“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “Football-plus.az” a müsahibə verib.
Klub prezidenti həm əsas komanda, həm akademiya ilə bağlı sualları cavablandırıb, yeni mövsümlə bağlı fikirlərini bölüşüb.
- Konfrans Liqası ərəfəsində bəzi aparıcı futbolçuların “Qəbələ”ni tərk etməsi narahatlıq doğurmaya bilməz. Nə fikirləşirsiz, bu durumdan necə çıxmağı düşünürsüz?
- Bu gün qarşılaşdığımız hala vərdiş etmişik. Keçən il, ondan əvvəlki illlərdə də bu aqibətlə üzləşmişik.Ona görə də bizdə artıq belə duruma qarşı immunitet yaranıb (gülür). Bu səbəbdən fikirləşdiyiniz qədər də narahat deyilik. Sözsüz ki, komandanı formalaşdırmaq yönündə işlər gedir. Aydın məsələdi ki, yaşananlar bizdən - nə məndən, nə baş məşqçidən asılıdı deyil. Çalışırıq qısa vaxtda komandanı quraq.
- Uğurlu mövsümdən sonra büdcənin artıralacağı, “Qəbələ”nin daha da güclənəcəyi gözlənilsə də bu baş vermədi. Yeni sponsor, əlavə sərmayəçi cəlb etmək bu qədər çətindi?
- Real danışsaq, hər şey büdcədən asılıdı. Dövlət tərəfindən ayrılan vəsait hesabına bu nəticəni, “Qəbələ”ni, akademiyanı, infrastrukturu saxlamaq mümkündü. Bizim əməkdaşlıq etdiyimiz xırda sponsorlarla yanaşı, əsas himaydarımız olaraq “Gilan” şirkəti qalır. Klubun sabiq prezidenti Tale Heyədərov dəstəyini göstərir. Ancaq daha çox sponsor tapmaq, daha çox gəlir əldə etmək indiki reallıqda mümkün deyil. Biz çalışırıq, buna cəhd edirik, ancaq Azərbaycanda futbol təssərrüfatı gəlir gətirmir deyə bu sahəyə yatırım etmək istəyən tapmaq çox çətindi.
- Bu yaxınlarda hansısa Qətər şirkətinin premyer-liqa klublarından birini almaq istədiyi barədə söz-söhbət ortaya çıxdı. Həmin vaxt ilk ağıla gələn “Qəbələ” idi...
- Bu barədə nə rəsmi, nə də qeyri-rəsmi heç nə yoxdu. Qətərlə bağlı yalnız onu deyə bilərəm ki, bu ölkənin “Aspire” futbol akademiyası ilə danışıqlar aparırıq. Onları Qəbələdə təlim-məşq toplanışı keçməyə dəvət etmişik. Onların gəlişi klubumuza da müəyyən qədər vəsait qazandıracaq. Bundan başqa “Qəbələ”nin Qətərlə heç bir əlaqəsi yoxdu.

- Ötənilki heyəti qoruyub saxlamaq bu qədər çətin idi?
- Öz yetirmələrimizə belə digər klublar bizdən daha yaxşı şərtlər altında müqavilə təklif ediblər. Bizdə aldıqları məvacibdən 3 dəfə artıq maaşa oynayacaqlar. Hələ legionerləri demirəm. İsnik Alimi Ruminiyada “Qəbələ”də aldığından 2,5 dəfə artıq qazanacaq. Mən yüksək ödənişlə 2 futbolçunu saxlaya bilərəm. Onda gərək komanda 4-5 oyunçu ilə meydana çıxsın. Balans məsələsini qorumalıyıq. Elə etməliyik ki, heyətin digər üzvləri də xoşbəxt olsun. İki nəfərə yüksək ödəniş edib qalanlarına qəpik-quruş vermək düzgün olmaz.
“Həmin yarıtmaz işin nəticəsidi ki, bu gün hər klubdan 300-500 min kəsilir”
- Dövlətin klublara ayrıdığı 3 milyon manat hansı səviyyədə klub saxlamağa imkan verir?
- 3 milyon manatla ancaq elitada qalmaq uğrunda mübarizə aparmaq olar. Həmin məbləğlə nə akademiya, nə də infrastruktur saxlamaq mümkündü.
- Klublar Komitəsinin sonuncu iclasında AFFA-nın klublar qarşısında qoyduğu şərtlərlə razılaşmadız. Hətta Rövnəq Abdullayevlə görüşdə etirazınızı açıq şəkildə bildirdiz. Bəlkə həmin toplantı barədə ətraflı məlumat verəsiz...
