Premyer-liqada bu tur da maraqlı, cəlbedici oyunlara və ssenarilərə səhnə oldu.
"Football-plus.az" xəbər verir ki, MS “Tottenhem”lə oyunda iki dəfə önə çıxsa da, qələbəni qoruya bilmədi, “Liverpul” son dəqiqə qolları ilə qələbə qazandı, “Mançester Yunayted” “Nyukasl”la oyunda məğlubiyyətdən qaça bilmədi, “Bernli” evdə ilk dəfə 3 xala sevindi. Bir sözlə, hesabat turu haqda daha ətraflı danışmağa dəyər.
“Arsenal” “Vulverhempton”u məğlub edəcəyi təqdirdə liderliyi qoruyacaqdı. Bunu yaxşı anlayan “topçular” elə ilk 13 dəqiqədə iki qol vurdu. Amma sonra çoxlu qol imkanını qaçırdılar. “Canavarlar” sona 4 dəqiqə qalmış fərqi azaltmaqla rəqibi həyəcanlanmağa vadar etdi.
“Bernli” premyer-liqa tarixinə mövsümün ilk 7 ev oyununda uduzan 1-ci komanda kimi düşə bilərdi. Ancaq antirekord olmadı. Vensan Kompaninin komandası 5 cavabsız qolla “Şeffild Yunayted”i darmadağın etdi. Düzdü, Makberninin 45+1-ci dəqiqədə meydandan qovulması da bu darmadağında müəyyən rol oynadı. Ancaq həmin vaxt hesab artıq 2:0 idi.
“Nyukasl” – MY oyunu da maraqla gözlənilirdi. Həm “sağsağanlar”ın, həm də “qırmızı şeytanlar”ın heyətində zədəlilərin çoxluğunu, hər iki komandanın həftəiçi ÇL-də oynadığını nəzərə alsaq, şanslar bərabər dəyərləndirilirdi. Ancaq “Nyukasl” fiziki hazırlıq baxımından hər kəsi təəccübləndirdi, pressinq və təzyiq hesabına mankunianları sildi-süpürdü. Meydan sahibləri oyunboyu fasiləsiz hücum etdi, çoxlu qol vəziyyəti yaratdı. Bu üzdən əslində Onananın cəmi bir qol buraxmasına təəccüblənməliyik. Qordon 2-ci hissənin əvvəlində Trippyerin asmasını qapadı. Elə həmin Trippyer, İsak, Almiron və Mayli fərqi artıra bilərdi. Yalnız qapıçı Poup 86-cı dəqiqədə zədələnib meydanı tərk edəndən sonra qonaqlar irəli atıldı, hətta ofsayddan qol da vurdular. Amma qələbəyə layiq olan komanda onu əldən vermədi.
“Liverpul” “Fulhem”lə oyunun ilk yarısında iki dəfə önə çıxdı və hər dəfə də hesab bərabərləşdi. 2-ci hissə də məzmun baxımından birincidən geri qalmadı. Son 10 dəqiqədə daha üç qol gördük. De Kordova-Rid 80-ci dəqiqədə “bağbanlar”ı irəli çıxaranda “qırmızılar”ın azarkeşlərini həyəcan bürüdü. Ancaq qonaqlar nəinki qələbəni, heç-heçəni də qoruya bilmədilər. Endo və Aleksander-Arnold ardıcıl iki qol vurdu. “Liverpul” bu qələbə sayəsində bir pillə irəlilədi.
Ötən tur səfərdə “Nyukasl”a biabırçı hesabla uduzan “Çelsi” “Brayton”la ev oyununda azarkeşlərlə aranı düzəltdi. Baxmayaraq ki, “zadəganlar” Qallaherin meydandan qovulmasına görə bütün 2-ci hissəni azlıqda keçirdilər.
“Aston Villa” ev oyunlarında hədsiz yaxşı təsir bağışlayır, səfər oyunlarında isə tez-tez xal itirir. “Bornmut”la oyun da istisna olmadı. “Albalılar” iki dəfə önə çıxdı, birmingemliləri məğlubiyyətdən Uotkinsin 90-cı dəqiqədə vurduğu qol qurtatdı.
