Klublararası dünya çempionatına görə premyer-liqada meydana çıxmayan “Mançester Siti” sevinc içindədi.
"Football-plus.az" xəbər verir ki, axı həm “Liverpul” – “Arsenal” oyununda heç-heçə qeydə alındı, həm də “Aston Villa”nın evdəki uzunmüddətli qələbə seriyasına son qoyuldu. Yəni turnir cədvəlinin yuxarısıda qüvvələr nisbəti dəyişmədi. MS-ni sevindirməyən yeganə məqam “Tottenhem”in evdə “Everton”a qalib gəlməklə “şəhərlilər”i 4-cü yerdən 5-ci yerə sıxışdırmasıdı. İlk “6-liğ”ı isə “Mançester Yunayted”lə sakitcə hesablaşan “Vest Hem” qapayır. Hesabat turunda “Şeffild Yunayted”lə yanaşı, çempionşipdən gələn daha iki komanda – “Bernli” və “Luton” da xal qazandı. Daha dəqiqi, “Bernli” “Fulhem”i, “Luton” “Nyukasl”ı məğlub etdi. Bugünlərdə “sükan arxasına” Nunu Eşpiritu Santunu gətirən “Nottingem Forest” evdə “Bornmut”a uduzdu. “Çelsi” də “Vulverhempton”a uduzmaqla Milad ərəfəsində azarkeşlərini kədərləndirdi. Nəhayət, “Kristal Pelas”la “Brayton” turun açılış oyununda heç-heçəyə razılaşdı.
Açılış oyunu cümə axşamı keçirildi. İlk yarıda “Brayton” daha maraqlı oynasa da, hesabı “Pelas” açdı. Amma 82-ci dəqiqədə Uelbek qonaqların bərabərlik qolunu vurdu.
“Şeffild Yunayted”i qəbul edən “Aston Villa” gözlənilmədən büdrədi. Buna qədər evdə yalnız qələbə qazanan birmingemlilər rəqibin “avtobus” taktikasına qarşı heç nə edə bilmədi. Meydan sahiblərinin total ərazi üstünlüyü fonunda qonaqlar 87-ci dəqiqədə hesabı açdı. Ancaq üstünlüyü qorumaq mümkün olmadı. 8-ci uzatma dəqiqəsində Zanyolo Emerinin komandasını məğlubiyyətdən qurtardı.
Şənbənin son oyununda “Liverpul” “Arsenal”ı qəbul etdi. Bu oyunun potensial qalibi Miladı zirvədə qarşılayacaqdı. Oyuna fəal başlayan “topçular” artıq 4-cü dəqiqədə Qabrielin sayəsində hesabı açdı. Tezliklə özünə gələn “Liverpul” Salahla hesabı bərabərləşdirməyə yaxın oldu. Ancaq misirli ulduzun qapıç meydançasından zərbəsi toru yandan silkələdi. Düzdü, yarım saatın tamamında misirli səhvini düzəltdi: cərimə meydançasında daxil oldu, Zinçenkonu işsiz qoydu və Rayyanın qapısının yaxın küncünə zərbə vurdu. 2-ci yarı, demək olar ki, tam “Liverpul”un üstünlüyü şəraitində keçdi. Aleksander-Arnold, Qomes, Elliott və Salah imkanları boşa verdi. Xüsusən də sürətli əks-hücum zamanı “Liverpul”un 5 oyunçusu “Arsenal”ın qapısı önündə qalanda Trentin topu tirə vurması yadda qaldı. “Arsenal” tədricən oyunu bərabərləşdirdi və heç-heçəyə daşıdı. Əslində bu nəticə komandaların hər birini razı salmalıdı.
“Vest Hem” – MY oyunu hər nə qədər intriqa vəd etsə də, turun mərkəzi qarşılaşmasının kölgəsində qaldı. Mankunianların 3 oyunluq qolsuz seriyanı qırıb-qırmayacaqları maraq doğururdu. Yenə olmadı. İlk yarı təhlükəli vəziyyətlər baxımından yoxsul keçdi. Amma fasilədən sonra oyun daha maraqlı xarakter aldı, ancaq yalnız ona görə ki, meydan sahibləri fəallaşdılar. MY isə yenə hücumda süst idi. Bouen 72-ci dəqiqədə oyunun məntiqi axarına uyğun qol vurdu. 6 dəqiqə sonra fərqi artıran Kudus oyunun taleyini müəyyənləşdirdi. MY-nin isə heç sonda təzyiq dalğası yaratmağa da gücü çatmadı.
