Fənər”in KL-in finalına yüksəlmək ehtimalı da var. Final isə mayın 29-na təsadüf edəcək. Bu məqamda federasiyanı lap da yıxıb-sürüməyək. Ədalət naminə TFF-nin də öz tərəfindən “Fənər”ə yardım əlini uzatdığını bildirək. Belə ki, qurum bu komandaya “Olimpiakos”la oyunların arasına təsadüf edən turda istirahət etmək fürsəti yaratdı. Yəni “Fənər”ə gələn həftəsonu – aprelin 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcəyi oyunun təxirə salınması təklif olundu. Amma (acığa düşən) başqan Əli Koç bu təklifi dərhal geri çevirdi!
U-19-u yaxından tanıyaqBu yerdə bir qədər də “Fənərbaxça”nın son günlər haqqında ən çox bəhs edilən komandası olan U-19 haqda danışaq. İstanbul nəhənginin 19 yaşa qədər futbolçulardan ibarət kollektivi TFF tərəfindən təşkil olunan Elit A liqasının 1-ci qrupunda mübarizə aparır. “Sarı-lacivərdlilər” bu mövsüm keçirdiyi 16 qarşılaşmadan 12 qələbə, 4 məğlubiyyətlə ayrılıblar. Son turda “Sivasspor”lu həmyaşıdlarına 1:2 hesabıyla uduzan “Fənər”in U-19-u 36 xalla liderdi və ən yaxın rəqibi “Trabzonspor”u 4 xal qabaqlayır. Baş məşqçi vəzifəsini camiənin sevilən isimlərindən və AÇ-2008-in qəhrəmanlarından olan Semih Şəntürk icra edir. Komandada ən diqqətçəkən isim 12 qolla bombardirlər yarışında 2-ci pillədə qərarlaşmış Çağrı Fedaidi. O, mərkəz hücumçusudu. Statistik göstəriciləri ilə diqqəti çəkən daha bir isim Əmirhan Arkutcudu. 18 yaşlı vinger bu mövsüm hesabına 9 qol və 5 məhsuldar ötürmə yazıb. Bundan başqa, solaxay mərkəz müdafiəçisi Yusuf Akçiçək fanatlara yaxşı tanışdı. Mövsümün gedişində İsmayıl Kartal müdafiənin mərkəzində ciddi sıxıntılar yaşayarkən KL-in qrup mərhələsində səfərdə “Ludoqorets”ə (0:2) və “Norşellann”a (1:6) qarşı oyunlarda start heyətində məhz bu 18 yaşlı futbolçuya şans vermişdi. Yeri gəlmişkən, “Fənər”in əsas komandasında itkilər çox olduğundan “Adana Dəmirspor”a qarşı son oyunda iştirak ərizəsinə U-19-un 5 üzvü – Çağrı Fedai, Efekan Karayazı, Zeki Dursun, Yusuf Akçiçək və Furkan Onur Akyüz daxil edilmişdi. Maraqlıdı ki, sabah Şanlıurfada “Fənər”in U-19 komandasının da meydana çıxmasında müəyyən problem yarana bilər. Belə ki, təqvimə əsasın bu komandanın sabah evdə “Girəsunspor”a qarşı oyunu var! “Fənər” rəhbərliyi bu oyunun da təxirə salınması üçün federasiyaya müraciət etməli olub.
“Qalatasaray” rəhbərliyi qələbəyə pul mükafatı verəcək“Fənərbaxça” cəbhəsində bunlar yaşanarkən, bəs “Qalatasaray” cəbhəsində vəziyyət necədi? “Cim-Bom” Okan Burukun başçılığı altında son üç gündə superkuboka hazırlığı ciddi şəkildə davam etdirdi. Komandada gündəmdə yaşananlardan və “Fənər”in atacağı addımdan asılı olmayaraq, tam bir konsentrasiya ab-havası hökm sürür. Məşqçilər korpusu və futbolçular qarşıdakı derbiyə 90 dəqiqəlik mübarizə olacaqmış kimi hazırlaşırlar. Heyətlə bağlı heç bir problem yoxdu. Dünənki məşqdən öncə Buruk futbolçuları başına toplayaraq onlarla söhbət etdi və hamısından motivasiyanın bir an da itirilməməsini tələb etdi. Hətta oyunun taktiki planı da müzakirə olundu. Hələ bu harasıdı?! Rəhbərliyin bütün final matçlarından öncə olduğu kimi, bu dəfə də futbolçulara qələbə təqdirində əlavə pul mükafatı vəd edəcəyi güman edilir! Bütün bunların fonunda srağagün “Fənərbaxça”nın rəsmi hesablarından məşqdən çəkilən görüntülər paylaşıldı. Həmin paylaşımın altında isə “Olimpiakos”la oyunun hazırlığına başladıq” ifadəsi qeyd olundu. Halbuki növbəti oyun “Olimpiakos”a yox, “Qalatasaray”a qarşıdı. Bu gün oyunöncəsi mətbuat konfransı baş tutacaq. Ora “Fənərbaxça”dan heç kimin çıxmayacağı güman edilir. Ümumiyyətlə, “Fənər”də həm rəhbərlikdən, həm məşqçilər korpusundan, həm də futbolçulardan kimin Şanlıurfaya gedəcəyi indiyə qədər də bəlli deyil. Amma “Qalatasaray” belə desək, tam tərkibdə - prezidenti, məşqçilər koprusu və futbolçuları ilə birlikdə oyunun keçiriləcəyi məkana yollanacaq. Rəhbərlik artıq fanatlara da jest edib. Belə ki, dünən “Qalatasaray”ın 2500 atributunu daşıyan avtobus Şanlıurfaya göndərilib. Yerli futbolsevərlər bu atributlara və üzərində klubun emblemi olan mallara böyük maraq göstərib.
