Ölkəmizi Çağırış Kubokunda təmsil edəcək "Azərreyl" yeni "voleybol ili"nə iddialı başlayacaq.
Bunu paytaxt təmsilçisinin "sükan arxasına” türkiyəli Cengiz Akarçeşməni gətirməsindən və etdiyi transferlərdən görə bilərik. Bəs görəsən, "sarı-qaralar" mövsümə necə hazırlaşır? Bu sualllar ətrafında komandanın çalışdırıcısı Cengiz bəylə söhbətləşdik.
- Hazırlıq prosesi necə gedir?
- İntensiv şəkildə davam edirik.
- Heyətinizi tam komplektləşdirmisiz, yoxsa yeni transferlər olacaq?
- Texniki heyət hazırdı, lakin oyunçular baxımından hazır deyilik. Hələ ki diqqəti toplanışa yönəltmişik.
- Avrokuboklara neçə faiz hazırsız?
- Heyətimizə bir neçə önəmli voleybolçu qatmağı planlayırıq. Bunlar bitəndən snra neçə faiz hazır olduğumuz barədə danışmaq olar.
- Ukrayna təmsilçisi "Balta"nı təhlil etmisiz? Sizə görə bu komandanı keçmək olarmı?
- Təbii ki, rəqibi hərtərəfli təhlil edir, bütün planlarımızı buna uyğun qururuq.
- Avrokuboklardakı hədəfləriniz nədi?
- “Azərreyl"in qatıldığı bütün turnirlərdə həmişə yüksək yerlər üçün oynadığını bilirik. Ancaq obyektiv danışsaq, bu sualın cavabını heyətimiz tamamlanandan sonra daha dəqiq deyə bilərəm.
- Ölkə çempionatının yeni mövsümünün gərgin mübarizə şəraitində keçəcəyini güman etmək olar. "Gəncə" də yaxşı transferlər edib. Sizcə, bu liqada hansı komanda "Azərreyl"ə çətinlik yaradacaq?
- Rəqiblər arasında fərq qoymadan hər yeni gün yaxşı olmaq üçün əziyyət çəkəcəyik. Bütün rəqiblərimizə hörmət edirik.
- Ölkə çempionatındakı hədəfləriniz nədi?
- Bir az əvvəl dediyim kimi, "Azərreyl" qatıldığı hər yarışda zirvə üçün mübarizə aparır. Hədəfimiz azarkeşlərimizə gözəl voleybol izlədib çempion olmaqdı.
CAVİD ƏLİYEV