Möhtəşəm qələbə, parlaq qisas aktı - REPORTAJ

18.11.2023 10:52 215
Yığma / Reportaj
Yığmamız bu seçmə mərhələdə sonuncu ev oyununu keçirirdi.

Odu ki, komanda meydanda nəyin bahasına olur-olsun uduzmamaq, azarkeşlərlə aradakı buzları əritmək istəyirdi. Rəqib isə motivasiyasız İsveç idi. Martda səfərdə bu rəqibə 0:5 uduzduğumuzu da nəzərə alsaq, havadan həm də qisas qoxusu gəlirdi.

Hakimin start fitindən sonra qapıya ilk hücum qonaqlardan gəldi. Amma Lindelöfün baş zərbəsi qeyri-dəqiq alındı. Çoxlarının gözləmədiyi halda bizimkilər buna mövqe hücumuyla cavab verdi. 3-cü dəqiqədə Renat pressinq nəticəsində topu məhz Lindelöfdən alıb Emini qapıçıyla üzbəüz qoydu. Kapitan hücumu dəqiq tamamlamaqla hesabı açdı. Erkən qoldan ruhlanan futbolçularımız rəqibi sıxmaqla davam etdi. Bunun məntiqli nəticəsi kimi 6-cı dəqiqədə Ramil – Aleksey – Renat “üçlüy”ünün təşkil etdiyi hücumü sonuncu dəqiq zərbə ilə bitirdi.

İlk 6 dəqiqədə iki qol “Tre Krunur” üçün nokaut idi. İki top fərqi ilə önə çıxan yığmamız daha rahat oynamağa çalışdı və 20 dəqiqəyə yaxın mübarizə meydanın mərkəzində getdi. Ramilin iti bucaq altından zərbəsi qeyri-dəqiq alındı. 

28-ci dəqiqədə rəqibin künc zərbəsindən asması zamanı Dyokereşin yaxın məsafədən zərbəsinə əvvəlcə Şahruddin, sonra isə Bəhlul sədd oldu. Forsberqin yüzfaizlik qol imkanı zamanı da qapıçımız seyv nemayiş etdirdi. Bu hücuma cavabımız gecikmədi. Toral bir qədər reyd edib, sonra da müdafiəçidən sıyrılıb qapını yoxlasa da, zərbəsində azca dəqiqlik çatmadı. İlk yarı yığmamızın həm oyunda, həm də hesabda üstünlyü şəraitində keçdi.

Qonaqların fasilədən sonra oyunun axarını dəyişmək üçün əlindən gələni edəcəyi aydın idi. İlk dəqiqələrdə mübarizə meydanın mərkəzində getdi. 52-ci dəqiqədə Dyokereşin yaxın məsafəsindən zərbəsinə qolkiper növbəti seyvlə cavab verdi. 56-cı dəqiqədə isə Bəhlul rəqibin sürətli hücumu zamanı Dyokereşin qarşısını aşkar kopəbudluqla aldığına görə meydandan qovuldu. Hələ yaxşı ki qapımıza penalty təyin olunmadı. Yığmamız azlıqda qalandan sonra isveçlilər meydanda üstünlüyü ələ almağa çalışdı. Forsberqin cərimə nöqtəsindən qüvvətli zərbəsi zamanı əvvəlcə Şahruddin, ardından tir qola mane oldu. Kraftın zərbəsi zamanı top toru yandan sirkələdi. Kayustenin cəhdində isə Şahruddin topu sinəsinə sıxdı.

İrəliləyən dəqiqələrdə futbolçularımız daha sıx oynamaqla rəqibin qapı qarşısına yaxınlaşmasına imkan verməməyə çalışırdı. Svanberqin başla hücumindan da nəticə hasil olmadı. Helanderin cəhdi də uğursuz oldu. Və səhnəyə futbolumuzun yeni professoru çıxdı. 89-cu dəqiqədə Emin qapıçının irəli çıxdığını görərək təxminən mərkəz xəttinin yaxınlığından tora saldı. Kapitan son nəticəni müəyyənləşdirməklə yanaşı, milli komandanın bombardirləri siyahısında rekordçu olan (14) Qurban Qurbanova lap yaxınlaşdı. İndi Eminin hesabında 13 qol var. İsveç yığması isə Bakıya payız səfərini hələ uzun müddət unutmayacaq.

ABDULLA İSMAYILOĞLU