Turun “Mançester Siti” ilə “Tottenhem” arasında keçirilən mərkəzi oyununda hadisələr ildırım sürəti ilə cərəyan etdi. Artıq 6-cı dəqiqədə qonaqlar irəli çıxdı. Kulusevskidən ötürmə alan Son Dokyunu arxada qoyaraq hesabı açdı. “Şəhərlilər” dərhal bərabərlik qolunu vurdu. Son qapıların yerini səhv saldı. İlk yarının qalan vaxtı ərzində “Siti” daha yaxşı təsir bağışladı. Holann və Dokyu real qol imkanlarını qaçırandan sonra Foden MS-ni hesabda önə keçirdi. Oyunda növbəti qolu çox gözləmək lazım gəldi. 2-ci hissənin ortalarında Lo Çelso uzaq küncə gözəl zərbə vurdu. Yeri gəlmişkən, Sonun ötürməsindən sonra. Bu dəqiqələrdə meydanda artıq açıq oyun gedirdi, komandalar hücuma hücumla cavab verirdi. Qrilişin 81-ci dəqiqədəki qolunun sonuncu olacağını düşünənlər yanıldı. “Tottenhem” növbəti dəfə hesabı bərabərləşdirmək üçün özündə güc tapdı. Sonuncu dəqiqədə Kulusevskinin sol “9-luğ”a göndərdiyi zərbə zamanı top tirə dəyərək tora düşdü. Məhsuldar heç-heçə “mahmızlar”ın məğlubiyyət seriyasının 3-də dayanması anlamına gəldisə, “Siti” də ardıcıl 3-cü oyunda qələbəyə həsrət qaldı. Bu komandanın oyununda hansısa böhrandan danışmağa dəyməz. Ancaq son üç oyun Qvardiola üçün həyəcan təbili olmalıdı.
Turun qalan oyunlarına gəlincə, “Brentford” evdə “Luton”a qalib gəldi. Səfərdə “Nottingem Forest”i məğlub edən “Everton” isə düşmə zonasından uzaqlaşmaq yolunda ilk addımı atdı. Düzdü, Liverpul klubu artıq 10 xalın silinməsi ilə bağlı apellyasiya şikayəti yazıb, ancaq bu ərizənin müsbət cavablanacağı sual altındadı. Nəhayət, daha bir oyunda “Vest Hem” ilə “Kristal Pelas” “sülh müqaviləsi bağladı”.
14-cü tur
Arsenal – Vulverhempton 2:1
Saka, 6. Edeqor, 13 – Kunya, 86.
Arsenal: Rayya, Zinçenko, Qabriel, Saliba, Tomiyasu (Uayt, 79), Edeqor (Jorjinyo, 90+3), Rays, Trossar, Martinelli (Haverts, 77), Jezus (Nketia, 67), Saka (Kivyor, 90+3).
Mançester Siti – Tottenhem 3:3
Son Hın Min, 9-öz qapısına. Foden, 31. Qriliş, 81 – Son Hın Min, 6. Lo Çelso, 69. Kulusevski, 90.
MS: Ederson, Qvardiol (Ake, 87), Diaş, Uoker, Rodri, Akanci, Dokyu (Qriliş, 52), B.Silva, Alvares (Kovaçiç, 87), Foden (Lüis, 73), Holann.
Tottenhem: Vikario, Udoci, Devis, Emerson, Porro, Bissuma (Rişarlison, 87), Lo Çelso (Skipp, 79), Xil (Heybyerq, 46), Kulusevski, Conson (Donli, 90+6), Son Hın Min.
Liverpul – Fulhem 4:3
Aleksander-Arnold, 20; 88. Makallister, 38. Endo, 87 – Uilson, 24. Tete, 45+3. De Kordova-Rid, 80.
Liverpul: Kelleher, Simikas, Van Diyk, Matip (Konate, 69), Aleksander-Arnold, Soboslai (Qakpo, 64), Makallister (Qomes, 65), Qravenberx (Endo, 83), Dias, Nunyes, Salah.
Nyukasl – Mançester Yunayed 1:0
Qordon, 56.
MY: Onana, Dalot, Şou, Maquayr, Van-Bissaka (Regilon, 80), Maktominey, Mayru (Amrabat, 80), Reşford (Antoni, 61), Fernandeş, Qarnaço, Marsyal (Höylunn, 61).
