Premyer-liqanın 12-ci turu uzun müddət yaddan çıxmayacaq!
“Football-plus.az” xəbər verir ki, əlbəttə, ilk növbədə mərkəzi oyunda qeydə alınan nəticəyə görə. “Çelsi” ilə “Mançester Siti” “Stemford Bric”ə toplaşanlar və bütün dünya futbolsevərləri üçün əsl şou göstərdi. Bu oyunda nə qədər süjet dəyişikliyi oldu! Heç-heçə “Siti”yə liderliyi qorumağa imkan yaratdı. Amma “Liverpul”la “Arsenal” beynəlxalq fasilə ərəfəsində “şəhərlilər”dən yalnız 1 xal geri qalır. “Qırmızılar” “Brentford”u darmadağın etdisə, “topçular” “Bernli” ilə hesablaşdı. “Bernli” bu məğlubiyyətdən sonra 20-ci pilləyə düşdü. 19-cu yerdə isə “Brayton”un 69-cu dəqiqədə azlıqda qalmasından yararlanıb hesabı bərabərləşdirməyi bacaran “Şeffild Yunayted” qərarlaşıb. Yeri gəlmişkən, “Brayton” sentyabrın sonundan bəri çempionatda qələbə qazana bilmir. Premyer-liqanın 3-cü debütantı – “Luton” hesabat turunda xal qazana bilmədi, “Old Trafford”da “Mançester Yunayted”ə minimal hesabla uduzdu. Ötən tur dörd əsas oyunçusunun xidmətindən məhrum olan “Tottenhem” isə “Vulverhempton”la səfər oyununun 90 dəqiqəsini üstün bitirsə də, uzatma dəqiqələrində iki qol buraxmaqla uduzdu. Ardıcıl 2-ci məğlubiyyətlə barışan “mahmızlar”a “Fulhem”i məğlub edən “Aston Villa” yaxınlaşdı. Evdə “Nottingem Forest”i məğlub edən “Vest Hem” uğursuzluq seriyasını bitirdi, “Bornmut” isə “Nyukasl”ın qapısından iki cavabsız top keçirməklə turun ən böyük sensasiyasına səbəbkar oldu.
12-ci tur
Çelsi – Mançester Siti 4:4
T.Silva, 29. Sterlinq, 37. Cekson, 67. Palmer, 90+5-p. – Holann, 25-p.; 47. Akanci, 45+1. Rodri, 86. (39532)
Çelsi: Sançes, Kukurelya, T.Silva, Disasi, Ceyms (Hüsto, 64), Kaysedo (Broya, 89), Fernandes (Mudrik, 64), Sterlinq, Qallaher, Palmer, Cekson (Uqoçukvu, 90+7).
MS: Ederson, Qvardiol, Akanci, Diaş, Uoker, Rodri, B.Silva, Dokyu (Qriliş, 59), Alvares (Kovaçiç, 79), Foden, Holann.
Vulverhempton – Tottenhem 2:1
Sarabiya, 90+1. Lemina, 90+7 – Conson, 3.
Tottenhem: Vikario, Emerson, Devis, Dayer, Porro, Heybyerq, Bissuma (Lo Çelso, 75), Sarr (Bentankur, 63), Conson (Xil, 75), Son Hın Min, Kulusevski.
Arsenal – Bernli 3:1
Trossar, 45+1. Saliba, 57. Zinçenko, 74 – Braunhill, 54.
Arsenal: Rayya, Zinçenko, Qabriel, Saliba, Tomiyasu, Haverts (Vieyra, 59), Jorjinyo, Rays, Martinelli (Kivyor, 89), Trossar (Nketia, 81), Saka (Nelson, 81).
Liverpul – Brentford 3:0
Salah, 39; 62. Jota, 74. (50151)
Liverpul: Alisson, Simikas, Van Diyk, Matip, Aleksander-Arnold (Kuansa, 90), Soboslai (Makkonnell, 90+4), Endo, Qakpo (Elliott, 83), Jota (Dias, 84), Nunyes, Salah.
