DÇ: Minifutbol millimiz qrupda son oyununda da qələbə qazandı

31.10.2023 23:45 238
Yığma
Minifutbol üzrə millimiz Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxıb.

Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edirdi. Lakin yığmamız Cəfər Cəfərov (15), Mirmehdi Rzayev (38) və Təmkin Xəlilzadənin (44) qolları ilə qələbə qazanıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayıb.