İngiltərəli qapıçı Co Hart mövsüm bitən kimi karyerasına son qoyacaq.
"Football-plus.az" xəbər verir ki, “Seltik”in məşqçisi Brendan Rocers bu haqda xəbəri belə şərh edib:
“Conun fenomenal karyerası var. O gedəndən sonra futbolda yerinin görünəcəyini bilirəm. Co uğurlarına görə böyük tərifi və təbriki haqq edir. Bundan başqa, o, hər kəsin həvəslə işlədiyi möhtəşəm adamdı. Bütün karyerası boyunca hər kəs üçün əla komanda yoldaşı olub”.
Siz futbola 2016-cı ildən və ya sonra baxmağa başlamısızsa, yəqin bu qapıçıya niyə belə yer verməyimizin, ümumiyyətlə, onun ünvanına səslənən komplimentlərin səbəbini anlamaya bilərsiz. Bu da təəccüblü deyil. Axı Kartın karyerasının son 8 ili tədricən enişə gedib.
19 yaşlı Co “Mançester Siti”nin qapısını 2005/06 mövsümündən sonra döydü. Həmin mövsümü isə 3-cü divizionda mübarizə aparan doğma “Şrusberi Taun”un heyətində keçirmiş, meydana çıxdığı 46 oyunun 12-də qapısını toxunulmaz saxlamışdı. O vaxt hələ şeyxlərin rəhbərlik etmədiyi “Siti” top-klub sayılmırdı. Harta görə 900 min funt ödəyən “şəhərlilər” onu əvvəlcə klub akademiyasına göndərdi, ancaq əsas komandanın bütün qapıçıları zədədən əziyyət çəkdiyindən yeniyetmə, demək olar ki, dərhal debüt etməli oldu. 2006-cı ilin oktyabrında – “Şeffild Yunayted”lə oyunda qapısını toxunulmaz saxladı. Gənc debütant komandada qalsaydı, onda biz nağılvari süjet izləyərdik, ancaq real həyatda yaşadığımızı unutmayaq. Odu ki, Hart növbəti illəri icarədə keçirdi, faktiki yaşıl meydan üzü görmədi. Yalnız “Birmingem” dönəmini uğurlu saya bilərik, Co məhz bu komandanın heyətində 2009/10 mövsümünü premyer-liqada tam keçirdi. 10 “quru” oyun və komandanın mövsümün sonunda haqq etdiyi 9-cu yeri tutması ingiltərəli qapıçının “Mançester Siti”nin start heyətinə yolunu açdı.
Hart həmin vaxt artıq ehtiyat qapıçı kimi CAR-da keçirilən dünya çempionatına da yollanmışdı, yəni statusunu bir qədər də gücləndirmişdi. Co tədricən “Etihad”a toplaşanların öz adamına çevrilirdi və bunun bir neçə səbəbi var idi. Birincisi, qapıçının keçdiyi həyat yolu fanatları valeh etmişdi. Axı o, icarələrdə əziyyət çəkə-çəkə, nəhayət, əsas heyətin qapısını açmışdı. İkincisi, nə deyirsiz-deyin, müasir futbolda obraz vacibdi. Hart həmişə parlaq və xarizmatik sima olub – həm meydanda, həm də meydandan kənarda. 2011-ci ildə İngiltərə kubokunu qazanandan sonra Co emosional şərh vermişdi. Bir il sonra “Siti” tarixi çempionluq qazandı. Meydan boyunca yana açılan əllərlə qaçan qapıçının qələbəni bayram etməsi həmin günün ən yaddaqalan kadrlarından idi.
2000-lərin sonlarında “yutub”da çox maraqlı bir video yayılmışdı. Hart velosipeddə otel otağında gülməli şəkildə rəqs edirdi. O, hətta publikanın rəğbətini qazanmaq istəməyəndə də qazanırdı. DÇ-2014-ün gedişində onun başına gələn daha bir hadisə maraqlı idi. Bolboydan topu ona daha tez verməyi senzuradankənar sözlərlə xahiş etmişdi. Açıq, hörmətələyiq, yüksək yumor hissinə malik qapıçı – belə birisini necə sevməyəsən?!
