Hazırda heyətində əcnəbi oynadan aşağı liqa təmsilçiləri "Karvan", "Qaradağ Lökbatan", "Zaqatala", "İrəvan", MOİK və "İmişli"di. "Difai Ağsu"nun heyətində qəribə ad-soyad diqqətimizi çəkdi. Söhbət Maksimilian Şilderdən gedir. Düzdü, Ağsu təmsilçisinin heyətində qapıçı Aleksandr Prikrotsov da var, ancaq o, Azərbaycan vətəndaşıdı. Şilderin “vətəndaşlığı” yerində də Azərbaycan göstərilib. Alman ad-soyadı daşıyan futbolçu necə vətəndaşımız olub? "Football-plus.az" "Difai Ağsu"nun prezidenti Asəf Məlikovdan futbolçu haqda məlumat alıb:
"Maksimillian Şilder Şirvanda dünyaya gəlib və orda böyüyüb. Atası, babası da Azərbaycan doğumludu. Futbolçu ölkəmizdə yaşamış alman kökənli nəsildəndi. Odu ki, futbolçumuz alman əsilli azərbaycanlıdı və Azərbaycan vətəndaşıdı".
19-cu əsrdə Azərbaycana köç edərək burda qəsəbələr, kəndlər salmış almanlardan hələ kimlərinsə nəvə-nəticələrinin qalması xoş haldı.
ABDULLA İSMAYILOĞLU






