“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Zaman-zaman yazılarımızda bölgələrə yer ayırırıq. Məqsəd orda çalışan mütəxəssis və idmançıları oxucularımıza daha yaxından tanıtmaqdı. Məlum məsələdi ki, əyalətdə idmanla məşğul olmaq, eləcə də məşqçilik etmək xüsusi əzmkarlıq tələb edir. Paytaxtdan fərqli orda idmançılar və onların məşqçiləri üçün şərait elə də yüksək səviyyədə olmur. Elə budəfəki müsahibimizlə söhbətdə də buna əmin olduq. Gədəbəydə azyaşlılara taekvondonun sirlərini öyrədən, Azərbaycan idmanına yeni istedadlar qazandırmağa, eləcə də həmin uşaqları sağlam ruhda tərbiyə etməyə çalışan Beyrək Bağırovla müsahibimizi sizə təqdim edirik.
- Beyrək bəy, ilk sualımızda sizi oxucularımıza daha yaxından tanıtdırmaq istərdik. İdmana ilk addımlarınızı harda, hansı məşqçinin rəhbərliyi altında atdınız?- Mən 1992-ci ildə Gədəbəy rayonunun Çalburun kəndində dünyaya gəlmişəm. Elə öz kəndimizdə orta məktəbə getmişəm. İdmanla məşğul olmağa isə Gəncə şəhərində Təhsil Respublika İdman Mərkəzinin filialında başlamışam. Bu filialda taekvondo məşqlərini Rövşən İsmayılov keçirdi. Mən də onun rəhbərliyi altında məşğul olurdum. Bir neçə il Rövşən müəllimin rəhbərliyi altında məşq etdim. Ondan sonra həmin mərkəzin taekvondo üzrə baş məşqçisi Vüqar Məmmədovun rəhbərliyi altında məşq etməyə başladım. Bu barədə Rövşən müəllimdən də razılıq aldım və Vüqar Məmmədovla sevimli idman növümlə məşğul olmağa davam etdim. 2017-ci ildə özüm Gədəbəy rayonunda idman klubu təsis etdim. Bu idman klubunun tərkibində taekvondo bölməsinə də özüm rəhbərlik edirəm. Çalışıram ki, bilik və bacarığımı doğma rayonumun övladlarına öyrədim. Özüm üçüncü dan qara kəmər sahibiyəm. Bir çox Avropa səviyyəli turnirlərdə mükafatçı olmuşam. Məşqçi və hakim kimi Azərbaycan idmanına xidmət edirəm, idman ustasıyam. Eyni zamanda “Savat” idman növüylə də məşğul oluram. Bu sahədə də hazırda həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirəm. Dünya kubokunda, Asiya Oyunlarında Azərbaycanda mükafatlar qazandırmışam.

- Niyə məhz taekvondo? Bu idman növünü sizə sevdirən nə oldu? Taekvondo başqa fərdi idman növlərindən nə ilə fərqlənir?- Maraqlı suala görə təşəkkür edirəm. Mən bu idman növündə özümü tapmışam. Orda bir ayrıca mədəniyyət, tərbiyə görürəm. İlk gündən məni məşqlər, məşqdə komanda yoldaşlarımın bir-birinə olan münasibəti, dəstəyi özünə cəlb etdi. Taekvondo dünyada çox populyar olan idman növüdü. Ümumiyyətlə, bu idman növünün 4000 ildən çox yaşı var. Koreyalılar taekvondonu əvvəlcə özlərini müdafiə etmək üçün yaradıblar. İlk addımlarımı atanda taekvondonun tarixini də araşdırdım, gördüm ki, bu idman növündə böyük bir mədəniyyət var. Çox zəngin bir mədəniyyətdi. Ona görə də taekvondoya daha bərk bağlandım, davam etməyə qərar verdim. Təkcə döyüşmək üçün yox, həyatda bərkimək, mübarizə aparmaq, sağlam və normal tərzdə yaşamaq, tərbiyəli olmaq, lazım gələndə özünü müdafiə edə bilmək üçün taekvando böyük bir məktəbdi. Mən əvvəllər bir sıra şərq əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam, maraqlanmışam. Amma sonradan özümü məhz taekvondoda tapmışam.
- İndiki nəslin idmana yanaşması, məşqlərdə iştirakı sizi qane edirmi?- Az əvvəl qeyd etdiyim kimi, doğma rayonumuzda idman klubu açmışam və burda uşaqlara, yeniyetmələrə taekvondonun sirlərini öyrətməyə çalışıram. Bilirsiz ki, rayonlarda idman məşqləri Bakıdakı kimi məşhur deyil. Ümumiyyətlə, bizim rayonumuzda şərq əlbəyaxa döyüş növləri üzrə qruplar olmayıb. Bu mənada Gədəbəydə ilk cığıraçan, təməlqoyan rolunu oynamışam. Heç də asan olmayıb. Özüm gədəbəyli olduğum üçün çox arzulayırdım ki, burda bir idman bölməsi yaradım. Sevinirəm ki, buna nail olmuşam. İşə sıfırdan başlamışdıq, sonradan 80 nəfərlik bir komandam oldu. Heç bir inventarım, şəraitim yox idi. Bütün qurumlara müraciət etdim. Kömək istədim. Müəyyən zamandan, bir qədər uğur qazanandan sonra Gədəbəydəki qızıl mədənləri bizə kömək oldu, onların dəstəyi ilə zalın icarəsini qarşılaya bildik, inventarlar ala bildik. Bununla da fəaliyyətimizi daha da genişləndi. Hazırda da uşaqlar böyük həvəslə, səylə məşqlərə gəlirlər. Onlara taekvondonu sevdiririk, biliklərimizi öyrədirik.

