Ötən cümə “Selta”nı qəbul edən “Sevilya” qələbəni inanılmaz şəkildə əldən verdu – 2:0 sonda 2:2-yə çevrildi. Və meydan sahibləri bu oyunun gedişində iki qırmızı vərəqə ilə cəzalandı: artıq 19-cu dəqiqədə Pap Geye 2-ci “sarı” ilə meydandan qovuldu, final fiti ərəfəsində isə Markos Akunyanın əsəbləri dözmədi. Hakimlə danışığa görə önündə birbaşa qırmızı vərəqə gördü.
“Sevilya”nın cari mövsümdə artıq 11 “qırmızı”sı var
“Sevilya”nın yarımmüdafiəçisi Fernando oyundan sonra Geyenin mübahisəli qırmızı vərəqəsini xatırlatdı. Adı çəkilən futbolçu Yaqo Aspasın ayağını tapdaladığına görə 2-ci “sarı”nı aldı. Fernando həmin epizodla bağlı belə dedi:
“Düşünürəm ki, Geye topa gedirdi. Hakimlər haqda danışmaq istəmirəm, ancaq cari mövsümdə artıq 11 “qırmızı” görmüşük. Çox qəribədi, təəssüf ki, iki qol buraxdıq”.
Fernando Akunyanın qovulmasını da xoş qarşılamadı:
“Məncə, hakim ona görə lazımdı ki, oyunu idarə etsin. Bəzən biz deməli olmadığımız sözləri deyirik, ancaq hər sözə görə də futbolçunu qovmaq olmaz”.
Braziliyalı futbolçu daha bir maraqlı detala toxundu ki, onun haqlı olub-olmadığını müəyyənləşdirmək o qədər də çətin deyil:
“La Liqa dünyadakı ən yaxşı çempionatlardan biridi, ancaq anlamadığım şeylər var. Hazırda İngiltərə premyer-liqasında mövsüm ərzində 28 “qırmızı” qeydə alındığı halda, La Liqada bunların sayı 100-dən artıqdı. Açıq-aşkar nəsə yerində deyil. Belə olmamalıdı”.
Bəli, bu iddianı dəqiqləşdirmək asandı. Bəribaşdan deyək ki, Fernando haqlıdı. La Liqanın cari mövsümündə premyer-liqa və Avropanın başqa top-liqaları ilə müqayisədə daha çox futbolçu meydandan qovulur.
“böyük beşlik” ölkələrində sarı və qırmızı vərəqələr
Çempionat 2022/23 mövsümündə oyun sarı/hər oyuna orta hesabla qırmızı/hər oyuna orta hesabla
1 2 3 4
La Liqa 275 1387/5,04 113/0,41
Liqa 1 298 976/3,27 84/0,28
A seriyası 283 1306/4,6 50/0,17
Bundesliqa 237 905/3,81 33/0,13
Premyer-liqa 288 1082/3,75 28/0,09
1 – çempionat, 2 - 2022/23 mövsümündə oyun, 3 - sarı/hər oyuna orta hesabla, 4 - qırmızı/hər oyuna orta hesabla.
• İspaniyalı hakimlər artıq 113 qırmızı vərəqə göstərib. Təsəvvür edin ki, premyer-liqa, bundesliqa və A seriyasında göstərilən qırmızı vərəqələrin toplam sayı (111) buna çatmır.
• Fernando premyer-liqada qovulmaların sayını düz tapıb – 28. Bu isə La Liqa ilə müqayisədə təxminən 4 dəfə azdı.
• Sarı vərəqələrin sayına görə də İspaniya liderlik edir. La Liqada hər oyunda orta hesabla 5-dən artıq sarı vərəqə göstərilir. Müqayisə üçün xatırladaq ki, fransalı hakimlər hər oyunda orta hesabla 3,3 sarı vərəqəyə əl atır.
Liqalar üzrə vərəqə sayına nəzər saldıq. Maraqlıdı, bəs klublar üzrə vəziyyət necə dəyişir?
1 2 3
Betis La Liqa 12
Elçe La Liqa 11
Sevilya La Liqa 11
Monpelye Liqa 1 9
Espanyol La Liqa 8
Xetafe La Liqa 8
Reyms Liqa 1 8
Ayaçço Liqa 1 7
Atletiko La Liqa 7
Kadis La Liqa 7
1 – komanda, 2 – liqa, 3 - qovulma sayı.
• Göründüyü kimi, La Liqa bu siyahıda da dominantlıq edir. 10 klubdan 7-si məhz İspaniya çempionatını təmsil edir. Ancaq Fransa klubları da yetərincə kobud oynayır. “Böyük beşlik” ölkələrində futbolçuları daha çox qovulan klub isə “Betis”di – 12 dəfə.
• La Liqanın top-klubları arasında “Atletiko” bu mənada seçilir. “Hindular”ın 7 futbolçusu meydanı vaxtından əvvəl tərk edib. “Barselona”nın hesabında 6, “Real”ın hesabında isə 1 qırmızı vərəqə var.
• “Böyük beşlik” ölkələrində çıxış edən futbolçulardan yalnız ikisi cari mövsümdə artıq üç dəfə qovulub. Bunlar “Kadis”in müdafiəçisi İsaak Karselen və onun “Betis”dən olan mövqe yoldaşı Luis Felipedi. “Atletiko”dan Stefan Saviç 2023-cü ilin əvvəlində aqressivliyi ilə qorxudurdu – monteneqrolu 5 oyunda 3 qırmızı vərəqə görmüşdü, ancaq bunlardan biri “Real”la kubok oyununa təsadüf etmişdi.