Çelsi – Brayton 3:2
Fernandes, 17; 65-p. Koluill, 21 – Buonanotte, 43. Pedro, 90+2.
Çelsi: Sançes, Koluill, Badyaşil, Disasi, Silva, Kaysedo, Fernandes, Mudrik (Broya, 81), Qallaher, Sterlinq (Palmer, 66), Cekson (Maatsen, 72).
Bernli – Şeffild Yunayted 5:0
Rodriges, 1. Brun-Larsen, 29. Amduni, 73. Koleoşo, 75. Braunhill, 81. Brentford – Luton 3:1
Mope, 49. Mi, 56. Baptist, 82 – Braun, 77.
Nottingem Forest – Everton 0:1
Maknil, 67.
Bornmut – Aston Villa 2:2
Semenyo, 10. Solanke, 52 – Beyli, 20. Uotkins, 90.
Vest Hem – Kristal Pelas 1:1
Kudus, 13 – Eduar, 53.
1. Arsenal 14 10 3 1 29-11 33
2. Liverpul 14 9 4 1 32-14 31
3. Mançester S. 14 9 3 2 36-16 30
4. Aston Villa 14 9 2 3 33-20 29
5. Tottenhem 14 8 3 3 28-20 27
6. Nyukasl 14 8 2 4 32-14 26
7. Mançester Y. 14 8 0 6 16-17 24
8. Brayton 14 6 4 4 30-26 22
9. Vest Hem 14 6 3 5 24-24 21
10. Çelsi 14 5 4 5 25-22 19
11. Brentford 14 5 4 5 22-19 19
12. Kristal Pelas 14 4 4 6 14-19 16
13. Vulverhempton 14 4 3 7 19-25 15
14. Fulhem 14 4 3 7 16-26 15
15. Nottingem F. 14 3 4 7 16-22 13
16. Bornmut 14 3 4 7 16-30 13
17. Luton 14 2 3 9 13-26 9
18. Everton (-10) 14 5 2 7 15-20 7
19. Bernli 14 2 1 11 15-32 7
20. Şeffild Y. 14 1 2 11 11-39 5
Bombardirlər: Holann (MS) – 14, Salah (Liverpul) - 10, Son Hın Min (Tottenhem) – 9.
Turun rəqəmi
101 – “Arsenal” top-liqalarda bu il vurulan qolların sayına görə ilk “5-liy”ə daxil oldu. Saka “topçular”ın cari təqvim ilindəki 100-cü, Edeqor isə 101-ci qolunu vurdu. Avropanın aparıcı 5 çempionatında çıxış edən komandalardan “Mançester Siti” (137), “Real” (119), “Bavariya” (111) və “Bayer-04” (110) də 100 qol həddini adlaya bilib.
Turun ulduzu
Kiran Trippyer (Nyukasl) – MY üzərindəki qələbənin əsas memarlarındandı. Meydanda hər şey etdi: hücum qurdu, pressinq və müdafiə əməliyyatlarında aparıcı fiqurlardan oldu. Məhz Kiran topu ələ keçirməklə məhsuldar hücumu başlatdı ki, nəticədə Qordon həlledici qolu vurdu.
Turun sitatı
Erik ten Haq, MY-nin baş məşqçisi: “Fasilədə uşaqlara dedim ki, 0:0 hesabına sevinirik və oyunda qalmalıyıq. Oyunun son bölümündə yaxşı geridönüş etdik, məhz belə də oynamalıyıq. Komandamla danışacam. Lap sona qədər oyunda qaldıq, Regilonun yaxşı imkanları oldu, qolumuz ofsayd üzündən sayılmadı. Odu ki, heç-heçə də ola bilərdi. Ancaq etiraf etmək lazımdı ki, “Nyukası” ümumilikdə qələbəyə layiq idi”.