- Bir qədər də yetirmələrinizdən danışaq. Yetirmələrinizin hansı uğurları, nəticələri var?- Yetirmələrimizdən qadınlar arasında respublika ikincisi var. Kişilər arasında da uğurlarımız var. Təhsil İdman Mərkəzinin keçirdiyi respublika birinciliyində qalib olan yeniyetmə və gənc idmançımız var. Bundan başqa, yeniyetmələr arasında Almaniyada keçirilən Avropa birinciliyində üçüncü olan idmançımız var. Özüm də həmin turnirdə məşqçi kimi iştirak edirdim. 2022-ci ildə Estoniyanın Tallin şəhərində həmin idmançımız Avropa çempionu oldu, Azərbaycan bayrağını dalğalandırdı. Bu da Gədəbəyin idman tarixində yeni səhifə oldu, ilkə imza atdıq. İndiyə qədər bizim rayonda belə nəticə olmamışdı. Qeyd etdiyim kimi, “Savat” idman növü üzrə də məşqlər keçirik. Bu növdə də yetirmələrimiz mükafata layiq yerlər tuturlar. Sevindirici haldı ki, qızlarda da mükafat qazanan idmançılarımız var. Yaxın vaxtlarda idman klubumuzda gimnastika üzrə də qruplar açmağı planlaşdırırıq. Məmməd Bağırov adlı bir gədəbəyli bizə məşq etmək üçün şərait yaradıb, idman zalıyla təmin edib. Belə insanların dəstəyi ilə fəaliyyətimizə davam edirik.
- Bölgədə, xüsusən də Gədəbəy kimi ucqar yerdə bir məşqçi kimi hansı problemlərlə qarşılaşırsız? Hansı çətinliklər sizi narahat edir? Paytaxtdan, Taekvondo Federasiyasından sizə dəstək varmı?- Bildiyiniz kimi, dağlıq bölgədə idman klubu yaratmaq çox çətindi. Şəhərdə uşaq böyüyəndə artıq məşqləri, idman zallarını görür. Biz idman növlərini insanlara həm də tanıtdırmağa çalışırıq. Ucqar rayondu. Əvvəlcə insanlar idmanı tanımalı, sonra onu sevməlidi. Buna görə də işlərimizin özünəməxsus çətinlikləri var. Taekvondo Federasiyasının bizə maddiyyat, inventar olaraq bir dəstəyi olmayıb. Özüm Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, məşqçi lisenziyam var. Buna görə bizə maneçilik də törədilməyib. Yarışları, turnirləri də özümüz təşkil etmişik, digər yarışlara da öz imkanlarımızla yollaşmışıq. Bizim dəstəyimiz Gədəbəydəki qızıl mədənlərindən və yardımsevər insanlardandı. Ümumiyyətlə, Azərbaycanda idmanla bağlı müəyyən yanaşmaların dəyişməsinə ehtiyac var. İdmana dəstək verən insanlara müəyyən şərait yaradılmalıdı ki, onlar da həvəslənsinlər. Onlar üçün motivasiya yaradılmalıdı. Kimsə görür ki, Gədəbəydə hansısa idmançının potensialı var, ona dəstək verir. Amma bunun qarşılığında ona hansısa təşəkkürnamə belə verilmir. Onsuz da bizdə çətinliklər çoxdu, dağ rayonuyuq. İndiki səviyyəyə gəlib çatana kimi çox çətinlik çəkmişik. Ancaq yaxşı insanların sayəsində ayaqda dura bilirik. Bizdə iqlim şərtləri də çox ağırdı. Kommunal xərclər xeyli çox olur. İstərdim ki, bu məsələni siz də işıqlandırasız. Bizə dəstək olmaq istəyənlər var, amma onlar da öz xeyirxah əməllərinin qarşılığında dövlətdən, yaxud da Gənclər və İdman Nazirliyindən hansısa xoş münasibət görməlidi. Belədə həmin şəxslərin də idmana olan marağı, bizim kimi idmançılara dəstək olmaq həvəsi artacaq. Bunu üçün qanunvericilik əsasları da hazırlana bilər, həmin iş adamlarına vergidə güzəşt edilər. Hər halda, bunu mütəxəssislər daha yaxşı bilir. Bizim istəyimiz isə idmanla məşğul olmaq üçün daha yaxşı şəraitə və dəstəyə sahib olmaqdı. İnanıram ki, bunu da səlahiyyət sahibləri nəzərə alacaqlar.
İLKİN SULTANLIYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.