“Luton” mövsümdə 2-ci ev qələbəsini zədələrdən əziyyət çəkən “Nyukasl” üzərində qazandı. “Sağsağanlar” buna qədər keçirdiyi son 5 oyunun 4-də uduzmuşdu. Onlar ilk yarının gedişində - 37-ci dəqiqədə Lassellsi də zədə üzündən itirdi. Həmin vaxt “Luton” artıq irəlidə idi. Taunsend 25-ci dəqiqədə hesabı açmışdı. İsak 2-ci hissənin əvvəlində “Luton”un qapısına yol tapsa da, hakim ofsayd qərarı verdi. Qələbə hesabını qoruyan meydan sahibləri “xilaskar” 17-ci yerdən cəmi 2 xal geri qalır.
Turun ən gözlənilməz qələblərindən biri də “Bernli”nin adına yazıldı. Elitanın debütantı evdə son iki oyunda 10 qol vuran “Fulhem”i məğlub etdi. “Bağbanlar” çox çalışsalar da, qapıçı Treffordu keçmək mümkün olmadı. Fasilədən sonra fəallaşan “Bernli” 47-ci və 66-cı dəqiqələrdə iki qol vurdu. “Bornmut” ardıcıl 3-cü səfər oyununda qələbə qazandı. “Nottingem”lə oyunda “albalılar”ın bəxti gətirdi – onlar artıq 23-cü dəqiqədə say üstünlüyü qazandı. Maraqlıdı ki, azlıqda qalan “meşəçilər” 2-ci hissənin əvvəlində hesabı açdı. Ancaq ardından Solanke 7 dəqiqəlik intervalla iki qol vurub “Bornmut”u irəli çıxardı. Amma 74-cü dəqiqədə “Nottingem” hesabı bərabərləşdirə bildi. Meydan sahibləri heç-heçəni qoruya bilmədi. Solanke 3-cü uzatma dəqiqəsində dəqiq baş zərbəsi ilə həm het-trikini rəsmiləşdirdi, həm də komandasına qələbə qazandırdı.
Son 4 oyunun hamısında qələbə qazanan “Everton”u “Tottenhem” dayandırdı. 9-cu dəqiqədə hesabı açan “mahmızlar” 18-ci dəqiqədə fərqi artırdı. Liverpulluların gücü yalnız 82-ci dəqiqədə təsəlli qolunu vurmağa çatdı.
Turun son oyununda “Vulverhempton”la “Çelsi” qarşılaşdı. Qolsuz bitən ilk yarının ardından Lemina “canavarlar”ı irəli çıxardı. Zaman gedir, “Çelsi” isə ərazi üstünlüyünü heç cür qola çevirə bilmirdi. Meydan sahiblərinin sona yaxın gerçəkləşdirdiyi əks-hücumlardan biri 2-ci qolla nəticələndi. Badyaşildən sıçrayan top Dohertinin önünə düşdü, o da sağ “6-lığ”ı nişan aldı. “Çelsi” qalan vaxt ərzində Nkunkunun sayəsində fərqi azalda bildi. “Vulverhempton” bu qələbə sayəsində “zadəganlar”la “Bornmut”a çatdı.
18-ci tur
Liverpul – Arsenal 1:1
Salah, 29 – Qabriel, 4. (57548)
Liverpul: Alisson, Simikas (Qomes, 35), Van Diyk, Konate, Aleksander-Arnold, Soboslai, Endo, Cons (Qravenberx, 68), Dias (Elliott, 68), Qakpo (Nunyes, 68), Salah.
Arsenal: Rayya, Zinçenko, Qabriel, Saliba, Uayt, Edeqor, Rays, Haverts, Martinelli (Trossar, 68), Jezus (Nketia, 68), Saka.
Vest Hem – Mançester Yunayted 2:0
Bouen, 72. Kudus, 78. (64472)
MY: Onana, Şou, Evans, Kambvala (Regilon, 84), Van-Bissaka, Maktominey, Maynu, Antoni (Pelyistri, 73), Fernandeş, Qarnaço (Eriksen, 85), Heylunn (Reşford, 57).
