Bu mövsümün “Mançester Yunayted”i təzadlı komandadı.
"Football-plus.az" xəbər verir ki, bu günlərdə məhz “qırmızı şeytanlar”ın nümayəndələri noyabrın yekununa görə bütün fərdi mükafatları aldı: Ten Haq ayın ən yaxşı məşqçisi, Maquyar ən yaxşı futbolçusu sayıldı, Qarnaço ən yaxşı qola görə mükafatlandırıldı. Paralel şəkildə MY “Çelsi” üzərində inamlı qələbə qazandı. Ancaq həftəsonu mankunianlar evdə - “Bornmut”la oyunda darmadağın oldu. Bu nəticədən sonra Ten Haqın gələcəyini proqnozlaşdırmaq çətindi. “Bornmut” son 5 turda 4-cü qələbəsii qazandı.
Turun mərkəzi oyununda “Aston Villa” “Arsenal”ı qəbul etdi. Premyer-liqada ardıcıl 15-ci ev qələbəsini qazanan birmingemlilər “topçular”dan cəmi 1 xal geri qalır. Emerinin komandası məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırdı – 6 qələbə, 1 heç-heçə. Artetanın komandasının qələbə seriyası isə 6-da dayandı. Ancaq bu qələbə “Aston Villa”ya “Mançester Siti” ilə oyunla müqayisədə daha çətin başa gəldi. Yeri gəlmişkən, “şəhərlilər” hesabat turunda Lutondan 3 xalla dönərək “Aston Villa”nın çox uzaqlaşmasına imkan vermədilər. Zirvədə isə artıq “Liverpul” qərarlaşıb. “Qırmızılar” cari mövsümdəki növbəti əzmkar qələbəsini səfərdə “Kristal Pelas” üzərində qazanmaqla “Arsenal”ı turnir cədvəlində arxada qoydu. 5-ci yerdə isə “Nyukasl”ı darmadağın edən “Tottenhem” qərarlaşıb. “Sağsağanlar”ın belə əhval-ruhiyyə ilə “Milan”la oyuna hazırlaşması çətin olacaq. Turnir cədvəlinin aşağı hissəsinə, daha dəqiqi, düşmə zonasına gəlincə, vəziyyət get-gedə maraqlı hal alır. Həm “Bernli”, həm də “Şeffild Yunayted” bu tur xal qazandı. “Bernli” “Brayton”la oyunda əsasən qapıçısı Treffordun fədakarlığı hesabına heç-heçə etdisə, “Şeffild Yunayted” sözün yaxşı mənasında təəccübləndirdi və “Brentford” üzərində haqq etdiyi qələbəni qazandı. Bəlkə “Şeffild”i çempionşipə “göndərməyə” tələsməyə dəyməz?!
Qalan oyunlara gəlincə, “Çelsi” təhlükəli zonadan uzaqlaşmaqda olan “Everton”a uduzdu. “Fulhem” ötən tur “Nottingem Forest”i 5:0 hesabıyla darmadağın etmişdisə, bu dəfə “Vest Hem”ə eyni aqibəti yaşatdı. Nəhayət, “Vulverhempton” – “Nottingem Forest” oyununda məhsuldar “sülh” qeydə alındı.
16-cı tur
Kristal Pelas – Liverpul 1:2
Mateta, 57-p. – Salah, 76. Elliott, 90+1. (25103)
Liverpul: Alisson, Simikas, Van Diyk, Kuansa (Konate, 57), Aleksander-Arnold, Soboslai (Cons, 74), Endo (Qomes, 46), Qravenberx (Qakpo, 57), Dias, Nunyes (Elliott, 74), Salah.
Aston Villa – Arsenal 1:0
Makqinn, 7. (???)
Aston Villa: Martines, Din (Moreno, 78), Torres, Karlos, Konsa (Keş, 66), Beyli (Diabi, 46), Kamara (Dendonker, 66), Luis, Makqinn, Tilemans (Remzi, 56), Uotkins.
