Rüfət Dadaşov "Berliner Kurier"ə açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, milli komandanın sabiq hücumçusu Berlin "Dinamo"suna keçidi haqda danışıb:
"Burda cəmi 1 il oynamışam (2017/18 – red.). Amma bu, evimə döndüyümü demək üçün yetərlidi. Burdakı insanların çoxunu tanıyıram. Həyat yoldaşım da Berlindəndi. Biz bu şəhərdə tanış olmuşuq. Bura qayıdacağımı bilirdik. Berlinin başqa klubuna keçə bilməzdim. Əvvəlki klubum "Şalke-04"də daha çox qazana bilərdim. Ancaq hansısa məqamda bu önəmini itirdi. Yeni çağırış lazım idi. Fikrimcə, hazırda lazımi yerdəyəm".
Rüfət hədəflərə də toxunub:
"Çempion olacağımıza söz verə bilmərəm. Amma bunun üçün hər şey edəcəyik. Sonda da necə olacağını görəcəyik. Hər halda, "Dinamo"ya 6-cı yer uğrunda mübarizə aparmaq üçün gəlməmişəm. 20 qol vuracağıma da söz vermirəm. Əsas komandanın qələbə qazanmasıdı".