Tottenhem – Everton 2:1
Rişarlison, 9. Son Hın Min, 18 – Qomeş, 82. (61808)
Tottenhem: Vikario, Emerson, Devis, Romero (Dayer, 46), Porro, Sarr (Lo Çelso, 74), Skipp, Son Hın Min, Kulusevski, Conson, Rişarlison (Heybyerq, 63).
Vulverhemton – Çelsi 2:1
Lemina, 51. Doherti, 90+3 – Nkunku, 90+6.
Çelsi: Petroviç, Koluill (Maatsen, 79), Silva, Disasi, Hüsto (Badyaşil, 80), Uqoçukvu (Nkunku, 58), Qallaher, Cekson (Madueke, 80), Palmer, Sterlinq, Broya (Mudrik, 59).
Luton – Nyukasl 1:0
Taunsend, 25. (11042)
Kristal Pelas – Brayton 1:1
Ayyu, 45+1 – Uelbek, 82. (24171)
Aston Villa – Şeffild Yunayted 1:1
Zanyolo, 90+8 – Arçer, 87.
Nottingem Forest – Bornmut 2:3
Elanqa, 46. Vud, 74 – Solanke, 50; 57; 90+3. (29188)
Fulhem – Bernli 0:2
Odober, 47. Berge, 66. (23598)
“Mançester Siti” – “Brentford” oyunu “şəhərlilər”in klublararası dünya çempionatında iştirakına görə təxirə salınıb.
1. Arsenal 18 12 4 2 36-16 40
2. Liverpul 18 11 6 1 37-16 39
3. Aston Villa 18 12 3 3 38-22 39
4. Mançester S. 17 10 4 3 40-20 34
5. Tottenhem 18 11 3 4 37-24 36
6. Vest Hem 18 9 3 6 31-30 30
7. Nyukasl 18 9 2 7 36-22 29
8. Mançester Y. 18 9 1 8 18-23 28
9. Brayton 18 7 6 5 34-31 27
10. Çelsi 18 6 4 8 29-28 22
11. Vulverhempton 18 6 4 8 23-30 22
12. Bornmut 17 6 4 7 24-32 22
13. Fulhem 18 6 3 9 26-31 21
14. Brentford 17 5 4 8 24-24 19
15. Kristal Pelas 18 4 6 8 18-26 18
16. Everton (-10) 18 8 2 8 23-22 16
17. Nottingem F. 18 3 5 10 19-33 14
18. Luton 17 3 3 11 18-32 12
19. Bernli 18 3 2 13 18-36 11
20. Şeffild Y. 18 2 3 13 13-44 9
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul), Solanke (Bornmut) - 12, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 11.
Növbəti turun oyunları dekabrın 26-28-i aralığında keçiriləcək: Nyukasl – Nottingem Forest, Bornmut – Fulhem, Şeffild Yunayted – Luton, Bernli – Liverpul, Mançester Yunayted – Aston Villa, Brentford – Vulverhempton, Çelsi – Kristal Pelas, Everton – Mançester Siti, Brayton – Tottenhem, Arsenal – Vest Hem.
Turun rəqəmi
151 – premyer-liqada qol sayını bu həddə çatdıran Salah turnirin bombardirləri siyahısında 10-cu pilləyə yüksəldi. Maykl Oueni arxada qoyan 31 yaşlı misirli indi bu futbolçulardan geri qalır: Cermeyn DEFO (162), Robbi Fauler (163), Tyerri Anri (175), Frenk Lempard (177), Serxio Aquero (184), Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213), Alan Şirer (260).
Turun ulduzu
Dominik Solanke (Bornmut) – “Nottingem Forest”lə oyunun 2-ci hissəsində üç qol vurdu. Solanke fantastik forma yığıb: premyer-liqada keçirdiyi son 6 oyunda 8 qol vurub. Bu gedişlə mövsümün bombardiri adı uğrunda da mübarizə apara bilər.
Turun sitatı
Ceymi Karrager, “Liverpul”un sabiq yarımmüdafiəçisi: “İndiki məqamda bu heç-heçə “Mançester Siti” üçün fantastik nəticədi. Nunyesin nə qədər qol vəziyyətini qaçırması vecimə də deyil, o, bu komandada oynamalıdı. Bu gün komandaların dörd mərkəz müdafiəçisi ustad dərsi göstərdi”.