Luton – Mançester Siti 1:2
Adebayo, 45+2 – B.Silva, 62. Qriliş, 65. (11047)
MS: Ederson, Qvardiol (Stounz, 69), Ake, Diaş, Uoker, Rodri, Kovaçiç (Nunyeş, 83), Qriliş, Foden (Akanci, 90+3), B.Silva, Alvares.
Mançester Yunayted – Bornmut 0:3
Solanke, 5. Billinq, 69. Senesi, 73. (73427)
MY: Onana, Regilon, Şou (Evans, 79), Maquayr, Dalot, Maktominey, Amrabat, Qarnaço (Reşford, 79), Fernandeş, Antoni (Pelyistri, 79), Marsyal (Heylunn, 56).
Tottenhem – Nyukasl 4:1
Udoci, 26. Rişarlison, 38; 60. Son Hın Min, 85-p. – Joelinton, 90+2. (61171)
Tottenhem: Vikario, Udoci, Devis, Romero, Porro, Bissuma (Xil, 86), Sarr (Heybyerq, 73), Rişarlison (Lo Çelso, 73), Conson (Skipp, 86), Kulusevski, Son Hın Min (Donli, 90+1).
Everton – Çelsi 2:0
Dukure, 54. Dobbin, 90+2. (39280)
Çelsi: Sançes (Petroviç, 84), Kukurelya (Maatsen, 84), Badyaşil, Disasi, Ceyms (Koluill, 27), Fernandes (Sterlinq, 66), Kaysedo, Mudrik, Qallaher, Palmer, Broya (Cekson, 66).
Brayton – Bernli 1:1
Adinqra, 77 – Odober, 45. (31511)
Vulverhempton – Nottingem Forest 1:1
Kunya, 32 – Toffolo, 14. (31543)
Şeffild Yunayted – Brentford 1:0
Makeyti, 45+1. (28509)
Fulhem – Vest Hem 5:0
Ximenes, 22. Villian, 31. Adarabioyo, 40. Uilson, 60. Vinisius, 89. (23988)
1. Liverpul 16 11 4 1 36-15 37
2. Arsenal 16 11 3 2 33-15 36
3. Aston Villa 16 11 2 3 35-20 35
4. Mançester S. 16 10 3 3 38-18 33
5. Tottenhem 16 9 3 4 33-23 30
6. Mançester Y. 16 9 0 7 18-21 27
7. Nyukasl 16 8 2 6 33-21 26
8. Brayton 16 7 5 4 33-28 26
9. Vest Hem 16 7 3 6 26-30 24
10. Fulhem 16 6 3 7 26-26 21
11. Brentford 16 5 4 7 23-22 19
12. Çelsi 16 5 4 7 26-26 19
13. Vulverhempton 16 5 4 7 21-26 19
14. Bornmut 16 5 4 7 21-30 19
15. Kristal Pelas 16 4 4 8 15-23 16
16. Nottingem F. 16 3 5 8 17-28 14
17. Everton (-10) 16 7 2 7 20-20 13
18. Luton 16 2 3 11 17-32 9
19. Bernli 16 2 2 12 16-34 8
20. Şeffild Y. 16 2 2 12 12-41 8
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul) - 11, Son Hın Min (Tottenhem) - 10, Bouen (Vest Hem) – 9.
Növbəti turun oyunları dekabrın 15-17-si aralığında keçiriləcək: Nottingem Forest – Tottenhem, Mançester Siti – Kristal Pelas, Bornmut – Luton, Nyukasl – Fulhem, Çelsi – Şeffild Yunayted, Bernli – Everton, Arsenal – Brayton, Brentford – Aston Villa, Vest Hem – Vulverhempton, Liverpul – Mançester Yunayted.
