“Barselona” “Neqreyra işi”nə görə hələ ki sərt sanksiyalarla üzləşmək təhlükəsi yaşayır.
"Football-plus.az" xəbər verir ki, Xuan Laporta isə bazar ertəsi mətbaut konfransı keçirib, bu və başqa məsələlərlə bağlı rəhbərlik etdiyi klubun rəsmi mövqeyini açıqlayıb. Maraqlıdı ki, “Barsa”nın prezidenti təkcə La Liqanın rəhbəri Xavyer Tebasa (bu artıq ənənədi) yox, buna qədər dostluq münasibətlərində olduğu deyilən “Real”ın rəhbərliyinə də hücum edib.
Qısaca işin mahiyyətini xatırladaq. Yanvarda məlum oldu ki, “Barselona” üç il ərzində İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin vitse-prezidenti Enrikes Neqreyraya müəyyən ödənişlər edib. Kataloniyaların iddiasına görə bu pul hakimlərlə bağlı hesabatın hazırlanması müqabilində verilib. Yəni Neqreyra 2001-ci ldən bəri klubdan ən azı 7,3 milyon avro alıb, ancaq məhkəmə yalnız son 10 ilin üzərində dayanıb, xüsusən də Neqreyraya 2014-18 aralığında ödənilən 3 milyonun.
“Barsa” daxili araşdırma aparır
“Barsa”nın prezidentinin dediyinə görə, hazırda məsələ ilə bağlı klubdaxili araşdırma gedir. Laporta bu işi başqa ölkənin şirkətinə tapşırıb. Artıq bəzi sənədlərlə tanış olan Laportanın məsələ ilə bağlı əsas fikirlərinə yer veririk.
• Mediada yayılan şayiələrlə bağlı: “İki ay ərzinə inanılmaz böhtan kampaniyasına məruz qaldıq. Mediada yer alan məlumatların və nəticələrin reallıqla heç bir əlaqəsi yoxdu. “Barselona” ədalətli oyunun nümunəsi olub. İdmana verdiyimiz töhfəyə görə qürur duyuruq. “Barselona” heç vaxt turnirdə rəqabəti pozmağı, üstünlük qazanmağı hədəf götürən hərəkətlərə yol verməyib”.
• Klubdaxili araşdırma ilə bağlı: “Bu məsələ ilə bağlı 629 sənəd və 43 videoyazı toplamışıq, yad ölkənin şirkəti şəffaf şəkildə fəaliyyət göstərib. Bunlar əsasən hakimlərlə bağlı hesabatlardı, hesabatların yoxa çıxdığını deyənlər yanılırlar. Təhqiqatın nəticələri onu deməyə əsas verir ki, heç bir qeyri-qanuni iş görülməyib. İndi biz ədalət məhkəməsinə öz işini görməsi üçün şərait yaratmalıyıq. Bütün şübhələrin “Barsa”nın üzərindən götürüləcəyinə əminəm”.
• Hakimlərə mümkün təsir ilə bağlı: “Nəzərə almaq lazımdı ki, 7,3 milyon avro 18 il ərzində ödənilib. Bunlar vacib postlar tutan adamlarla bağlı önəmli və zəruri məruzələr idi. Neqreyranın vitse-prezident olduğunu deyərkən dəqiqləşdirmək lazımdı ki, bu xidmətləri göstərən şəxs onun oğlu olub. Texniki hakimlər komitəsinin vitse-prezidentinin oyunların nəticəsinə təsir göstərmək və ya hakimləri təyin etmək səlahiyyəti yox idi. İspaniya Kral Futbol Federasiyasının reqlamentinin 29-cu maddəsində bu haqda yazılıb. Bu adamın hakim qərarlarına təsir göstərməsi ilə bağlı hipoteza yalandı. Xatırlatdığım reqlament də bunu inkar edir”.
“Real”la münasibətlər də korlanıb
• “Barsa”nın düşmənləri və mənəvi zərər ilə bağlı: “Bu işi quranlar qalmaqal qoparmaq, hakimlərin alınması ilə bağlı real olmayan iddia vasitəsi ilə “Barselona”nın imicinə zərbə vurmaq və Kataloniyanın identikliyinin ən parlaq elementlərindən birini dağıtmaq istəyirlər. Hakimiyyət təmsilçilərindən kimlərsə “Barsa”nın Kataloniyanın identikliyini təcəssüm etdirməsiylə barışa bilmirlər. Mənəvi ziyan çox vacib məqamdı. Klubun şərəfini qorumaqla bağlı hüquqi tədbirlər görməkdəyik. Mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldıracağıq. Bəlkə də bu iddianın dəyəri astronomik məbləğlə ölçüləcək”.
