İngiltərə futbolunun nəhəngləri hesabat turunda sensasiyaya imkan vermədi.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem” kimi qələbə yolunda çətinliklə üzləşən də oldu, “Arsenal” kimi rəqibinə göz açmağa imkan verməyən də. Nəticədə ilk “3-lük” dəyişmədi, sadəcə, “mahmızlar” “Aston Villa”nı 4-cü pillədən sıxışdırıb çıxardı.
“Mançester Siti” “Everton”la oyunda hansısa problem yaşamadı və bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazandı. “Şəhərlilər” oyunboyu topa total nəzarət etdi, “göylər” isə yalnız qapısının toxunulmazlığının qayğısına qaldı. Onlar müəyyən zaman kəsiyində bunu bacardılar. “Siti”nin təzyiqi təhlükəli vəziyyətlərlə müşayiət olunmadı, “Everton”un müdafiəsi rəqibin ulduz hücumçularının öhdəsindən gəldi. 2-ci hissənin ortalarında güman etmək olardı ki, “Siti” indicə əsəbləşəcək. Ancaq heç təzyiqi artırmaq da lazım gəlmədi. Növbəti künc zərbələrindən biri Holannın qolu ilə nəticələndi. Bundan sonrası asan idi. Qonaqlar hücuma atılan kimi əks-hücumda 2-ci qolu da buraxdılar. “Siti” “Liverpul”dan əvvəl meydana çıxdığından bir neçə saatlığıa liderliyi ələ aldı. Əslində “şəhərlilər”in bu mövsüm çempionluğu əldən verməsi üçün heç bir əsas görünmür.
Autsayder “Bernli”ni qəbul edən “Liverpul” da qələbə qazandı. Oyun qonaqların diqtəsi altında başladı, onlar gözlənilmədən rəqibi sıxışdırdılar. Ancaq Alekander-Arnold 31-ci dəqiqədə künc zərbəsini elə yerinə yetirdi ki, Jota hesabı açdı. Bu epizodda О`Şi ilə toqquşan “Bernli”nin qapıçısı səhv etdi. Məhz О`Şi hissənin sonunda başla topu qapının “9-luğ”a göndərməklə hesabı bərabərləşdirdi. Görünür, Klopp fasilədə futbolçularına necə lazımdı təpindi. Onlar 2-ci hissədə daha yaxşı oynadı. Bunun nəticəsi kimi mersisaydlılar daha iki qol vurdu - Dias və Nunyes fərqləndi. Qonaqların da qol vurmaq üçün imkanları var idi. “Bernli” bütün komandalara qarşı belə mübarizə aparsa, bəlkə də elitada yerini qoruya bilər. “Liverpul” oyunun əvvəlində rəqibi dəyərləndirməsə də, sonradan səhvini düzəltdi.
Bir həftə olduğu kimi, “Tottenhem”in oyununda yenə də həlledici qol uzatma dəqiqələrində vuruldu. Sadəcə, ötən tur “mahmızlar” “Qudison Park”da lap sonda qol buraxmaqla qələbəni əldən vermişdisə, “Brayton”la oyunda uzatma dəqiqələri “Tottenhem”ə xoşbəxtlik gətirdi. Sonun asmasını tamamlayan Conson komandasına əzmkar qələbə qazandırdı. Oyunda ilk qol isə 1-ci hissədə vuruldu – Uelbekin qazandığı penaltini qola çevirən Qross “qağayılar”ı irəli çıxardı. “Brayton” saatın tamamına qədər qələbə hesabını qoruya bildi. 62-ci dəqiqədə Sarr Dankın ayağından səkib dirəyə dəyən topu qapıya göndərdi. Heç-heçə hesabında meydanda bərabər oyun gedirdi, hər iki komanda irəli çıxa bilərdi. “Tottenhem”in bəxti gətirdi. “Mahmızlar”ın qələbəsini qanunauyğun saymaq olar, ona görə ki, rəqiblə müqayisədə daha çox qol vəziyyəti yaratmışdılar. “Tottenhem” bu qələbə sayəsində ilk “4-lüy”ə qayıtdı.
