25-ci turun oyunlarından sonra Braziliya çempionatının liderlər qrupunda komandaların sıralaması dəyişdi. Amma liderlə əsas izləyicisi arasındakı xal fərqi olduğu kimi qaldı. Fərq ondadı ki, artıq “Botafoqo”nu “Palmeyras” təqib etmir.
"Football-plus.az" xəbər verir ki, liderin son həftələr enişdə olduğu hamıya bəllidi. Zarafat deyil, ilk turlardan zirvəni ələ keçirən “Botafoqo” ardıcıl üç dəfə uduzmaqla mövqeyini şübhə altına almışdı. Bruno Lajenin çalışdırdığı komanda bu dəfə məğlubiyyət seriyasına son qoydu. Amma qələbə də qazana bilmədi. Rio de janeyrolular tura 16-cı yerdə başlayan “Qoyas”dan öz meydanında yalnız bir xal ala bildilər. Meydan sahiblərinin oyun planında üstünlüyü var idi. Amma iş elə gətirdi ki, onlar matçın gedişində hesabda geri düşdülər. İlk hissənin ortalarında qapısında qol görən “Botafoqo” hesabı fasilədən sonra bərabərləşdirə bildi. Tikinyo Soares 52-ci dəqiqədə Luis Enrikenin ötürməsini dəqiq tamamladı. Bu mövsüm A seriyasında 14-cü qolunu vuran 32 yaşlı hücumçu bombardirlərin siyahısında liderliyini bir qədər də möhkəmləndirdi. Onun komandasının qələbəsiz oyunlar seriyası 4-ə çatsa da, mövqeyi yenə dəyişmədi.
“Botafoqo” indi əsas izləyicisini yenə 7 xal qabaqlayır. Baxmayaraq ki, “ağ-qaralar”ın bəxtindən “Palmeyras” turu xalsız başa vurdu. Hesabat turu ərəfəsində lideri təqib edən son çempion üçün “Braqantino”ya qarşı səfər oyununun asan keçməyəcəyi aydın idi. Pedro Kayşinyanın çalışdırdığı komanda son həftələr yüksəlişdə idi. Braqançalılar son 4 oyunda 10 xal qazanmaqla liderlər qrupuna daxil olmuşdular. Amma “Palmeyras”la matçın əvvəli onların planına uyğun şəkildə getmədi. Çempionun 17 yaşlı hücumçusu Endrik 15-ci dəqiqədə hesabı açdı. Hesabda geri düşmək ev sahiblərini əsla həvəsdən salmadı. Əksinə, “Braqantino” qalan vaxtda rəqibini oyun planında aşkar geridə qoydu. Belə oyunun məntiqi nəticəsi isə qələbə oldu. Birsaatlıq mübarizə arxada qalarkən Eduardo Saşa penalti ilə hesabı bərabərləşdirdi. Bununla kifayətlənməyən meydan sahiblərinə 3 xalı son dəqiqədə Erik Ramires qazandırdı. Ardıcıl 3-cü qələbə “Braqantino”nu 4-cü yerdən liderin əsas izləyicisi mövqeyinə yüksəltdi. Abel Ferreyranın komandası isə ardıcıl ikinci məğlubiyyətlə 4-cü yerə düşdü.
“Palmeyras” indi “Qremio” ilə eyni – 44 xala malikdi. Amma portu aleqrililərdən qələbə sayına görə geri qalır. “Qremio” səfərdə “Fortaleza”dan bir xal ala bildi. Meydan sahibləri fasilə ərəfəsində penalti ilə hesabı açdılar. Bundan bir neçə dəqiqə sonra qonaqlar da 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazandılar. Lakin yarımmüdafiəçi Kristaldo hesabı bərabərləşdirmək üçün yaranan şansı boşa verdi. Renato Qauşunun komandası buna matçın sonuna 10 dəqiqə qalmış nail oldu. “Qremio”nu məğlubiyyətdən Luis Suares qurtardı. A seriyasında keçirdiyi 21-ci oyunda 8-ci qolunu vuran 36 yaşlı uruqvaylı hücumçunun bu liqada 6 dəfə assistentlik etdiyini də bildirək. Bir xal onun komandasının 3-cü yerdə qalmasına imkan verdi.
