Əvvəlcə hər kəsə elə gəldi ki, meydanda ciddi mübarizə izləyə bilməyəcəyik.
"Football-plus.az" xəbər verir ki, axı “qırmızılar” artıq 11-ci dəqiqədə hesabı açdı. Dias qol anında hər şeyi yaxşı etdi, əlbəttə, səkən topun yardımı ilə. Qoldan sonra sanki “Fulhem”i “şəbəkədən ayırdılar”. Komanda çox ləng və taleyi ilə barışmış kimi görünürdü. “Liverpul” rəqibi təslim olmağa məcbur edə bilərdi. Qakpo əlverişli imkanı qaçırdı, Diasın 2-ci qolu ofdayd üzündən sayılmadı. Silva fasilədə yetirmələrinə yaxçıca “qulaqburması verdi”. 2-ci yarıya daha gümrah başlayan “bağbanlar” hesabı bərabərləşdirə bilərdi. Ancaq Pereyranın zərbəsindən sonra top dirəyə dəydi. Ardından “Fulhem”in qapıçısı Leno Elliott ilə Nunyesin zərbələrindən sonra komandasını qoldan xilas etdi. Tədricən fəallaşan “Fulhem” sona 13 dəqiqə qalmış hesabı bərabərləşdirdi. Sonradan meydana çıxan Uilson reydini Diopa məhsuldar ötürmə ilə bitirdi. Uilsonun daha bir təhlükəli zərbəsinin qarşısını Kelleher aldı. Heç-heçəni qoruyan “Liverpul” ilk oyundakı qələbə sayəsində finala adladı və son üç ildə 2-ci dəfə Liqa kubokunun finalında “Çelsi”yə rəqib oldu. Bu komandalar 2022-də də qarşılaşmış, onda mersisaydlılar penalti seriyasında qalib gəlmişdi. Xatırladaq ki, final oyunu fevralın 25-də “Uembli”də keçiriləcək.
yarımfinal, cavab görüşü
Fulhem – Liverpul 1:1 (ilk oyun - 1:2)
Diop, 77 – Dias, 11.
Fulhem: Leno, Kastan (Tete, 83), Diop, Adarabioyo, Robinson, Palinya, Kerni (Rid, 83), Pereyra (Muniz, 83), De Kordova-Rid (Uilson, 67), Villian, Ximenes.
Liverpul: Kelleher, Bredli, Kuansa, Van Diyk, Qomes, Makallister (Cons, 67), Qravenberx (Klark, 84), Elliott, Dias, Qakpo (Konate, 84), Nunyes (Jota, 67).
Digər yarımfinal cütündə “Çelsi” “Midlsbro”ya qalib gəlib (0:1, 6:1).
Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Fantastikdi. Artıq təcrübəmiz var idi, nə etməli olduğumuzu bilirdik. Və yenə “Çelsi”. Açıq oyun getdi, rəqib 2-ci hissədə daha yaxşı oynadı. Biz qol vurmadıq, “Fulhem” hesabı bərabərləşdirdi. Ancaq uşaqlar vəzifənin öhdəsindən gəldi və mən çox razıyam. Enində-sonunda ən önəmli məqam finala vəsiqə qazanmaqdı. Yeniyetmələrimiz möhtəşəm idi, paltardəyişmə otağında onların sevincini gördüm. Bu, parlaq oyun göstərmək yox, finala çıxmaq üçün olan gecə idi. Marko Silvadan finalın “Fulhem” üçün necə böyük əhəmiyyət daşıdığını eşitdiz. Qalan turnirlərə də eyni dərəcədə köklənməliyik”.
Marko Silva, “Fulhem”in baş məşqçisi: “Cari mövsümdə bu turnirdəki macəramızla qürur duyuram. Liqa kubokunda keçirdiyimiz ilk oyundan (2-ci mərhələdə “Tottenhem”i penalti seriyasında 5:3 məğlub ediblər – red.) bəri arzumuzu və ambisiyamızı göstərmişik. Premyer-liqanın zirvəsində olan komanda ilə dueldə 2-ci oyunun sonuna qədər şansımızı qoruduq. Bununla qürur duymalıyıq. Təəssüf ki, qalib gələ bilmədik. Bizə əlavə vaxt lazım idi. Stadiondakı möhtəşəm atmosferi də qeyd etməliyəm”.
Fakt
Heç bir başqa komanda Liqa kubokunun finalında “Liverpul”dan çox oynamayıb. Mersisaydlılar finala 14-cü dəfə çıxmaqla öz rekordunu yenilədi. Bu göstəricidə ikinci olan “Mançester Yunayted” 10 dəfə finalda oynayıb. “Liverpul” 9 dəfə Liqa kubokunun qalibi olub ki, bu da turnirin rekordudu.