Əlbəttə, “Arsenal”ın oyunçuları “Vest Hem”lə 1-ci dövrədəki London derbisini xatırlayırdılar. Evdə “çəkicdöyənlər”ə 0:2 uduzan “topçular”ın motivasiyası yerində idi. “Arsenal” oyuna sakit başladı və rəqibin özünü necə aparacağına fikir verdi. İlk yarıda hətta “Vest Hem”in qısamüddətli fəallıq dövrü də oldu. “Arsenal” tədricən rəqibi öz qapısına doğru sıxdı və 32-ci dəqiqədə Saliba hesabı açdı. Bu qol Moyesin komandasını necə ruhdan saldısa, “Arsenal” fasiləyə qədər daha üç qol vurdu. Penalti qazanan və dəqiq yerinə yetirən Saka fərqi artırdı. Ardından Qabriel və Trossar da fərqləndi. Belədə 2-ci hissə formallığa çevrildi, təsadüfi deyil ki, “Vest Hem”in əksər azarkeşləri artıq fasilədə stadionu tərk etdi. Yəqin bu qərara görə təəssüflənmədilər. 2-ci hissəni “qənaət” rejimində keçirən “Arsenal” Areolyanı daha iki dəfə təslim olmağa məcbur etdi. Dekabrdakı məğlubiyyətin qisasını amansızcasına alan “Arsenal” xal hesabında MS-yə çatdı.
“Aston Villa” ilk “4-lüy”ə qayıda bilmədi. Birmingemlilər yenidən “Mançester Yunayted”ə uduzdu. Hərçənd bu oyun istənilən nəticə ilə bitə bilərdi. MY 17-ci dəqiqədə hesabı açandan sonra təşəbbüsü ələ alan “Aston Villa” bir neçə təhlükəli vəziyyət yaratsa da, bunlardan yararlana bilmədi. Qonaqlar da fərqi artırmaq üçün bir neçə şans yaxaladı. Birmingemlilər yalnız 2-ci hissənin ortalarında getdikcə daha aşkar şəkildə hiss olunan üstünlüyü qola çevirə bildi. Belə düşünmək olardı ki, onlar təzyiqi artıraraq qələbə topunu da vuracaq. Əslində belə imkanlar oldu da. Ancaq meydan sahibləri 2-ci qolu vura bilmədi. MY-nin işinə isə Maktominey yaradı. Sonradan meydana çıxan şotlandiyalı futbolçu qələbə topunu vurdu. Meydan sahibləri sonra hamılıqla irəli atılsa da, məğlubiyyətdən qurtula bilmədi.
Turun qalan oyunlarına gəlincə, “Fulhem” evdə, “Brentford”, “Şeffild Yunayted” və “Nyukasl” səfərdə qələbə qazandı. Dünən axşam keçirilən son oyunda “Çelsi” uzatma dəqiqələrində sevindi.
24-cü tur
Mançester Siti – Everton 2:0
Holann, 71; 85.
MS: Ederson, Ake, Stounz, Diaş, Akanci (Uoker, 57), Rodri, Dokyu (Qriliş, 87), Alvares (B.Silva, 77), Nunyeş (De Bruyne, 57), Foden, Holann.
Liverpul – Bernli 3:1
Jota, 31. Dias, 52. Nunyes, 79 – О`Şi, 45. (59896)
Liverpul: Kelleher, Robertson (Simikas, 90+7), Van Diyk, Kuansa, Aleksander-Arnold (Elliott, 46), Makallister (Klark, 90+7), Endo (Makkonnell, 90+6), Cons, Dias (Qakpo, 82), Nunyes, Jota.
Vest Hem – Arsenal 0:6
Saliba, 32. Saka, 41-p.; 63. Qabriel, 44. Trossar, 45+2. Rays, 66.
Arsenal: Rayya, Kivyor, Qabriel, Saliba, Uayt (Soareş, 77), Edeqor, Rays (Elneni, 67), Haverts, Martinelli (Nvaneri, 77), Trossar (Nketia, 67), Saka (Nelson, 67).
Aston Villa – Mançester Yunayted 1:2
Luis, 67 – Heylunn, 17. Maktominey, 86.