Zaman baxımından Hartın bəxti bir qədər gətirmədi. Ən yaxşı vaxtlarında o, qapı xəttində, sadəcə, Allahlıq edir, qeyri-adi zərbələri çıxarırdı. Ümumiyyətlə, hər kəs – Runidən Messiyə qədər – ona heyranlıq duyurdu. Təkcə elə ser Aleks Ferqyusonun sitatı nəyə desən, dəyər:
“Hartın qarşıdakı 10 il ərzində İngiltərə yığmasının əsas qapıçısı olacağına şübhə etmirəm. İngiltərənin son 20 ildəki qapıçıları ilə bağlı vəziyyəti dəyərləndirsək, Hart ən yaxşıdı. Mən onu “Şrusberi Taun”dan 100 min funta ala bilərdim, ancaq hər birimiz səhv edə bilərik”.
Co yığmada 75 oyun keçirdi. Ancaq futbol dəyişir və sadəcə, yaxşı, hətta möhtəşəm qapıçı olmaq kifayət etmir. Hartla Xosep Qvardiolanın qarşılıqlı münasibətləri mövzusuna keçməmiş vurğulamaq lazımdı ki, adı çəkilən qapıçı tez-tez səhvə də yol verirdi. Bəzən hətta səhvlərin sayı normanı aşırdı, bu üzdən, demək olar ki, bütün məşqçilərin dönəmində müntəzəm ehtiyat oyunçular skamyasında qalıb. Ancaq elit oyun keyfiyyətləri həmişə üstün gəlib. Hart ideal idman formasında, sadəcə, rəqib tanımırdı.
Beləliklə, Hartın karyerasında Qvardiola peyda oldu. O, “Siti”yə 2016-cı ildə gəldi və gələn kimi də komandanın əsas qapıçısı ilə uzun, həm də açıq söhbət etdi. Danışıqdan çıxan ümumi mesaj bu idi ki, sən mənə lazım deyilsən. İş ondadı ki, Hart ayaqla oynamaq baxımında həmişə çətinlik çəkib. Hətta ən uğurlu mövsümlərində də ayaqla ötürmələrinin dəqiqlik faizi çətinliklə 50-yə çatıb. Edersonla bu baxımdan heç müqayisəyə gəlməz.
Qvardiola dönəmindəki mövsümün ilk matçında qapıda Villi Kabalyero dayandı. Hart ispaniyalı mütəxəssisin vaxtında yalnız bir dəfə - Çempionlar Liqasının təsnifat mərhələsinin “Styaua” ilə cavab oyununda etimad qazandı. Onda da hər şey aydın idi. “Şəhərlilər” ilk oyunda 5:0 hesabıyla qalib gəlmişdi. Vəssalam, bundan sonra Qvardiola klubun əfsanəsinə bir dəqiqə də oyun vaxtı vermədi. Əlbəttə, belə durum Conu sındırdı. Sonrakı 5 il ərzində qapıçı qətiyyən öz yerini tapa bilmədi, bu komandadan o birinə keçir, ancaq heç yerdə özünü göstərə bilmirdi. “Torino”, “Vest Hem”, “Bernli”, “Tottenhem” – birvaxtların adlı-sanlı qapıçısı bu komandaların heç birində 40 oyun həddinə çata bilmədi. Uzaqbaşı 2021-ci ildən formasını geyməyə başladığı “Seltik”dəki karyerasının alındığını söyləmək olar. Gerçəkdən statistika pis deyil. Qlazqo nəhənginin heyətində 139 oyun (yalnız “Siti”də bundan çoxdu - 266), keçirib, hər oyunda orta hesabla birdən az qol buraxıb, 59 oyunda qapısını toxunulmaz saxlayıb, ikisi çempionluq olmaqla beş titul qazanıb.
Hart futboldan tribunaların sevimlisi kimi gedir. Elə belə də olmalıydı, ancaq Qlazqoda yox, Mançesterdə. Təəssüf ki, Co oyununu inkişaf etdirməyin arxasınca qaçmadı. Çoxları üçün o elə həmin vaxt, 2016-cı ildə - 29 yaşında bitmişdi. Halbuki hər şey fərqli ola bilərdi. Karyerası necə möhtəşəm başlamışdısa, bu günə qədər həm “Mançester Siti”nin, həm də İngiltərə yığmasının qapıçıları arasında oyun sayına görə 2-ci yerdədi, İngiltərə və Şotlandiyanın bütün klub turnirlərində qələbə qazanıb, premyer-liqada rekord sayda – 4 dəfə “Qızıl əlcək” qazanıb. Onun karyerasının ilk mərhələsi fenomenal alındı, indi isə karyerasını yarıməfsanə kimi bitirir. Sadəcə, Hart lazımi vaxtda lazımi yerdə olmadı. Qudbay, Co!