• Xavyer Tebasın hərəkətləri ilə bağlı: “Açıq-aşkar qeyri-peşəkarlıq göstərən La Liqanın prezidentini də qeyd etmək istəyirəm. O, bu işlə bağlı düzgün olmayan sənədlər təqdim edib. Onu belə əməllərdən çəkinməyə çağırıram. Saxta sübutlar işə yaramayacaq. Bu problem qalxan kimi Tebasın mənə zəng etməsini istəyərdim, ancaq o mözunu şişirtməyə başladı. “Barsa”ya qəzəbini nəzərə alsaq, onun davranışından təəccüblənmirəm. Xavyer Tebas özünü ikiüzlü aparır, onda müdriklik və peşəkarlıq çatmır. Digər tərəfdən, İspaniya Kral Futbol Federasiyasının prezidenti Rubialesə və FİFA-nın prezidenti İnfantinoya minnətdaram ki, “Barselona” əleyhinə kampaniyaya qoşulmadılar. Onlar məhkəmənin qərarını gözləyir”.
• La Liqa və UEFA ilə münasibətlərlə bağlı: “Biz Tebasa və ya La Liqaya tabe olmayacağıq. Superliqaya can atırıq. Bizə qarşı kampaniya klubların möhkəmlənməsinə, rəqabət mühiti yaranmasına doğru apardığımız işlə üst-üstə düşür. La Liqanın prezidenti fürsətdən yararlanaraq UEFA-nın bizi mühakimə etməsinə çalışır. UEFA ilə daimi təmasdayıq, bu qurumda anlayırlar ki, mediadakı kampaniya saxta hipoteza üzərində qurulub. Başqa məsələlərlə bağlı UEFA ilə aramızda fikir ayrılığı olsa da, deyə bilərəm ki, hələ də təmaslarımız qalır”.
• “Real”ın bu işdə fəal iştirakı ilə bağlı: “Məhkəmə prosesində fərdi qaydada iddiaçı rolunda çıxış edən klub haqda da danışmaq istəyirəm. O klub haqda ki, maraqlarına toxunulduğunu düşünür. O klub haqda ki, həmişə hakimlərdən dəstək görüb. Rejimin (söhbət 1939-75 aralığında İspaniyanı idarə edən Fransisko Frankodan gedir – red.) komandası sayılıb, siyasi və iqtisadi elitaya yaxın olub. Yeddi onillik ərzində texniki hakimlər komitəsinin prezidentlərinin əksəri “Real”ın sabiq əməkdaşları, oyunçuları və ya rəhbərləri olub. Məhz bu adamlar 70 il ərzində meydanda başverənlərə qiymət verməli olan hakimləri təyin ediblər. “Barselona” ilə “Real” arasındakı institusional münasibətlər pozulub. Bu, “Real” tərəfindən atılan yanlış addımdı. Mənə elə gəlir ki, Florentino Peres bu məsələ ilə bağlı böyük təzyiq altındadı. Klublar arasındakı böyük rəqabəti nəzərə alsaq, bu normaldı”.
“Real” da video yaydı
Aydın məsələdi ki, “Real” belə kəskin ittihamı cavabsız qoya bilməzdi. Elə həmin gün klub telekanalında “hansı klub hakim rejimin klubu olub” adlı video göstərilib. Madrid klubu videoda vacib faktları xatırladır:
• “Barselona” üç dəfə Frankoya fəxri ad verib, 1965-ci ildə hətta diktatoru sosyosun fəxri üzvü edib.
• “Nou Kamp”ın açılış mərasimini Frankonun nazirlərindən biri Xose Solis Ruis keçirib.
• Fransisko Franko “Barselona”nı üç dəfə müflislikdən xilas edib.
• “Barselona” Franko dönəmində 8 dəfə çempionluğu və 9 dəfə Generalissimus kubokunu (ölkə kuboku) qazanıb.
• “Real”a Franko dönəmində La Liqada ilk çempionluğu qazanmaq üçün 15 il lazım gəlib.
• Vətəndaş müharibəsi dövründə “Real”ın oyunçuları, direktoru və sosyosu öldürülb.
• “Barselona” Frankoya qızıl və brilyant bağışlayıb.
Videoçarxda həmçinin “Real”ın sabiq prezidenti Santyaqo Bernabeunun aşağıdakı fikirləri yer alıb: “Real”ın rejimin komandası olduğunu eşidəndə belə deyənlərin atasına lənət oxumaq istəyirəm”.
Güclü, hətta nokauta oxşayan cavabdı.
ORXAN