Çempion olandan sonra indi də qarşısına Çempionlar Liqasının qrup mərhələsində oynamaq hədəfi qoyan və heyətini gücləndirən “Qalatasaray” srağagün şou göstərdi.
"Football-plus.az" xəbər verir ki, “Rams Park” stadionunda yeni transferlərin hər biri fanatlara və futbolsevərlərə təqdim olundu.
İkardinin keçidi yekunlaşdı
Öncə qeyd edək ki, İstanbul nəhəngi uzun müddət davam edən həsrətə son qoyaraq, nəhayət, Mauro İkardiyə qovuşdu. Ötən mövsümkü mükəmməl performansı ilə fanatların qəlbində böyük iz buraxan argentinalı forvard cümə günü axşam saatlarında ailəsi ilə birlikdə İstanbula ayaq basdı. Gözlənildiyi kimi, məşhur futbolçu böyük coşqu və izdihamla qarşılaşdı. Hətta onu fanatların əlindən almaq üçün polislər də məsələyə qarışmalı oldu. 30 yaşlı oyunçunun transferinin rəsmi detallarına gəlincə, “Qalatasaray” daha öncə qeyd edildiyi kimi PSJ-yə 4 il ərzində ümumilikdə 10 milyon avro ödəyəcək. İkardi ilə üçillik müqavilə imzalanıb. Onun illik maaşı isə Türkiyə mətbuatının iddia etdiyi kimi 10 milyon avro yox, 6 milyon avro təşkil edəcək. Bu məbləğin 3,5 milyon avrosu klub, qalan hissəsi isə sponsorlar tərəfindən ödəniləcək. İkardinin transferi üçün “Qalatasaray” tərəfindən gözəl bir video hazırlandı. Srağagün klubun “instaqram”da 9 paylaşımından 7-si məhz argentinalıya həsr olundu! Maraqlıdı ki, İkardinin öz səhifəsində bu transferə aid paylaşımı bəyənənlərdən biri də Serxio Ramos oldu. Bu futbolçular 2021/22-ni PSJ-də birlikdə keçirmişdilər. Transferin yekunlaşmasının ardından İkardi bunları dedi:
“Yenidən bu formanı geymək mənə qismət olduğu üçün xoşbəxtəm. Özümü zatən buranın bir parçası hesab edirdim və Ərdən Timurla danışdıqdan sonra burda davam edəcəyimə qərar verdim. Fanatlarımızı çox sevirəm. Ötən mövsüm başlayan əyləncəmiz bu il davam etməlidi. Türkiyənin ən böyüyü olduğumuzu yenidən göstərməliyik. Ötən həftə rəsmi oyunlar başladı. Pilllə-pillə irəliləməli və qələbələri sıralamalıyıq”.
“Qalatasaray”ı Avropanın zirvəsinə qaytarmağa çalışacağıq”
Bazar günü isə “Rams Park” stadionunda əsil qələbəlik yaşandı. “Qalatasaray” yeni oyunçuları – Mauri İkardi, Uilfrid Zaha, Sedrik Bakambu, Anxelinyo və Xəlil Dərvişoğlunu fanatlara təqdim etdi. Bu mərasimdə ötən mövsümün ikinci dövrəsindən heyətdə olan Kaan Ayhanla Nikolo Zanyolo da iştirak etdi. Çünki Kaan ötən mövsüm icarə əsasında oynayırdı və bu yay daimi əsasda heyətə cəlb olundu. Zanyolonun transferi isə bilindiyi kimi, dəhşətli zəlzələ ilə üst-üstə düşmdüşdü. Bu üzdən onun üçün təqdimat mərasimi keçirilməmişdi. Bu 7 futbolçunu izləmək üçün “Rams Park”a nə az, nə çox – düz 35 min azarkeş gəldi! Hər futbolçu bir mahnının sədaları altında stadionda qurulmuş platformaya çıxaraq fanatları salamladı. Başqan Dursun Özbək tədbirdə bunları dedi:
“Dəyərli “Qalatasaray”lılar, bu gün yeni oyunçularımızın imza mərasimi və yeni mövsümün açılışı münasibətiylə bura yığışmışıq. Biz demişdik ki cümhuriyyətimizin 100-cü ildönümündə çempionluq ən çox cümhuriyyətimizin üzü olan “Qalatasaray”a yaraşır. Bu hədəfə çatdığımız üçün qürurluyuq. Sizin dəstəyinizlə bu gün Türkiyənin ən çox qısqanılan və ən çox qibtə edilən klubuyuq. Bundan sonra hədəfimiz “Qalatasaray”ı əvvəlki illərdə olduğu kimi yenə Avropanın zirvəsinə qaytarmaqdı. Çünki bizim yerimiz oradı. Türkiyədə bir çox ilkləri bacarmış “Qalatasaray”a zirvədə olmaq həmişə yaraşır və bundan sonra da yaraşacaq. Türk olmayan klubları bir-bir məğlub edəcəyik. Qiymətli oyunçumuz İkardi illik təxminən 40 milyon avroluq maaş təklifini geri çevirərək bizim 10 milyon avroluq təklifimizi qəbul etdi. Bunun 4 milyon avrosu sponsorlar tərəfindən qarşılanacaq. Sponsorlarımız imkansızı bacarmaq üçün bizim yanımızda oldular. Sağ olsunlar, var olsunlar”.