- Ümumiyyətlə, orda kökündən yanlış bəndlər var idi. O meyarlar ki, orda yazılmışdı səhv idi. Sadəcə, artıq razılaşdırılmışdı deyə geridə qalan mövsüm üçün onları dəyişmək mümkün olmadı. Bütün klublarla birgə məsələni müzakirə etdik və belə qərara gəldik ki, bizi eşitmirlərsə, bəyanat vermək lazımdı. Rövnəq müəllim sağ olsun, bizi qəbul etdi, iradlarımızı dinlədi və rəsmi olmasa da, qeyri-rəsmi eşitmişəm ki, yeni mövsümdə çox dəyişikliklər olacaq. Həmin yarıtmaz işin nəticəsidi ki, bu gün hər klubdan 300-500 min kəsilir. Deyək ki, planımızı 3 milyon üzərində qurmuşduqsa, məcburuq böyük məbləğdə kəsirlə növbəti “futbol ili”nə çıxaq.
- Qeyd etdiyiniz kəsir növbəti mövsümdə klublara kompensasiya olunacaq?
- Xeyr.
- Həmin şərtlər klublarla birgə müzakirə olunub təsdiqlənmişdi?
- Klublar yalnız elan olunanda bildi ki, belə meyarlar var. Ondan sonra bizim hansısa formada münasibət bildirməyimizin mənası olmadı.
“İndi rəqib barədə bir söz deyə bilmirəm, çünki öz komandamız yox səviyyəsindədi”
- Konfrans Liqasında rəqibiniz Cənubi Kipr təmsilçisidi. Biləndə ki, rəqib “Omoniya”dı, reaksiyanız necə oldu?
- Rəqib barədə düşünmək istəmirəm. Vacib olan komandamızı formalaşdırmaqdı. Heyətimizi qoruya bilsəydik, kiminlə qarşılaşmağımız bizi narahat etməzdi. “Qəbələ”nin böyük avrokubok təcrübəsi var. Kipr və yunan təmsilçiləri ilə oynamışıq. Bildiyim qədər köklü, böyük azarkeş kütləsi olan klubdu. İndi rəqib barədə bir söz deyə bilmirəm, çünki öz komandamız yox səviyyəsindədi.
Yunanıstan və Cənubi Kipr klubları ilə görüşlərdə daim hansısa insident yaşanır. Təhlükəsizlik baxımdan hansı addımı atmaq fikriniz var?
- Azarkeşlərin arasında bizim dövlətə, millətə kin saxlayan xalqın nümayəndələri var. Amma “Omoniya”nın digər Cənubi Kipr klublarından fərqli olduğu barədə məlumatım var. Rəqibimiz bu məsələlərə daha sivil yanaşır. Ümid edirəm ki, ciddi problem olmayacaq.
“Şərlə xeyirin mübarizəsi gedir”
- Bir neçə il əvvəl “Qəbələ”nin futbol akademiyası ölkədə ən yaxşı idi. Ancaq nə qədər acı da olsa, etiraf edək ki, artıq mövqeyinizi əldən vermisiz. Akademiyanı əvvəlki günlərinə qaytarmaq barədə düşünmürsüz?
- Hər ilin əvvəli klubdaxili toplantımızda akademiyaya ayrılan büdcəni bir qədər artırmağı düşünürük. Çalışırıq üst səviyyəyə qaldıraq. Amma siz deyən səviyyəyə qayıtmaq üçün çox iş görülməlidi. Özünüz də bilirsiz ki, bu gün A millidə “Qəbələ”nin 6 yetirməsi çıxış edir. U-21-də 8, U-19-da 9, U-17-də isə akademiyanın 7 yetirməsi yer alır. Aşağı yaş qruplarında isə dəyişiklikdən sonra say azdı. Əvvəl akademiyada 70-75 futbolçu qalırdısa, indi say 40-a yenib. Təbii ki, bu da təsirini göstərir. Akademiyada işçi heyətin səviyyəsi bir qədər aşağı düşüb. Bunlara rəğmən biz çalışırıq, akademiya fəaliyyət göstərir. Ötən mövsüm “Qəbələ”nin əsas komandasında akademiyanın 8 oyunçusu çıxış etdi. Hər il 2-3 futbolçunu üzə çıxara, bu səviyyəni saxlaya bilsək yetərlidi. Bu il Emin Səfərovu ölkənin əsas yığmasına vermişik. Bütün işlərin kökündə büdcə durur. Ya strategiyanı dəyişməliyik, ya da qızıl ortanı tutmalıyıq. Akademiya üçün də stimul olmalıdı. Çatana böyükhesabla uduzan klubun akademiyasında oynayan gənclərdə də stimul olmur. Ona görə də əsas komandanı zəiflədib, oranı tuta bilmirik. Bu büdcə ilə balansı qorumağa çalışırıq.