Turun rəqəmi
15 – “Aston Villa” evdə qazandığı ardıcıl qələbələrin sayını bu həddə çatdırdı. Brimingemlilər öz meydanında sonuncu dəfə fevralın 18-də xal itirib – onlar həmin gün məhz elə “Arsenal”a uduzmuşdular – 2:4. Unay Emeri premyer-liqada ardıcıl 15 ev oyununda qələbə qazanan 5-ci məşqçidi. Ona qədər Aleks Ferqyuson, Roberto Mançini, Pep Qvardiola və Yürgen Klopp da bunu bacarıb.
Turun ulduzu
Son Hın Min (Tottenhem) – kapitan “Nyukasl”la oyunda möhtəşəm təsir bağışladı. Koreyalı ulduz Udoci və Rişarlisona məhsuldar ötürmələr verməklə yanaşı, özü də qol vurdu. Daha dəqiqi, qazandığı penaltini reallaşdıra bildi.
Turun sitatı
Kris Satton, “Çelsi”nin sabiq forvardı: “MY öz meydanında dərs keçdilər. MY bu mövsüm turnir cədvəlinin aşağı hissəsində olan komandalara qalib gəlirdi, ancaq bu gün məhz belə rəqibə uduzdu. Özü də 0:3-ə görə dua etməlidi, “Bornmut”un qollarının sayı 5 də ola bilərdi”.
Faktlar
* Sako premyer-liqada 150 oyun həddinə çatan 5-ci ən gənc futbolçudu. “Aston Villa” ilə oyun günü o, 22 yaş 95 günlük idi. Bu göstəricidə rekordçu Ueyn Runidi – premyer-liqada 150-ci oyunu 21 yaş 67 günlüyündə keçirib. Top-4-ə Sesk Fabreqas (21 yaş 210 gün), Ceyms Milner (21 yaş 310 gün) və Rahim Sterlinq (22 yaş 87 gün) də daxildi.
* MY tarixində ilk dəfə premyer-liqa oyununda evdə “Bornmut”a uduzdu. Buna qədər “Old Trafford”da bu komandalar arasında keçirilən 6 oyunun 5-də meydan sahibləri qalib gəlmiş, 1-i heç-heçə bitmişdi.
* 43-cü dəfə qələbə qolunu 90-cı dəqiqədən sonra vuran “Liverpul” premyer-liqa rekordunu yenilədi. Kloppun dönəmində “qırmızılar” uzatma dəqiqələrində premyer-liqada ümumilikdə 17 qol vurub. Turnirin tarixində bu göstəricidə 2-ci yeri 32 topla “Arsenal” tutur. “Top-5”ə “Tottenhem” (31), “Mançester Yunayted” (29) və “Çelsi” (26) də daxildi.
* MY Ferqyusondan sonra evdə onun dövründəkindən daha tez-tez uduzur. Şotlandiyalı 2013-də baş məşqçi postundan gedəndən bəri mankunianlar evdə 35 çempionat oyununda uduzub. Halbuki Ferqyusonun “sükan arxasında” olduğu 21 mövsümdə belə məğlubiyyətlərin sayı 34 olmuşdu.
Oyundan sonra
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Futbolçulara dedim ki, ilk 76 dəqiqədə bizim kimi pis oynayan, ancaq qalib gələn heç bir başqa komandanı yadıma sala bilmirəm. Bu mərhələni adlamaq, yaxşı nəticələr qazanmaq lazımdı. Biz burda “Oskar” və başqa belə bir mükafat qazanmaq üçün oynamırıq, bizə 3 xal lazımdı. Qazandıq və çox razı qaldım”.