Mançester Yunayted – Luton 1:0
Lindelöf, 59. (73599)
MY: Onana, Regilon (Varan, 79), Lindelöf, Maquayr, Dalot, Maktominey, Eriksen (Maunt, 40), Qarnaço (Antoni, 68), Fernandeş, Reşford, Heylunn (Marsyal, 79).
Kristall Pelas – Everton 2:3
Eze, 5-p. Eduar, 74 – Mikolenko, 1. Dukure, 49. Geye, 86. (25103)
Bornmut – Nyukasl 2:0
Solanke, 60; 73. (11201)
Brayton – Şeffild Yunayted 1:1
Adinqra, 6 – Uebster, 73-öz qapısına. (31367)
Vest Hem – Nottingem Forest 3:2
Paketa, 3. Bouen, 65. Souçek, 88 – Avonyi, 44. Elanqa, 63. (62470)
Aston Villa – Fulhem 3:1
Robinson, 27-öz qapısına. Makqinn, 42. Uotkins, 64 – Ximenes, 70.
1. Mançester S. 12 9 1 2 32-12 28
2. Liverpul 12 8 3 1 27-10 27
3. Arsenal 12 8 3 1 26-10 27
4. Tottenhem 12 8 2 2 24-15 26
5. Aston Villa 12 8 1 3 29-17 25
6. Mançester Y. 12 7 0 5 13-16 21
7. Nyukasl 12 6 2 4 27-13 20
8. Brayton 12 5 4 3 25-21 19
9. Vest Hem 12 5 2 5 21-22 17
10. Çelsi 12 4 4 4 21-16 16
11. Brentford 12 4 4 4 19-17 16
12. Vulverhempton 12 4 3 5 16-20 15
13. Kristal Pelas 12 4 3 5 12-16 15
14. Everton 12 4 2 6 14-17 14
15. Nottingem F. 12 3 4 5 14-18 13
16. Fulhem 12 3 3 6 10-20 12
17. Bornmut 12 2 3 7 11-27 9
18. Luton 12 1 3 8 10-22 6
19. Şeffild Y. 12 1 2 9 10-31 5
20. Bernli 12 1 1 10 9-30 4
Bombardirlər: Holann (MS) – 13, Salah (Liverpul) - 10, Son Hın Min (Tottenhem), Bouen (Vest Hem) – 8.
Növbəti turun oyunları noyabrın 25-27-si aralığında keçiriləcək: Mançester Siti – Liverpul, Luton – Kristal Pelas, Bernli – Vest Hem, Nottingem Forest – Brayton, Nyukasl – Çelsi, Şeffild Yunayted – Bornmut, Brentford – Arsenal, Tottenhem – Aston Villa, Everton – Mançester Yunayted, Fulhem – Vulverhempton.
Turun rəqəmi
30 – Ten Haq təyinatından bəri qələbə sayına görə klub rekordu müəyyənləşdirdi. MY onun rəhbərliyi altında keçirdiyi ilk 50 çempionat oyununun 30-da qələbə qazananıb. Mankunianların heç bir başqa çalışdırıcısı belə uğurlu olmayıb. MY bu müddətdə 96 xal toplayıb. Maraq üçün xatırladaq ki, “Liverpul” Kloppun rəhbərliyi altında keçirdiyi ilk 50 çempionat oyununda 92 xal toplamışdı.
Turun ulduzu
Abdulay Dukure (Everton) – komandasının üç qolunun hamısında yaxından iştirak etdi. İlk qolda məhsuldar hücumu başlatdı, 2-ci hissənin əvvəlində “Everton”u yenidən irəli çıxardı, nəhayət, lap sonda qələbə topunu vuran Geyeyə məhsuldar ötürmə verdi.
Turun sitatı
Rodri, MS-nin yarımmüdafiəçisi: “Çelsi”nin səviyyəsi artıb, biz isə bu gün ən yaxşı oyunumuzu göstərə bilmədik. Bir oyunda 4 qol buraxmaq bizim üçün normal nəticə deyil. Hesab edirəm ki, qələbəyə çox yaxındıq, ancaq belə hiss də var ki, özümüzə bənzəmədik”.
