AÇ-2028 və AÇ-2032-nin ev sahibləri ilə bağlı proqnozlar tam doğruldu.
"Football-plus.az" xəbər verir ki, srağagün UEFA-nın Nyondakı mənzil-qərargahında İcariyyə Komitəsinin toplantısı keçirildi. Burda hər iki turnirin ev sahibi bəlli oldu. Bilindiyi kimi, AÇ-2028 üçün Türkiyə də namizədliyini irəli sürmüşdü. Sonradan türklər həmin namizədliyi geri götürərək yalnız AÇ-2032 üçün iddialarını ortaya qoydular. Beləliklə, AÇ-2028-ə İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels birlikdə evsahibliyi edəcək. AÇ-2032 isə proqnozlaşdırıldığı kimi, Türkiyə ilə İtaliyaya verildi.
Dünən Nyondan İstanbula qayıdan Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi hava limanında ayaqüstü jurnalistlərlə söhbət etdi. Əvvəlcə Vinçentso Montellanın Türkiyə yığmasının başına gətirilməsi və qarşıdan gələn Xorvatiya, eləcə Latviya ilə oyunlar barədə danışan prezident bunları dedi:
“Hər iki qarşılaşma bizim üçün böyük önəm kəsb edir. Qrupda üstünlüyü ələ keçirmək istəyirik. Montella 2 il Türkiyədə işləmişdi. Burdan ayrılarkən çox gözəl təcrübə yaşadığını söyləməsi, eləcə də türk insanının etdiklərini bütün dünyaya anlatması xoşuma gəlmişdi. Daha öncə də qeyd etmişdim ki, Montella İstanbulda yaşayacaq və bütün oyunları izləyəcək. Ötən həftə də bunu gördük. Əvvəlcə Konyaya, sonra Kayseriyə yollandı. Tək oyunları yox, həmin klubların məşqlərini də izləyir. Yaxşı niyyətlə çalışır. Səlcuk Şahini onun köməkçisi təyin etdik. Türkiyəlinin məşqçilər korpusunda yer alması önəmlidi. İnşallah, ölkəmiz və millətimiz üçün xeyirli olsun. Nyona yollanmamış AÇ-2032 perspektivi ilə bağlı Montella ilə də söhbət etmişdim. O da bu duruma çox sevinir. Biz məsələyə təkcə futbol prizmasından yanaşmırıq. AÇ ölkəmizin tanıtımı baxımından da önəmli layihədi. İtaliya xarici ticarətdə ən çox əməkdaşlıq etdiyimiz 5-ci ölkədi. Bundan başqa, ümumi bir akademiya qurmaq layihəmiz olacaq. İtaliya dördqat dünya çempionudu. Təbii ki, onların da təcrübəsindən faydalanacağıq. Nyonda İtaliya Futbol Federasiyasının prezidenti ilə çox gözəl dialoqumuz oldu. Zatən ümumi bir plan və layihəmizi UEFA-ya təqdim etdik. İki ölkənin birləşməsindən ortaya gözəl bir turnir çıxacaq. Aralıq dənizinin sahilində yerləşən iki ölkədən bəhs edirik. Mədəniyyətimizdə və olaylara duyğusal yanaşmaq baxımından bənzərliklərimiz var”.
Büyükekşi Türkiyədən seçilən və UEFA-ya təqdim olunan 10 stadion arasında “Beşiktaş”ın stadionunun olmaması üzündən federasiyaya yönələn tənqidlərə də cavab verdi:
“Atatürk Olimpiya”da ölkə prezidentinin göstərişi ilə qapıarxası tribunalar bir qədər də böyüdüləcək. Stadionun tutumunu 80 minə çatdıracağıq. Stadionla bağlı polemikaya girmək istəmirəm. UEFA-ya təqdim etdiyimiz layihədə ora çoxdan 10 stadionun adını salmışdıq. Hər iki ölkə 10 stadion təqdim edib və stadionların sayı 5-ə enəcək. Bu da 2026-cı ildə baş verəcək. İndidən bunları müzakirəyə çıxarmaq, yersiz polemika yaratmaq nəyə lazımdı? Türkiyədə 38 stadion var. Zatən UEFA-ya bildirdiklərimiz arasında da seçim etməli olacağıq. Hətta dəyişmək də mümkündü. Ola bilər ki, İstanbuldan turnirə buraxılan stadionların sayı 1-ə ensin. Biz burda istədiyimiz kimi hərəkət etmirik. UEFA-nın bununla bağlı meyarları var. Hər şəhərdə ən çox azarkeş qəbul etməyə hazır olan olan stadionları bildirməliyik. Bu stadionlarda keçiriləcək oyunların gəliri nə klublara çatacaq, nə də federasiyaya. Burda söhbət İstanbul çempionatından getmir. Bütün Türkiyə ərazisində keçiriləcək turnirdən gedir. Dediyim kimi stadionlarla bağlı yekun siyahı 2026-da bəlli olacaq. Bu mövzuda heç bir əlavə söz-söhbətə ehtiyac yoxdu”.
Maraq üçün bildirək ki, Türkiyə AÇ-2032 üçün UEFA-ya bildirdiyi siyahıya “Atatürk Olimpiya”, “Rams Park”, “Ülkər Arena”, “Yeni 19 may” (Ankara), “Konya Böyükşəhər Bələdiyyə”, “Bursa Böyükşəhər Bələdiyyə”, “Papara Park” (Trabzon), “Korendon Eyrlans Park” (Antalya), “Əskişəhər Atatürk” və “Kalyon” (Qaziantep) stadionlarının adını salıb. Siyahıda “Beşiktaş”ın stadionunun, eləcə də İzmir və Adana kimi böyük şəhərlərin stadionlarının olmaması sosial şəbəkələrdə müzakirə doğurmuşdu.