Unay Emeri, “Aston Villa”nın baş məşqçisi: “Özümü çox-çox yaxşı hiss edirəm. Xoşbəxtəm. Azarkeşlərlə eyni dalğadayıq, onların pozitiv enerjisi bizə də keçir. Bu gün bizə belə enerji vacib idi, çünki çərşənbə günü keçirilən oyundan sonra yorulmuşduq. Yaxşı mübarizə apardıq və etibarlı müdafiə qurduq. Öz aramızda danışırdıq ki, “Siti” və “Arsenal” ilə oyunlarda qapını toxunulmaz saxlamaq lazımdı, biz bunu bacardıq. Bu gün istədiyimizdən daha dərin oynadıq, ancaq mübarizə aparmaq lazım idi və apardıq. Biz ilk “8-lik”də olmaq istəyirik, ancaq bunu çoxları istəyir”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Komandamın bu stadionda bu rəqibə qarşı göstərdiyi oyundan razıyam. Qələbəni haqq edirdik, ancaq cərimə meydançasında daha yaxşı oynamaq lazımdı və bəzi şeylər də sənin xeyrinə cərəyan etməlidi. Qol vura bilməməyimiz aspektlərdən biridi. Bəzən oyuna nəzarəti itirdik, xüsusən də 2-ci hissədə. Topu itirdik, hücumların qurulmasında da tələskənlik var idi. Bir çox aspektdə daha yaxşı oynaya bilərdik. “Aston Villa” öz yerindədi, ev oyunlarındakı nəticələri nəzərə alsaq, komanda buranı haqq edir. Öz meydanında bu qədər oyunda qalib gələn komanda tərifə layiqdi. Futbolçulara dedim ki, ruhdan düşməyə dəyməz, çünki yaxşı oynayıblar. Bura gələn bütün komandalar bizim kimi oynaya bilmir. Nəticə istədiyimiz kimi olmasa da, lazım gələn tərzdə oynadıq”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “Sabit oyun göstərmək üçün komanda şəklində yetərincə yaxşı deyilik. Bunu arada qaldırmaq üçün çalışmalıyıq. Daha sərt olmalı, oyuna lap əvvəldən hazır olmalıyıq. Cümə günü demişdim ki, bu liqada ən yüksək səviyyəli oyun göstərməmək olmaz, əks halda səni “yeyəcəklər”. Biz rəqibin işini asanlaşdırdıq. Görünür ki, komandam döyüşür, gücünü meydanda qoyur, ancaq rəqibə belə asan qol imkanı yaratmaq olmaz. Əlbəttə, məyus və qəzəbliyəm. Başqa nəticə gözləyirdim. “Çelsi” ilə oyunun davamını gətirə biləcəyimizə ümid edirdim, bu üzdən çox məyusam. Azarkeşlərin bizi fitə basmasına gəlincə, onların məyusluğunu anlayıram. Biz hər dəfə yaxşı oyun göstərməliyik. Məsuliyyəti öz üzərimə götürməliyəm. Qətiyyən sabit oyun göstərə bilmirik. Lazımi bacarıqlarımız var, ancaq bunu hər oyunda göstərməliyik. Özümüzə münasibətdə tələbkarlığı artırmalıyıq ki, 3 gündən bir oynayanda da lazımi nəticəyə nail ola bilək”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Son turlarda yaşananların ardından əla oyun keçirdik. İlk yarının son dəqiqəqində qol buraxdıq, futbolçular buna lazımi şəkildə reaksiya göstərdilər. Uşaqlar çağırışı normal qəbul etdi. Oyunda qaldıq və qələbə qazandıq – buna görə qürur duyuram. İlk yarıda daha yaxşı oynadıq, ancaq bizə qollar lazım idi, qol vura bilmirdik. Holannın zədəsinə gəlincə, nə vaxt meydana dönəcəyini bilmirik. Ayağında problem var, baxaq görək necə olur… Ümid edirəm ki, klublarası dünya çempionatına qədər sıraya qayıdar”.
Angelos Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Düşünürəm ki, bütün aspektlərdə əla futbol göstərdik. Hücumun son mərhələsində parlaq və məhsuldar oynadıq, çoxlu qol vəziyyəti yaratdıq və uşaqlar bunun mükafatını aldı. Son möhtəşəm idi, belə oyun başqalarını da ruhlandırır. Çətin mərhələdən keçdik. Ümid edirəm ki, artıq bizim üçün parlaq zolaq başlayır”.