19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
İlk qarşılaşmada Monteneqroya 0:3 hesabıyla məğlub olan yığma bu dəfə ev sahibi Slovakiyaya yenilib – 0:4. Nəticədə təmsilçimiz qrupu son pillədə baş vurub.
U-19-un baş məşqçisi Həbib Ağayev birinci matçdan sonra "Futbol+"ə açıqlamasında komandadan razı qaldığını demişdi.
Maraqlıdı ki, gənc mütəxəssis bu dəfə də təxminən eyni sözləri söylədi:
"A səbətindən düşən rəqibə qarşı oynadıq. Slovakiya həm taktiki, həm də texniki cəhətdən çox güclü idi. Oyuna itkilərlə başladıq. Əsas müdafiəçilərimizdən Fidan Cəfərova sarı vərəqəyə görə oyunu buraxdı. Heyətimiz geniş olmadığına görə onun yerini doldura bilmədik. Bir neçə oyunçumuz da zədəli vəziyyətdə oynayırdı. Belə komandalara qarşı 100 faiz hazır olmalısan ki, nəticə qazanasan. Əlbəttə, nəticədən razı deyiləm. Lakin qızlar bacardığını etdi, onlardan narazı qala bilmərəm”.
Əlbəttə, başqa mübarizə meydanlarında olduğu kimi, futbolda da hamı bacardığını edir. Buna sözümüz yox. Sadəcə, maraqlıdı, millimiz niyə ancaq məğlub olmağı bacarır, qalib gəlməyi yox?
KƏNAN BAHADIR