- “Qəbələ”nin büdcənin artacağına ümid var?
- Reallıqla barışmaq lazımdı. Kimsə komandaya sponsorluq etməlidi. Bunu “Gilan”dan gözləyirsizsə, bu olmayacaq. Şirkət ən azı çalışır ki, akademiya fəaliyyətini davam etdirsin, əsas komanda premyer-liqada çıxış etsin. Başqa sponsor yoxdu, mən görmürəm.
- “Qəbələ” həm də idman klubudu. Digər idman növlərində vəziyyət necədi? Nəzərə alsaq ki, gələn il Parisdə növbəti Yay Olimpiya Oyunları keçiriləcək. İdmançılarınızdan gözləntiniz...
- Digər idman növlərində də fəaliyyətimiz əvvəlki kimi sabit davam edir. Qəbələdən çıxan idmançılarımız arasında pis-yaxşı nəticələrimiz var. Həmişə deyirəm ki, Qəbələ” İdman Klubunun əsas məqsədi nəticəyə söykənməyib. Bölgədə yeniyetmə və gənclərin sağlam həyat tərzini seçməsi bizim üçün çox önəmlidi. Son vaxtlar gənclər arasında pis vərdişlərə meyillənmə var. Bir növ şərlə xeyirin mübarizəsi gedir. Yeniyetmə və gənclərimizi pis vərdişlərdən qorumaq üçün ən yaxşı yol onları sağlam həyat tərzinə, idmana yönəltməkdi. Hələ ki, bunu bacarırıq. Qəbələdə kifayət qədər bölmələrimiz var və 500-dən çox idmançımız orda məşq edir. Bakıda da zallarımız var. Hansısa idmançımız Olimpiadaya vəsiqə qazanarsa və nəticə verərsə əla olar. Ancaq şəxsən mənim üçün qeyd etdiyim sağlam həyat tərzi, gənclərin pis vərdişlərdən uzaq olması daha önəmlidi.
“Dəvət etdiyimiz klublara yaxşı şərtlər təklif edə bilmirik”
- Bu gün Qəbələdəki infrasturkturu saxlamaq çətin deyil?
- Həddən artıq çətindi. Vaxtında ota baxan mütəxəssislər yetişdirməsəydik, bu gün o meydanlardan danışa bilməzdik. O vaxt meydanlarla bağlı xaricdən peşəkarlər dəvət edəndə qarşılarına şərt qoyduq ki, bizimkilərə də işi öyrətsinlər. Bu gün həmin mütəxəssislərin sayəsində meydanlarımız ideal vəziyyətdədi. Xaricilərdən fərqli, bizimkilər daha aşağı vəsaitlə yüksək səviyyədə iş görürlər. Hələ ki, ayrılan büdcəyə infrastrukturu da sığışdıra bilirik. Bəlkə gələcəkdə daha çox xərc tələb olunacaq, bunu deyə bilmərəm. Ancaq hələ ki, saxlaya bilirik.
- Söhbət əsnansında qeyd etdiz ki, avqustda Qətərin “Aspire” futbol akademiyası Qəbələdə toplanış keçəcək. Yüksək infrasturktura malik olduğunuzu nəzərə alsaq, xarici klubların gözəl təbiəti olan Qəbələyə gəlməməsi bir qədər təəccüblüdü. Bu həm də klubun xeyrinə olar, büdcəyə əlavə gəlir gətirər.
- 2014-cü ildən bu məsələnin üzərində işləyirik. Qəbələdə məhdud sayda otel var və yay aylarında onlarda boş yer olmur. Bu üzdən münasib qiymət ala bilmirik. AZAL-ın aviabiletləri də çox bahadı. Bu səbəbdlərdən dəvət etdiyimiz klublara yaxşı şərtlər təklif edə bilmirik. Qətərliləri də bir təhər razı sala bilmişik (gülür).
RƏŞAD