Yanvarın 7-də A seriyasının 19-cu turuna yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, başqa sözlə, 2023/24 mövsümündə ilk dövrə arxada qaldı. İtaliya çempionatının ilk yarısının hansı hadisələrlə yadda qaldığını xatırlatmağın vaxtıdı. Dövrə çox müxtəlif məqamlar baxımından zəngin keçdi. İndi geri boylanaraq mövsümün ilk dörd ayyarımlıq hissəsini müxtəlif məqamlarına görə xatırlayacağıq. Beləliklə, ilk dövrənin...
...komandası...
“İnter” əmin addımlarla çempionluğa doğru irəliləyir. Doğrudu, bu hədəfə çatıb-çatmayacağının bilinməsi üçün hələ uzun müddət gözləmək lazım gələcək. Amma bu da var ki, lombardiyalıların hazırkı göstəriciləri skudettonu qazanacaq komandaya çox uyğun gəlir. A seriyasında keçirdiyi ilk 19 oyunda 48 xal toplayan “İnter” zirvədə möhkəmlənib. Milanlılar buna 15 qələbə və 3 heç-heçə ilə nail olublar. Onların yeganə məğlubiyyəti 6-cı tura təsadüf edib. Ötən il sentyabrın 27-də evdə “Sassuolo”ya 1:2 hesabı ilə uduzan “qara-göylər” A seriyasında bir sıra göstəricilərə əsasən hamını arxada qoyurlar. İlk dövrədə ən çox qələbə (15) qazanan komanda “İnter”di. Ən az məğlubiyyət də bu komandaya məxsusdu, amma “Yuventus” da bir dəfə uduzub (maraqlıdı ki, turinliər də dövrəni 15-ci yerdə başa vuran “Sassuolo”ya məğlub olublar – 2:4). İtaliya çempionatında ən çox top (44) vuran və ən az top (9) buraxan komanda məhz “İnter”di.
Amma ikinci dövrədə milanlıların işinin asan olacağını söyləmək mümkün deyil. Əvvəla, “İnter” əsas izləyicisi “Yuventus”u yalnız 2 xal qabaqlayır. Fərq kiçikdi. Həm də nəzərə almaq lazımdı ki, “Yuventus” milanlılardan fərqli avrokuboklarda çıxış etmir. “İnter”i isə Çempiolar Liqasının (ÇL) 1/8 finalında “Atletiko” ilə iki çətin oyun gözləyir. İlk dövrəni liderdən 9 xal geridə başa vuran və Avropa Liqasında mübarizə aparacaq “Milan”ı da hesabdan silmək olmaz.
...məşqçisi...
Komandasını uzun müddətdi zirvədə saxlayan məşqçi ilk dövrədə digər həmkarlarından niyə üstün olmasın?! Bəli, “İnter”i keyfiyyətcə yeni səviyyəyə qaldıran məhz Simone İnzaqidi. 47 yaşlı mütəxəssisin gördüyü işlər göz qabağındadı. Ötən yay Andre Onana, Milan Şkrinyar və Romelu Lukaku kimi aparıcı oyunçuların gedişindən sonra komandanın hardasa yenidən qurulacağını iddia edənlər də tapılmışdı. Lakin İnzaqi belə düşünənlərin yanıldığını artıq sübut edib. Yeni gələnlər Yan Zommer, Benjamen Pavar, Davide Frattezi və Markus Türam məhz baş məşqçinin bacarığı sayəsində komandaya uyğunlaşa biliblər.
Yeri gəlmişkən, İtaliyada daha əvvəl 5 il (2016-21) “Latsio”nu çalışdıran İnzaqi bir neçə dəfə İtaliya kubokunu və superkubokunu başı üzərinə qaldırıb. Lakin heç vaxt skudettonu qazanmağın sevincini yaşamayıb. Deməli, bu il karyerasındakı bu boşluğu aradan qaldırmaq üçün əsl məqam yetişib.
...oyunçusu...
Lautaro Martines 17 oyuna 16 qolla ilk dövrənin ən yaxşı bombardiri oldu. Bu siyahıda növbəti yerləri tutan Domeniko Berardi (Sassuolo) ilə Olivye Jiru (Milan) qapılara hərəyə 9 dəfə yol tapıblar. “İnter”in argentinalı hücumçusunun A seriyasında 2 məhsuldar ötürmə etdiyini də bildirək. Lautaronun 7-ci turda komandasının Salernoda büdrəməsinə imkan vermədiyini xatırlamamaq olmur. “İnter”in 4 cavabsız qolla qalib gəldiyi matçda qolların hamısını 55-ci dəqiqədə meydana daxil olan hücumçu vurdu. Mübarizəyə sonradan qoşulan və 27 dəqiqəyə poker edən dünya çempionu İtaliya çempionatında bu statistikanın aparıldığı 1994/95 mövsümündən sonra bunu bacaran ilk futbolçu oldu.