MY: Onana, Şou (Lindelöf, 46), Varan, Maquayr, Dalot, Kazemiro, Maynu (Amrabat, 90+2), Reşford (Maktominey, 73), Fernandeş, Qarnaço, Heylunn (Evans, 90+2).
Tottenhem – Brayton 2:1
Sarr, 61. Conson, 90+6 – Qross, 16-p. (61445)
Tottenhem: Vikario, Udoci (Heybyerq, 80), Van de Ven, Romero, Porro, Sarr (Devis, 80), Bentankur (Son Hın Min, 62), Meddison, Verner (Conson, 62), Rişarlison, Kulusevski (Bissuma, 62).
Fulhem – Bornmut 3:1
De Kordova-Rid, 5. Muniz, 36; 52 – Senesi, 50. (24271)
Vulverhempton – Brentford 0:2
Nerqor, 35. Touni, 77. (30731)
Luton – Şeffild Yunayted 1:3
Morris, 52-p. – Arçer, 30. Makeyti, 26-p. Souza, 73. (11138)
Nottingem Forest – Nyukasl 2:3
Elanqa, 26. Hadson-Odoi, 45+6 – Gimarayns, 10; 66. Şer, 43. (29451)
Kristal Pelas – Çelsi ???
1. Liverpul 24 16 6 2 55-23 54
2. Mançester S. 23 16 4 3 56-25 52
3. Arsenal 24 16 4 4 53-22 52
4. Tottenhem 24 14 5 5 51-36 47
5. Aston Villa 24 14 4 6 50-32 46
6. Mançester Y. 24 13 2 9 33-33 41
7. Nyukasl 24 11 3 10 51-39 36
8. Vest Hem 24 10 6 8 36-42 36
9. Brayton 24 9 8 7 43-40 35
10. Çelsi 24 10 4 10 41-40 34
11. Vulverhempton 24 9 5 10 37-39 32
12. Fulhem 24 8 5 11 33-39 29
13. Bornmut 23 7 6 10 31-44 27
14. Brentford 23 7 4 11 34-39 25
15. Kristal Pelas 24 6 6 12 27-43 24
16. Nottingem F. 24 5 6 13 30-44 21
17. Luton 24 5 5 13 33-45 20
18. Everton (-10) 24 8 5 11 26-32 19
19. Bernli 24 3 4 17 25-50 13
20. Şeffild Y. 24 3 4 17 22-60 13
Bombardirlər: Holann (MS) - 16, Salah (Liverpul) – 14, Solanke (Bornmut) - 13, Son Hın Min (Tottenhem) - 12, Bouen (Vest Hem), Uotkins (Aston Villa) – 11.
Növbəti turun oyunları fevralın 17-19-u aralığında keçiriləcək: Brentford – Liverpul, Bernli – Arsenal, Nottingem Forest – Vest Hem, Nyukasl – Bornmut, Tottenhem – Vulverhempton, Fulhem – Aston Villa, Mançester Siti – Çelsi, Şeffild Yunayted – Brayton, Luton – Mançester Yunayted, Everton – Kristal Pelas.
Turun rəqəmi
59896 – “Bernli” ilə oyunda “Enfild”ə məhz bu qədər azarkeş toplaşdı və stadionun yeni rekordu müəyyənləşdi. Bu stadionda azarkeş sayı ilə bağlı son rekord 1949-ci ildə qeydə alınmışdı və 58757 nəfər idi.
Turun ulduzu
Andre Onana (MY) – qapıçı bəzən əsəbi görünsə də, üslubu belədi. Əvəzində səhvə yol vermədi, ideal oynamayan komanda yoldaşlarının səhvlərini təmizlədi. Bəzi epizodlarda MY-nin xilaskarı rolunu oynadı.
Turun sitatı
Hari Nevill, MY-nin sabiq oyunçusuu: “Düşünürəm ki, indi MS-yə ən yaxın olan komanda “Arsenal”dı. Bəli, “Liverpul” hazırda zirvədə qərarlaşıb, əla məşqçisi var, ancaq “Arsenal”a baxanda görürəm ki, bu komanda “Liverpul”dan yaxşıdı”.
Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi: “2-ci hissədəki dəyişikliklər oyunumuza yeni ritm gətirdi və əlbəttə, Holann döndü. Künc zərbələrində bizə çox yardım etdi. Müsbət əhval-ruhiyyədə deyilsənsə, yaxşı futbol göstərmək olmaz. Daim gileylənir və kədərlənirsənsə, heç nə alınmayacaq. Fasilədə uşaqlara dedim ki, 5:0 hesabı ilə qələbə qazanacağınızı gözləyirdiz? Daha bir trebl? Dostlar, bu nağıldı. MS-nin trebl etməmək şansı 99,9 faizdi. Bunu ona görə deyirəm ki, tarixdə heç bir komanda ardıcıl iki il trebl etməyi bacarmayıb. Heç vaxt”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Qəribə və mürəkkəb oyun idi. Oyunun axarını nəzərə alsaq, son nəticə idealdı. Əlbəttə, Aleksander-Arnoldun zədələnməsini nəzərə almasaq. Yenə dizinin həmin nahiyəsindən zədə aldı. Qorxulu heç nə yoxdu, sadəcə, özünü bir qədər narahat hiss etdi. İki həftə əvvəl heyətlə bağlı ideal vəziyyətdəydik. Amma indi bütün mövqelərdə oyunçumuz çatmır. İndi Vensan Kompaninin (“Bernli”nin baş məşqçisi – red.) halını təsəvvür edirəm. Onun komandası bu gün bizə xeyli çətinlik yaşatdı. Oyunu ümumi xarakterizə etsək, ilk 15 dəqiqədə çox tələsdik, belədə rəqib əks-hücumlarda bizə problem yaratdı. Ancaq sonra sakitləşdik və möcüzəvi qollar vurduq”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Bizim üçün çox vacib qələbədi. Hədəfimizə çatdıq, bunu bacarmaq üslubumuz xoşuma gəldi. Bugünkü oyunda ilk 20 dəqiqəni xüsusi fərqləndirərdim, onda oyunun axarına tam nəzarət etdik. Oyun çox intensiv keçdi, futbolçular sona yaxın yorulmağa başladı. Lap sona qədər oyunun taleyinə aydınlıq gəlmədi – istənilən komanda qələbə qazana bilərdi. Ancaq biz xarakter göstərdik. Düşünürəm ki, əvəzetmələr də oyunun axarına təsir göstərdi”.
Faktlar
* Aleksander-Arnold müdafiəçilər arasında məhsuldar ötürmələrin sayına görə premyer-liqa tarixində liderliyə yüksəldi. “Bernli” ilə oyunda 58-ci belə ötürməsini verən Trent komanda yoldaşı Robertsonu (57) arxada qoydu.
* Holann premyer-liqada yeni rekord müəyyənləşdirdi. “Şəhərlilər”in start heyətində 50-ci dəfə görünən 23 yaşlı norveçli dubl etməklə bu oyunlardakı qol sayını 51-ə çatdırdı. Premyer-liqada heç bir başqa futbolçu premyer-liqada start heyətinə düşdüyü ilk 50 oyunda bu qədər qol vurmayıb. Holannın 2022-nin yayından “Siti”nin şərəfini qoruduğunu da xatırladaq.
* 22 yaşlı Saka “Arsenal”da 50-ci qolunu vurdu. O, komandanın son 40 ildə bu həddə çatan ən gənc oyunçusudu. 1978-ci ildə Frenk Steplton bu həddə çatmışdı. “Arsenal”ın heyətində bütün turnirlərdə 210 keçirən Sakanın hesabında 49 məhsuldar ötürmə də var.
* MY artıq 6 ildi fevralda uduzmur – 24 oyunda 15 qələbə, 9 heç-heçə???. Düzdü, komanda bu ilin fevralında hələ üç oyun da keçirməlidi: “Luton” (18.02), “Fulhem” (24.02), “Nottingem Forest” (28.02).
* “Vest Hem” premyer-liqada ən ağır ev məğlubiyyətini aldı, “Arsenal” isə ən böyükhesablı səfər qələbəsini qazandı.
* Heylunn ardıcıl 5-ci oyunda MY-nin rəqiblərinin qapısına yol tapdı.