Faktlar
* MY premyer-liqanın liderləri ilə səfərdə uğursuz oyunlar seriyasını davam etdirdi. Ten Haqın “sükan arxasında” olduğu 1,5 mövsümdə komanda heç vaxt turdan əvvəl ilk “8-lik”də qərarlaşan rəqibi səfərdə məğlub edə bilməyib. Mankunianlar sonuncu dəfə liderlərdən kimisə səfərdə 2021-ci ilin oktyabrında məğlub edib. Onda Sulşerin çalışdırdığı komanda “Tottenhem”ə qalib gəlmişdi. Həmin vaxtdan bəri belə rəqiblərlə oyunlarda 10 məğlubiyyət və 3 heç-heçə qeydə alınıb.
* “Nyukasl” 101 ildə ilk dəfə ardıdıcıl üç oyunda MY-yə qalib gəldi. Mankunianlar “sağsağanlar”ı sonuncu dəfə fevralın 26-da Liqa kubokunun oyununda məğlub edib (2:0). “Nyukasl” həmin vaxtda bəri premyer-liqada elə bu hesabla qalib gəlib, ardından Liqa kubokunda MY-ni darmadağın edib (3:0), indi isə minimal fərqlə qələbə qazandı. “Squawka” yazır ki, “Nyukasl” 1922-ci ildən bəri ardıcıl üç oyunda MY-yə qalib gələ bilməmişdi.
* Son Hın Min “Tottenhem”in heyətində keçirdiyi 387-ci oyunda ilk dəfə avtoqola səbəbkar oldu.
* Rəqiblər MS-nin qapısından Qvardiola dönəmində əvvəlki ilə müqayisədə daha çox qol keçirir. “Şəhərlilər” son 4 çempionat oyununda 9 qol buraxıb ki, ispaniyalı mütəxəssisin vaxtında 2016-nın dekabrından bəri belə dönəm olmayıb. Komanda indiyə qədər Qvardiolanın rəhbərliyi altında heç vaxt ilk 14 turda 16 qol da buraxmamışdı.
* “Liverpul” premyer-liqada 2023-də hamıdan çox geridönüş edən komandadı. “Qırmızılar” “Fulhem”lə oyunda 87-ci dəqiqəyə qədər uduzurdu. Bu, onların premyer-liqa tarixindəki ən gec geridönüşüdü. Mersisaydlılar cari təqvim ilində premyer-liqada uduzduqları oyunların gedişində 21 xal qazanıblar. Bu kateqoriyada “Liverpul”un ən yaxın izləyiciləri “Arsenal”, “Kristal Pelas” və “Vest Hem”di (hərəyə 15 xal).
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Futbol ideal deyildi, ancaq oyunumuzdan çox razıyam. Hesab arasında fərq daha böyük olmalıydı. Biz səhvə yol verdik, rəqib ondan yararlandı və premyer-liqada belə vəziyyətdə heç nə həll olunmur. Şanslardan yararlana bilmədik, ancaq fərqlənmək çəhdindən də əl çəkmədik. Qalib gəlməli və yaxşı oyun göstərməliyik. Özü də hər 3 gündən bir”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Mənə elə gəlir ki, heç vaxt bu qədər çox qol vəziyyəti olan oyun görməmişəm. Ancaq öz axmaqlığımız üzündən az qala uduzacaqdıq. İlk yarıda müdafiədəki oyunumuz biabırçılıq idi. Futbolda hər şeyi xırda detallar həll edir. Fasiləyə 2:2 ilə yollanmağımız qanunauyğun idi. Rəqib geri çəkilmədi və 2-ci hissədə möhtəşəm qol vurdu. Hesab 2:3 olandan sonra “Fulhem”in formasını geyənlər, çox güman, bununla da işin bitdiyini düşündülər. Ancaq biz dünya səviyyəli iki qolla cavab verə bildik. Bir neçə dəfə oyun sistemini dəyişdik. Biz tempi aşağı salan kimi rəqib problem yaradırdı”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Ən vacib məqam budu ki, yaxşı oyun alındı. “Liverpul”la oyundan sonra olduğu kimi, yenə təəssüf hissi yaşayırıq. Axı bu gün çox yaxşı məşqçinin çalışdırdığı çox yaxşı komanda ilə oyunun hər aspektində üstün idik. Çoxlu qol vəziyyəti yaratdıq, aqressiv oynadıq, tam oyuna köklənmişdik. Təəssüf... Bəzən futbol həyata bənzəyir: haqq etdiyini almırsan”.