Tura 5-ci yerdə başlayan “Fluminense” hesabına xal yazmağı bacarmadı. Fernando Dinizin komandası səfərdə “Kuyaba”dan üç cavabsız top buraxdı. Böyükhesablı məğlubiyyət rio de janeyroluları 6-cı yerə saldı.
“Atletiko Paranaense” də turu xalsız başa vurdu. Bundan isə “Flamenqo” yararlandı.
Qeyd edək ki, komandanı çalışdıran Xorxe Sampaoli “Bayya” ilə oyun ərəfəsində istefaya göndərilib. Klubun rəsmi saytının məlumatında qərarın komandanın uğursuz çıxışına görə verildiyi bildirilib. Sampaoli “Flamenqo”ya bu ilin aprel ayında baş məşqçi təyin edilmişdi. Komanda argentinalı mütəxəssisin rəhbərliyi altında bütün turnirlərdə 39 oyun keçirib, 20 qələbə qazanıb, 11 dəfə heç-heçə edib və 8 dəfə məğlub olub. Rio de janeyrolular baş məşqçisiz çıxdıqları oyunda “Bayya”nı minimal hesabla məğlub etdilər. Bu qələbə “Fla”nı 7-ci yerdən 5-ə qaldırdı.
25-ci tur
Botafoqo RJ - Qoyas 1:1
Tikinyo Soares, 52 – Lukas Halter, 27.
Braqantino - Palmeyras 2:1
Eduardo Saşa, 61-p. Erik Ramires, 90 – Endrik, 15.
Fortaleza - Qremio 1:1
Tyaqo Qalyardo, 44-p. – L.Suares, 80.
Kuyaba - Fluminense 3:0
Kleyson, 57. Alan Empereur, 64. Fernnado Sobral, 87.
Koritiba - Atletiko Paranaense 2:0
Viktor Luis, 14. Slimani, 45+3.
Flamenqo - Bayya 1:0
Pedro, 61-p.
San Paulu – Korintians 2:1
Kalyeri, 40; 45+2 – A.Romero, 3.
İnternasyonal - Atletiko Mineyro 0:2
Halk, 73. İqor Qomes, 81.
Santos - Vasku da Qama 4:1
Markos Leonardo, 15-p.; 45+3. Rinkon, 45+1. Soteldo, 75 – Veqetti, 31.
Kruzeyro - Amerika Mineyro 1:1
Lusiano Kastan, 21 – Benites, 28.
22-ci turdan təxirə salınan oyun
San Paulu – Koritiba 2:1
Franko, 30. Lusiano, 45+13-p. - Slimani, 45+6.
1. Botafoqo RJ 25 16 4 5 40-16 52
2. Braqantino 25 12 9 4 35-22 45
3. Qremio 25 13 5 7 40-32 44
4. Palmeyras 25 12 8 5 39-20 44
5. Flamenqo 25 12 7 6 37-30 43
6. Fluminense 25 12 5 8 34-29 41
7. Atletiko Mineyro 25 11 7 7 29-19 40
8. Atletiko Paranaense 25 11 7 7 37-29 40
9. Fortaleza 25 11 6 8 30-24 39
10. San Paulu 25 9 7 9 31-27 34
11. Kuyaba 25 9 5 11 26-30 32
12. Kruzeyro 25 7 9 9 24-22 30
13. Korintians 25 7 9 9 29-31 30
14. İnternasyonal 25 7 8 10 20-29 29
15. Santos 25 7 6 12 27-41 27
16. Qoyas 25 6 9 10 21-31 27
17. Vasku da Qama 25 7 5 13 27-38 26
18. Bayya 25 6 7 12 28-33 25
19. Amerika Mineyro 25 4 6 15 27-51 18
20. Koritiba 25 4 5 16 27-53 17
Bombardirlər: Tikinyo Soares (Botafoqo RJ) - 14, Vitor Roke (Atletiko Paranaense), Markos Leonardo (Santos) - 11, Paulinyo (Atletiko Mineyro)