UEFA “Pünik”ə etmədiyi güzəşti “Sabah”a edəcəkmi?

25.07.2023 14:27 2 508
Ölkə futbolu / Manşet
Sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununda RFŞ ilə qarşılaşacaq “Sabah”ın məşqçilər korpusunun Latviyaya buraxılıb-buraxılmayacağı ətrafında müəmmalı durum yaranıb.

Düzdü, baş məşqçi Murad Musayev, eləcə də köməkçiləri Artur Qlenin, Vitali Korneyev, Aleksey Malaxov və Aleksandr Pançuk “Sabah”ı Latiyaya aparan təyyarənin sərnişinləri arasındadı. Klub prezidenti Maqsud Adıgözəlov “AFFA da bizə kömək edir, Latviyadakı səfirliyimiz də, məncə, hər şey yaxşı olacaq" desə də, Baltikyanı ölkələrin qanunvericiliyi və “Pünik”in acı təcrübəi nikbinlik üçün əlyeri qoymur.

“Football-plus.az” xəbər verir ki, Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) Şengen vizası olan Rusiya vətəndaşlarına qeyri-şengen zonasından girişi qadağan edib. Latviya ötən ilin iyunundan "Rusiya daxilindəki qeyri-müəyyən siyasi vəziyyətə görə" bu ölkənin vətəndaşlarına viza verməyi, ümumiyyətlə, dayandırıb.

Qeyd edək ki, qeyri-şengen ölkələrindən Latviyaya giriş məhdudiyyəti əsasən turist vizası olan Rusiya vətəndaşlarına aiddi. "Sabah"ın təmsilçilərinin idman vizası olduğuna, UEFA-nın məsələyə müdaxilə edə biləcəyi ehtimalına görə ölkəmizdə “Sabah”ın rusiyalı məşqçi korpusunun sabahkı oyunda ehtiyat oyunçular skamyasındakı yerini alacağına inam böyükdü. Amma bir neçə gün öncə qonşu Ermənistanın “Pünik” klubu Konfrans Liqasının oyununu keçirmək üçün Estoniyaya yollanarkən problemlə üzləşib. Belə ki, Litvanın Ermənistandakı konsulluğu “Pünik”in rusiyalı oyunçusuna və məşqçisinə viza verməkdən boyun qaçırıb və onlar “Trans”la Estoniyadakı cavab görüşünü buraxıblar. “Pünik”in prezidenti Artur Soqomonyan UEFA-ya çılğıncasına etiraz etsə də, xeyri olmayıb:

“Fikrimcə, burda idmanın əsas prinspipi – yarışların ədalətli keçirilməsi – pozulur. Estoniyadakı cavab görüşünə bizdən üç adam gedə bilmədi. Belə çıxır ki, İsveçə də (“Pünik” növbəti mərhələdə “Kalmar”la qarşılaşacaq – red.) ikisi gedə bilməyəcək - əsas heyət oyunçusu və baş məşqçinin 1-ci köməkçisi. Bildiyimə görə, bu yalnız bizim klubun problemi deyil. UEFA bütün güclü oyunçuların bu və ya başqa oyunda iştirakını təmin edə bilmirsə, deməli, oyunların elə ölkədə keçirilməsini tələb etmək lazımdı ki, komandalar tam heyətlə oynaya bilsin”.


ORXAN