Fakt
“Çelsi” MS ilə oyunlardakı məğlubiyyət seriyasını bitirdi. “Göylər” son 6 oyunun hamısında uduzmuşdu. Onların “Siti” üzərində sonuncu qələbəsi 2021-ci il mayın 29-da qeydə alınıb.
Oyundan sonra
Erik ten Haq, MY-nin baş məşqçisi: “Yaxşı gündü. Bizə qələbə lazım idi, ona da nail olduq. Ancaq lap əvvəldə qol vurmaqla işimizi asanlaşdırmalıydıq. Fasiləyə qədər qol vurmaq üçün çoxlu imkanımız oldu, bunların, heç olmasa, birindən yararlanmaq lazım idi. Futbolçuların haqqını yemək olmaz. Onlar irəli atılmağa davam etdi, rəqibə hədiyyə vermədi”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Oyundan və komandamın dominantlıq etməsindən çox razıyam. Bu oyunda qələbəyə tam layiq idik. Çoxlu qol vəziyyəti yaratdıq. Zinçenko hücumda və müdafiədə möhtəşəm idi, böyük qətiyyət göstərdi. Hakimlik də ideal idi, VAR da yüksək səviyyədə çalışdı”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Tuluza”ya məğlubiyyətdən doğru nəticələr çıxarmalıydıq. Bu oyundan çox razıyam. Təhlükəli oynadıq, baxımlı qollar vurduq. Çempionluq yarışına gəlincə, bu ruhda da davam etməliyik. Martda və ya apreldə titula yaxın olsaq, danışarıq. O vaxta qədər isə dünyanın ən mürəkkəb liqasında yuxarılara can atmalıyıq”.
Maurisio Poçettino, “Tottenhem”in baş məşqçisi: “Qürur duyuram, razıyam. Hesab edirəm ki, oyunçularım hər cür tərifə layiqdi. Fikrimcə, dünyanın ən yaxşı komandasına qarşı oynadıq. Hələ də mükəmməlləşmək lazımdı, layihənin qurulması prosesindəyik. Entoni Teylordan və başqa hakimlərdən üzr istəməliyəm. Oyun bitən anda hiss etdim ki, Sterlinq irəliləyə bilər. Sarı vərəqəni haqq etdim, üzr istəyirəm. Belə davranış (Poçettino hakimin final fitindən sonra Qvardiolanın əlini sıxmayaraq meydana qaçıb ki, Teylora və hakimlər briqadasına iradlarını çatdırsın. Onun fikrincə, hakim oyunu tez bitirib – red.) heç yaxşı olmadı. Pepdən də üzr istəyirəm, meydanda yaşananlara köklənmişdim”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Premyer-liqanın reklamı üçün yaxşı oldu. Baxımlı oyunda hər iki komanda qələbə qazanmaq istəyirdi. Ancaq fərqli nəsə də gözləmirdim, “Çelsi” gözəl komandadı, güclü rəqibə qarşı həmişə yaxşı oynadığını bilirdik. “Çelsi”yə oyunumuzu diqtə etməyə çalışsaq da, bu çətin idi. Palmerlə Mudrik ustalığını göstərdi. Onlar çox aqressiv oynayırdılar. Təşəbbüsə malik idik, iki-üç hücumdan sonra təkbətək çıxırdıq, ancaq heç də həmişə qol vura bilmirdik. Oyun bərabər mübarizə şəraitində keçdi, ədalətli nəticə qeydə alındı. Komandamı təbrik edirəm. Bizi irəlidə beynəlxalq fasilə gözləyir. Artıq Çempionlar Liqasının pley-offuna da çıxmışıq. Məndən olsa, 7:0 qələbə qazanmağa üstünlük verərdim. Ancaq gözəl komandaya qarşı bu səviyyədə oyunda belə nəticə mümkünsüzdü. Komandaların neçə zərbə vurduğunu bilmirəm, ancaq hər iki tərəf hədəfinə çatmağa çalışdı, etməli olduğunu etdi”.