DÇ-2022-nin qalibi həqiqətən də milanlıların əsas oyunçusudu. 26 yaşlı Lautaro meydanda olmayanda komanda hücum xəttində problemlər yaşayır. “İnter” üçün vacib oyunçu olduğunu yaxşı anlayan rəhbərlik ona yeni müqavilə təklif etməyə bilməzdi. Yerli mənbələr tərəflərin artıq bu mövzuda razılığa gəldiyini, Martinesin tezliklə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacağını və illik məvacibinin 8 milyon avroya qədər artırılacağını xəbər verir.
...oyunu...
10-cu turun oktyabrın 29-da Kalyaridə keçirilən oyununda əsl futbol trilleri yaşandı. Eyniadlı komanda ilk 50 dəqiqə ərzində “Frozinone”dən 3 qol buraxarkən çoxları növbəti məğlubiyyətin qaçılmaz olacağı haqda düşünməyə başlamışdı. Ev sahiblərinin oyunçusu Marko Mankozu 30-cu dəqiqədə penaltini boşa vermişdi. Lakin sardiniyalılar 72-ci dəqiqədə qollardan birinin əvəzini çıxandan sonra qarşısıalınmaz komandaya çevrildilər. Hakimin final fitinə qədər dayanmaq bilməyən ev sahibləri daha 3 qol vuraraq (son iki qolu Leonardo Pavoletti 90+4-cü və 90+6-cı dəqiqələrdə vurdu) bu mövsüm ilk qələbəsini qazandılar! Superəzmkarlığı Klaudio Ranyerinin komandasını sonuncu yerdən qurtardı.
...rekordu...
4-cü turun sentyabrın 16-da keçirilən oyununda “İnter”ə 1:5 hesabı ilə uduzan “Milan” 2023-cü ildə əzəli rəqibi ilə bacara bilmədi. Komanda tarixində ilk dəfə derbidə ardıcıl 5-ci dəfə məğlub oldu. “İnter” əzəli rəqibinə 2023-cü il yanvarın 18-dən başlayaraq İtaliya Superkubokunda 3:0, A seriyasında 1:0, Çempionlar Liqasında isə 2:0 və 1:0 hesablarıyla qalib gəlmişdi. “Qara-göylər” sonuncu dəfə “qırmızı-qaralar”a 4 top fərqi ilə 2009-cu ilin avqustunda qalib gəlmişdilər. “İnter”in əzəli rəqibinin qapısından sonuncu dəfə 5 topu 1974-cü ilin martında (5:1) keçirdiyini də qeyd edək.
...seriyası...
İlk dövrədə diqqəti cəlb edən ən uzun seriya “İnter”ə məxsusdu. Lider 19 turun hamısında qol vurub. İnzaqinin komandası rəqib qapısına 5 oyunda 1, 8 oyunda 2, 2 oyunda 3, 3 oyunda 4, 1 oyunda isə 5 dəfə yol tapıb.
...istefası...
“Napoli” rəhbərliyi ötən il noyabrın 14-də Rudi Qarsiya ilə yolları ayırdı. A seriyasının 12-ci turunda evdə “Empoli”yə 0:1 hesablı məğlubiyyət fransalı baş məşqçinin istefaya göndərilməsini qaçılmaz etdi. Ötən mövsümün çempionu autsayderlər qrupundakı rəqibə şok məğlubiyyətlə lider “İnter”dən 10 xal geri düşməklə 4-cü yerdə idi. İtaliyada 2013-16-cı illərdə “Roma”nı çalışdıran 59 yaşlı Qarsiya “Napoli”yə iyunun 15-də təyinat almışdı. Ancaq sələfi Luçano Spallettidən ona miras qalan komandanı zirvədə saxlaya bilmədi və Neapolu 5 aydan sonra tərk etməli oldu.
...təyinatı...
Qarsiyanın yerinə Valter Matsarri təyinat aldı. O, Neapol üçün yad mütəxəssis deyildi. 62 yaşlı məşqçi “Napoli”ni 2009-13-cü illərdə çalışdırmışdı. Amma o da komandanın oyun planında problemlərini həll edə bilməyib. Son çempion hazırda ötən mövsümkü komandanın miskin kölgəsini xatırladır. Zarafat deyil, “Napoli” ilk dövrəni 28 xalla 9-cu yerdə başa vurub. Liderdən 20 xal geri qalan cənubluların titulu qorumaq şansı möcüzəyə bağlıdı...
...uğurlu transferi...
Bu nominasiyaya ən layiq olan oyunçu Romelu Lukakudu. “Roma”nın yayda “Çelsi”dən icarəyə götürdüyü futbolçu əvvəlki mövsümü eyni statusla “İnter”də keçirmiş, 25 oyuna 10 qol vurmuşdu. 30 yaşlı belçikalı hücumçu cari mövsümün ilk yarısında A seriyasında meydana çıxdığı 15 oyunda 8 qol vurdu və 1 məhsuldar ötürmə etdi.
...uğursuz transferi...