Faktlar
* MY Milada qədər bütün turnirlər çərçivəsində 13 oyunda uduzub. Komanda cəmi 26 oyun keçirib. Mankunianların indiyə qədər Milada qədər bundan daha artıq (16) məğlubiyyəti 1930/31 mövsmündə olub ki, onda da sonuncu – 22-ci yeri tutublar.
* MY ötən əsrə aid klub antirekordunu təkrarladı. Mançesterlilər ardıcıl 4 oyunda (Bornmut, Bavariya, Liverpul, Vest Hem) qol vura bilməyib. Komanda sonuncu dəfə belə uğursuz seriya ilə 1992-ci ilin noyabrında – Aleks Ferqyuson “sükan arxasında” olanda üzləşib.
* “Arsenal” İngiltərə çempionatında 8-ci dəfə Milad ərəfəsində 1-ci yerdədi. Londonluların əvvəlki 7 halın yalnız birində - 1947/48 mövsümündə çempion olub. 1952-ci ildə 3-cü, 1987 və 1990-cı illərdə 4-cü, 2003-cü ildə 2-ci, 2008-ci ildə 3-cü, ötən mövsüm isə 2-ci yeri tutublar.
* “Liverpul” cari mövsümdə hesabda geri düşdüyü oyunlarda 19 xal toplayıb – bu isə premyer-liqada ən yaxşı göstəricidi. Komanda 10 belə oyunun 5-də qələbə qazanıb, 4-də heç-heçə edib və yalnız 1-də uduzub.
* “Çelsi” səfərdə ardıcıl 4-cü məğlubiyyətlə üzləşdi. Komanda “Vulverhempton”a qədər “Everton” (0:2), MY (1:2) və “Nyukasl”a (1:4) da uduzmuşdu. “Zadəganlar” səfərdə sonuncu dəfə noyabrın 6-da – “Tottenhem”i 4:1 məğlub edəndə xal qazanıb.
* “Çelsi” 2023-də premyer-liqanın 19 oyununda uduzub. Heç bir başqa komandanın bu il bu qədər məğlubiyyəti yoxdu. “Böyük beşlik” ölkələrində isə yalnız “Verder” (20), “Empoli” (20) və “Almeriya” (24) məğlubiyyət sayında London klubundan irəlidədi.
Oyundan sonra
Erik ten Haq, MY-nin baş məşqçisi: “Düşünürəm ki, imkanlardan yararlanmadığımız 72 dəqiqəni layiqincə keçirdik. Hesabda irəli çıxmalıydıq, ancaq bunu bacarmadıq və ardından oyundan qopduq. Qol “Vest Hem”i ruhlandırdı. Hazırda lider deyilik, ancaq ötən həftə bu liqanın top-komandalarından “Liverpul”la bərabər səviyyədə oynadıq. Həmin oyunda 90 dəqiqə ərzində çox inamla müdafiə olunduq, bu, həmişə standartımız olmalıdı”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Qeyri-adi, bu liqada son 20 ildə izlədiyim ən gərgin oyunlardan biri oldu. Son 20 dəqiqədə biz qələbə qazanmağı daha çox istəyirdik, ancaq heç-heçə ədalətli nəticədi. “Liverpul” şaquli və düzxətli oynayır, belə oyun üslubunda dünyada ən yaxşılardandı. “Liverpul”la oyunda ani diqqətsizlik sənə baha başa gələ bilər. 2-ci hissədə künc zərbəsinin ardından rəqibin 5-ə 1 hücuma çıxması da bunu sübut etdi”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Allahım, “Arsenal” necə də güclüdü?! Yaxşı xəbər odu ki, biz də güclüyük. Belə oyunun lap əvvəlində standart vəziyyətdən top buraxmaq yaxşı hal deyil, xüsusən də “Arsenal”ın sürətini nəzərə alsaq. Ancaq 2-ci hissənin əvvəlindəki oyunu daim göstərsəydik, daha çox qol vurardıq. Biz isə zərbə vurmaq əvəzinə ötürmə veririk. 4-5 dəfə belə etdik. Edeqorun əlinə topun dəydiyi epizod? (18-ci dəqiqədə Edeqor əllə topun hərəkətini dayandırdı, referi Kavana penalti təyin etmədi, VAR da işə qarışmadı – red.) Qəribə vəziyyət idi. Hakim bunu gördümü? Ancaq epizoda baxanda bilmirəm ki, bunun penalti olmadığını necə demək olar?”