Karyerasını ''Qalatasaray''da davam etdirən mərakeşli ulduz Hakim Ziyeş tək meydanda yox, futboldan kənar iş həyatında da diqqət çəkməyi bacarır.
Bu günlərdə bir araşdırma saytı İngiltərədə populyar simalara məxsus olan restoranların reytinqini müəyyənləşdirib. Həmin siyahıda Ziyeşin sahibi olduğu və Şordiç bölgəsində yerləşən ''Taco Taco'' adlı məkan da var. Özü də kifayət qədər yüksək pillədə. 2023-cü ildə yaradılan və əsasən Meksika mətbəxini özündə cəmləşdirən ''Taco Taco'' 67,13 faiz mükəmməllik xalı ilə 3-cü pillədə qərarlaşıb.
''Mançester Siti''nin çalışdırıcısı Xosep Qvardiolanın məkanı da siyahıya daxil edilib. Ünlü kataloniyalı mütəxəssisə məxsus olan və Mançesterin mərkəzində yerləşən ''Tast'' adlı İspaniya restoranı 40,53 faiz mükəmməllik xalı ilə 20-ci sırada qərarlaşıb. Mançesterdə ünlülər arasındakı restoranların içində ən yaxşısı Qari Nevillə məxsus imiş. Onun sabiq komanda yoldaşı Rayan Giqqs ilə birlikdə işlətdiyi ''Hotel Football''a 62 faizlik mükəmməllik xalı verilib. Ümumi siyahıda 6-cı pillədə olan və ''Old Trafford''un yaxınlığında yerləşən bu məkan həm otel, həm də restoran kimi fəaliyyət göstərir.
Siyahıya əfsanəvi ingiltərəli aktyor ser Yan Makkellenin məkanı başçılıq edir. Onun ''Grapes'' adlı məkanı Londonun ən köhnə restoranlarından hesab olunur. Bu restorana isə 72,17 faiz mükəmməllik xalı verilib.
ƏLİ