“Cəsur olanlar bir gün, qorxaqlar isə hər gün ölür”Sonda reaksiyalara diqqət yetirək. 20 ilə yaxın “Fənərbaxça”nın prezidenti olmuş və ilk gündən superkuboka U-19 komandası ilə çıxmaq qərarının əleyhinə olan Əziz Yıldırım yazılı açıqlama verərək sərt ifadələr işlədib. Düzdü, o, yaranmış bu duruma görə TFF-ni də qınayıb və qurumun daxilində hələ də FETÖ-çülərin bitmədiyini bildirib. Amma Yıldırım eyni zamanda camiəni silkələməyə çalışıb və bu addımdan vaz keçməyə çağırıb. O, oyuna U-19 komandası ilə çıxmağı rəhbərliyin cəza almaqdan qurtulmaq üçün ortaya atdığı qorxaq bir plan adlandırıb. “Fənər”in tarixi boyunca heç kimdən, heç nədən qorxmadığını və heç vaxt belə gülünc vəziyyətə düşürülmədiyini bilidirib. Yıldırımın “unutmayın ki, cəsur olanlar bir gün, qorxaqlar isə hər gün ölür” ifadəsi də diqqəti çəkib. Dünəndən Şanlıurfaya gedən və orda türkiyəli həmkarlarımızla görüşən “Qalatasaray” prezidenti Dursun Özbək də açıqlamalar verib. O, “Fənərbaxça”nın meydana çıxacağına ümid etdiyini vurğulayıb:
“Bu bölgənin insanları üçün “Fənərbaxça” – “Qalatasaray” derbisini izləmək mühüm bir hadisədi. Gözəl oyun olmasını arzulayıram. Biz artıq burdayıq. Komandamız da sabah (bu gün – red.) gəlir. Qulağıma bəzi şeylər çatır, amma doğru olduğunu düşünmürəm. “Fənərbaxça”nın bu oyuna əsas komanda ilə çıxacağına ümid edirim. Bundan başqa, hər hansı bir olay nə Türkiyə futboluna yaraşacaq, nə də futbolumuzun 100 illik yubileyinə həsr olunmuş superkuboka. Bu, eyni zamanda cümhuriyyətimizin 100-cü ilinin kubokudu. Belə məqamda oyunu burda keçirməyin də başqa önəmi var. Oyun olmasa, kuboku tələb edəcəyikmi? Bunlar artıq təfərrüatdı. Matç birmənalı şəkildə keçirilməlidi. Kubok da qalib gələn komandaya təqdim olunmalıdı. Biz meydanda olacağıq və həmin anda “Fənərbaxça”nın da meydanda olacağına ümid edirik”.
İdman mətbuatı da “Fənərbaxça” rəhbərliyinin qərarını anlamır. “A Spor” kanalının şərhçisi Murat Özbostan bunları deyib:
“117 illik tarixə malik klubun bu addımının heç bir məntiqi izahı yoxdu. Fiaskoyla nəticələnən 2 aprel toplantısından sonra qəbul edilən bu qərar “Fənər” fanatlarını heç də sevindirmir. Üstəlik bu “oyuna” gənc futbolçuları da qatırlar. Onlardan süni şəkildə istifadə etmək bu ssenarinin ən pis tərəfidi. Axı oyuna U-19-un 9 üzvü ilə çıxmaqla, sonra meydanda 6-7 futbolçu ilə qalmaqla kimə nə cəza verəcəksiz? Burda cəza alan varsa, o da U-19 komandasıdı. Bəlkə də orda gələcəyin böyük ulduzları yetişir. Amma aprelin 7-də həyatlarının sonuna qədər unuda bilməyəcəkləri bir psixoloji zərbə alacaqlar. Onlar özləri də təəccüb içində başverənləri izləyirlər. Bu etiraz növünün nə faydası var? Günün sonunda kubok yenə “Qalatasaray”a qismət olacaq. “Qalatasaray” superliqada da çempion olsa, mövsümü iki titulla bitirəcək. Yəni əzəli rəqibə daha bir titul hədiyyə olunacaq. O zaman Əli Koç və rəhbərlik bunu camiəyə necə izah edəcək?”
ƏLİ RAUFOĞLU