Artıq ''Qalatasaray'' tarixinə adını qızıl hərflərlə yazdırmış Fernando Muslera daha bir diqqətçəkən göstəriciyə imza atmaq üzrədi.
2011-dən ''Cim-Bom''un şərəfini qoruyan və Türkiyədə çox sevilən uruqvaylı qapıçı klub tarixində ən çox oyun keçirən və ən çox titul qazanan əcnəbi oyunçu statusundadı. 36 yaşlı qapıçı Türkiyə karyerasında 5 çempionluqdan başqa 5 dəfə superkubokun və 4 dəfə kubokun qalibi olub. ''Qalatasaray''da 12-ci mövsümünü keçirən Muslera həftəsonu ''Adana Dəmirspor''la qarşılaşmada ''sarı-qırmızılar''ın heyətində 429-cu rəsmi oyununa çıxacaq. Bununla da Ərgün Pənbəni (428) geridə qoymağa hazırlaşan Muslera ''Qalatasaray'' tarixində ən çox forma geyən 5 oyunçudan birinə çevriləcək!
Onun ən yaxın rəqibi 4-cü pillədəki Səbri Sarıoğludu (479). Musleranın klubla hələ ilyarımlıq müqaviləsinin olduğunu nəzərə alsaq, onun nəinki Səbrini, hətta 3-cü pillədəki Arif Ərdəmi (488) də yaxalamaq şansı var. Bu siyahıda ikinci pillədə Hakan Şükür (539) qərarlaşıbsa, lider Bülənt Korkmazdı (588).