Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu komanda Ərtoğrul Sağlamla yollarını ayırıb Mustafa Gürsellə ilyarımlıq müqavilə imzaladı.
Bilindiyi kimi, Ramil indiyə qədər 4 matçda meydana çıxsa da, hələ ki nə qol, nə də məshuldar ötürmə ilə yadda qalıb. “Football-plus.az”ın məlumatına görə, “Özgür Kocaelispor” qəzetinin yazarı Uğur Uludağ Sağlamın gedişindən sonra komandanın idarə olunmasında yol verdiyi səhvlərdən bəhs edərkən bu məqama toxunub. Türkiyəli həmkarımız baş məşqçinin Ramilin potensialından düzgün istifadə etmədiyini yazıb:
“Ərtoğrul Sağlamın yanlış strategiyası üzündən futbolçuların gücündən yetərincə faydalana bilmirdik. Son iki oyunda yol verilən səhvlər olmasaydı, xal itkiləri yaşanmayacaqdı. Sağlam hələ də komandanın rəhbəri idi. Məsələn, Ramilin hücumçu kimi nə qədər bacarıqlı olduğunu bilirik. “Şanlıurfaspor”la oyunda ikinci hissədə meydana çıxdı. Halbuki bu daha tez baş verməliydi və hücum cəhdlərində bitirici zərbə məhz ona həvalə edilməliydi. Ramil Davit Skirtladzeylə birlikdə daha yaxşı oyun göstərə bilərdi. Hücum xəttini düzgün qura bilmirsənsə, təbii ki, getməliydin. “Kocaelispor”un “qan dəyişikliyi”nə çoxdan ehtiyacı var idi”.
KƏNAN BAHADIR