“Roma” yayda Renato Sanşeşi də sıralarına böyük ümidlərlə cəlb etmişdi. Ancaq PSJ-dən icarəyə götürülən futbolçunun keçidi gözlənilən effekti vermədi: zədə sindromu yaşayan 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi A seriyasında yalnız 5 oyunda meydana çıxa və 1 qola sevinə bildi.
...zədəsi...
“Napoli” Viktor Osimheni, belə desək, ilk dövrədə çox axtardı. Onun zədə səbəbi ilə bir müddət yaşıl meydanlardan uzaq düşməsi komandanın hücum potensialına mənfi təsir etməyə bilməzdi. Nigeriyalı forvard ilk dövrədə çempionatın 13 oyununda iştirak etdi və 7 qol vurdu.
Yeri gəlmişkən, onunla bağlı bu məqamı da vurğulayaq. Oyunlardan birində penaltini boşa verməsi klubun sosial şəbəkə hesabında həmin epizodla bağı videoçarxın yayılması ilə müşayiət olundu. Bunu özü üçün rişğənd, hətta təhqir hesab edən Viktorun növbəti oyuna çıxmaq istəmədiyi iddia edildi. Ara sakitləşəndən sonra da afrikalının Neapolda sonuncu mövsümünü keçirdiyi iddia edilirdi. Lakin Osimhen dekabrda klubla müqaviləsini yenilədi.
...qalmaqalı...
Mövsümün ilk dövrəsində mərc oyunları ilə bağlı qalmaqal baş verdi. İlk dəfə “La Repubblica” qəzetində bununla bağlı material dərc olundu. Bu mənbəyə görə, A seriyasında çıxış edən 10-dan çox futbolçusu istintaqa cəlb edilib. Əvvəlcə “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərclər etdiyini boynuna aldı. Vəkillərinin dediyinə görə, futbolçu heç vaxt çıxış etdiyi komandaların matçlarına pul qoyuluşu etməyib. Onlar, sadəcə, Facolinin mərc aludəçiliyinin olduğunu bildirdilər. Nikolo gənc yaşlarından fəal şəkildə poker oynamağa başlayıb. “La Repubblica”nın digər məlumatına görə, İtaliya millisinin oyunçuları Sandro Tonali (Nyukasl) ilə Nikolo Zanyoloya (Aston Villa) da qarşı qanunsuz mərc oyunları ilə bağlı ittiham irəli sürülə bilərdi. Jurnalist Fabritsio Koronada onda bu futbolçuların həqiqətən mərc oynadıqlarını sübut edən məlumatların olduğunu bildirdi. Hər iki oyunçunun hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı da məlum oldu. Lakin istintaq nəticəsində yalnız iki futbolçuya rəsmi ittiham irəli sürüldü. Facoli 7 aylığa diskvalifikasiya edildi. Tonali də belə cəzaya məhkum olundu.
...cəzası...
Pol Poqbadan 1-ci turun “Udineze” ilə avqustun 20-də keçirilən oyunundan sonra götürülən dopinq testi müsbət nəticə verdi. “Yuventus”un fransalı yarımmüdafiəçisi buna görə qeyri-müəyyən müddətə cəzalandı.
...rəmzi komandası...
“Futbol+”in seçiminə görə, lider “İnter” rəmzi komandada daha çox - 5 oyunçu ilə təmsil olunub.
Qapıçı – Yan Zommer (“İnter”, İsveçrə); müdafiəçilər - Covanni Di Lorentso (“Napoli”, İtaliya), Qleyson Bremer (“Yuventus”, Braziliya), Federiko Qatti (“Yuventus”, İtaliya), Federiko Dimarko (“İnter”, İtaliya); yarımmüdafiəçilər – Nikolo Barella (“İnter”, İtaliya), Hakan Çalhanoğlu (“İnter”, Türkiyə), Felipe Anderson (“Latsio”, Braziliya), Kristian Pulişiç (“Milan”, ABŞ); hücumçular – Domeniko Berardi (“Sassuolo”, İtaliya), Lautaro Martines (“İnter”, Argentina).
...və sitatı
Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “Günah nə futbolçuların, nə də məşqçilərin üzərinə düşməlidi. Bu mövsüm komandanın başına gələn hər şey mənim məsuliyyətimdi. Bütün məsuliyyəti öz üzərimə götürürəm. “Napoli”nin turnir cədvəlindəki yeri üçün bütün neapollulardan və azarkeşlərdən üzr istəməliyəm. Amma çempionat uzun marafondu, hər halda yenidən zirvəyə qalxmağa çalışacağıq. Sizi tarixi söhbətlərlə yormaq istəmirəm. Amma yanvarın 24 və ya 25-də Səudiyyə Ərəbistanından İtaliya superkuboku ilə qayıdarkən dəniz sahilində görüşərik, yaxşıca axşam yeməyi yeyərik və onda sizə bəzi məsələlərlə bağlı fikirlərimi açıqlayaram”.
RAMİL YUSİFOV