Sualımıza cavab tapmaq üçün bu günə kimi bir çox tanınmış futbolçunun premyer-liqa klublarına keçidində vasitəçi olmaqla yanaşı, bəzi yerli oyunçuların ölkədən kənara çıxmasına yardım edən Vaqif bəylə əlaqə saxladıq:
“2015-ci ilə qədər yerli federasiyadan qeydiyyatdan keçməklə lisenziya və vəsiqə əldə edə bilirdin. 2015-dən bu günə kimi bunu dəyişib futbolçu təmsilçisi kimi qeydə alırdılar. Bu ildən isə qaydaları dəyişdilər. FİFA ayrıca platforma şəklində özünə bağladı. 2015-ə qədər qeydiyyatda olmaqla yanaşı, 2015-22-ci illər aralığında futbolçu rəsmisi kimi qeydiyyatda olmalısan. Bu sənədləri toplayıb ali futbol qurumuna göndərdikdən sonra sənin həqiqətən bu işlə məşğul olduğun təsdiqlənir. Və sənə FİFA-nın yeni lisenziyası verilir. Qeyd etdiyim proseduru həyata keçirdim. 2010-cu ildə imtahan verdiyimi, 2015-də status dəyişənə kimi futbolçu təmsilçisi kimi qeydiyyatdan keçdiyimi qarşı tərəfə təqdim etdim. Yeri gəlmişkən, 2015-də bizim assosiasiyada bu məsələ hələ təkmilləşmədiyindən məcbur olub başqa federasiyadan, daha dəqiq desəm, İngiltərə Futbol Assosiasiyasından qeydiyyatdan keçmişdim. Statusun dəyişdirilməsi qərara alınanda 2010-cu ildən bəri – vəsiqə, 2010-15-ci illər aralığında rəsmi agent kimi qeydiyyatda olduğumu sübut edən təsdiq məktubunu, İngiltərə Futbol Assosiasiyasından rəsmi futbolçu təmsilçisi kimi qeydiyyatda olduğumu sübut edən sənədi, illik rüsumların ödənildiyini göstərən qəbzləri FİFA-ya göndərdim və qeydiyyata düşdüm. Təxminən iki ay çəkən təftişdən sonra yeni qaydalara uyğun lisenziya təqdim olundu”.
RƏŞAD