İmza və təqdimat mərasiminin ardından “Qalatasaray” 35 min fanatın önündə açıq məşq keçərək “Jalgiris”lə cavab matçının hazırlıqlarını davam etdirdi. İkardi məşqin ilk bölümünü komanda ilə birlikdə, ikinci bölümünü fərdi şəkildə keçirdi. Bakambu məşqdəki performansı, sürəti, fiziki gücü və ötürmələri ilə diqqəti çəkdi.
Türkiyə futbol tarixinin ən bahalı heyəti!
Maraq üçün bildirək ki, “Qalatasaray”ın bazar günü fanatların önünə çıxardığı 7 futbolçunun ümumi dəyəri 90,7 milyon avrodu! Yeni transferlərin komandaya qatılması ilə birlikdə “Cim-Bom”un indiki heyətinin dəyəri 215,9 milyon avroya yüksəldi. Bu, Türkiyə futbolunda indiyə qədər olmuş ən bahalı heyətdi! Hətta 2013/14 mövsümündəki Droqbalı, Sneyderli, Melolu heyətin dəyəri yalnız 190 milyon avro idi. Hazırda Türkiyə çempionatında çıxış edən ən dəyərli oyunçuların ilk “10-luğ”unda “Qalatasaray”dan 7 futbolçu var! Söhbət Zanyolo (27 milyon avro), Zaha (22), İkardi (19), Nelsson (18), Boe (16), Torreyra (15) və Kərəm Aktürkoğludan (15) gedir. Siyahıda “Fənərbaxça”dan 2 futbolçu var. Şimanski (18) 4-cü, Fərdi Kadıoğlu (17) 6-cı sırada qərarlaşıb. Siyahıdakı yeganə “Beşiktaş”lı Fernandeş (12) isə 10-cu pillədədi. Müqayisə üçün bildirək ki, “Qalatasaray”dan sonra ən dəyərli heyət “Fənərbaxça”dadı (183,6 milyon avro). “Beşiktaş” (99,3) isə 3-cü pillədədi.
Yeri gəlmişkən, bu həftənin da “Qalatasaray”da çox hərəkətli keçəcəyi gözlənilir. Təbii ki, bütün diqqətlər “Jalgiris” ilə cavab oyununa yönəlib. Amma transferlər də davam edəcək. İlk növbədə 2-ci qapıçı statsunda olacağı gözlənilən Günay Güvənçin keçidi həll olunacaq. Daha öncə qeyd etdiyimiz kimi, İstanbul nəhəngi “Qaziantep”ə 400 min avro və qapıçı Batuhan Şəni verməklə bu transferi bitirmək istəyirdi. Amma Şən Antepə yollanmaq istəmədiyi üçün bu transfer yubanır. Bundan başqa “sarı-qırmızılar” bu həftə 2 önəmli transferi bitirə bilər. Söhbət “Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi Fred və “Bayer-04”ün universal qürbətçi yarımmüdafiəçisi Kərəm Dəmirbaydan gedir. Kərəmlə artıq ilkin anlaşma əldə olunub. Amma klublar arasında danışıqlar davam edir. Braziliyalı Fredə gəlincə, rəhbərlik “Yunayted”in məbləği bir qədər aşağı endirəcəyinə ümid edir. Çünki “sambaçı” özü də “Qalatasaray”a keçməyə həvəslidi. Və nəhayət, Milot Raşitsa ilə bağlı da danışıqların yekunlaşmaq üzrə olduğunu bildirək. “Norviç” kosovolu vingerə görə 6,5 milyon avroya qədər enməyə razı olub. Çox güman, bu transfer də bu həftənin sonuna qədər açıqlanacaq.
ƏLİ RAUFOĞLU