“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

5.07.2022 13:13 559
Ölkə futbolu
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”dən FİFA-ya şikayət etdiyini xəbər vermişdik.

Bir daha xatırlafdaq ki, yığmanın da şərini qoruyan futbolçunun ötən yay ərəb klubuna transferi gündəmə gəlmişdi. Müqavilə ilə məxsus olduğu “Sabah” da müəyyən təzminat qarşılığında onunla vilaşmağa hazır olduğunu bildirmiş və yolları ayırmışdı. Ancaq sonradan, daha doğrusu, tərəflər arasında 3 illik müqavilə bağlanmasına rəğmən, BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu ki, məhz bu səbəbdən Mustafazadə “Əl-Əyn”dən ali futbol qurumuna şikayət ünvanlamışdı. Milli üzvü şikayətində BƏƏ klubu qarşısında 900 min avroluq iddia qaldırıb. Çünki “Əl-Əyn” rəsmi sənədlərə əsasən 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürmüşdü.

FİFA futbolçunun müraciətinə bu ilin aprelində baxıb qərar qəbul etməli olsa da, hələ ki bu yöndə heç bir səs-soraq yoxdu. Bunun səbəbini öyrənmək üçün “Qarabağ”ın futbolçusunun agenti Səbuhi Səfiyarlı ilə danışdıq. Tanınmış menecer “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:

“Bəhlulun şikayəti qəbul edilib. Ancaq qarşı tərəf, daha dəqiq desək, BƏƏ klubunun hüquqlarını qoruyan vəkil sənədlərlə daha yaxın tanış olmaq üçün FİFA-dan əlavə vaxt istəyib. Ali futbol qurumu da ona bu hüququ verib. Böyük ehtimalla yaxın vaxtlarda şikayət ünvanlanan qurum bu məsələyə baxacaq”.


RƏŞAD