Ölkəmizi FİBA Avopa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah”ın oyunlarını keçirəcəyi Şimali Makedoniyaya səfər tarixi də məlum olub.
Bu barədə “Football-plus.az” saytına klubun idman direktoru Elşən Yusubov məlumat verib:
“İnşallah, ayın 30-u Şimali Makedoniyaya yollanırıq. Heyətimiz tam hazırdı. Hər üç rəqibimizi də təhlil etmişik. Bu mərhələni keçsək, müntəzəm çempionata düşürük. Komandada ab-hava yaxşıdı”.
Redaksiyamıza “Sabah”la bağlı daha bir xəbər daxil olub. Belə ki, daha əvvəl FİBA-nın qoyduğu qaydaya əsasən, oyunların iki kamera ilə çəkiləcəyi haqda məlumat vermişdik. Keyfiyyət aşağı olduğuna görə yerli idman telekanlları da sözügedən oyunları göstərmir. Matçların yalnız FİBA-nın rəsmi “yutub” kanalında onlayn-strim yayınlanması nəzərdə tutulub. Lakin İTV “Sabah”ın görüşlərini rəsmi “yutub” kanalı ilə yayınlanması barədə qarşı tərəflə danışıq aparır.
A qrupunda yer alan “Sabah”ın oyunlarının təqvimini bir daha təqdim edirik. Xatırladaq ki, oyunlar Skopyedəki “Sports Center Boris Traykovski” arenasında keçiriləcək.
2 oktyabr, 19.30: “Donar” (Qroningen, Niderland) – “Sabah”
3 oktyabr, 22.30: “Sabah” – “Rabotniçki” (Şimali Makedoniya)
5 oktyabr, 19.30: “Rapid” (Buxarest, Rumıniya) – “Sabah”
CAVİD ƏLİYEV