Portuqaliyali cinah müdafiəçisi Joao Kanselo mövsümə “Mançester Siti”də, üstəlik əsas heyət üzvü kimi başlasa da, DÇ-2022-nin ardından onun durumu dəyişdi.
"Football-plus.az" xəbər verir ki, əsas heyətdəki yerini itirdikdən sonra Xosep Qvardiola ilə münasibətləri pozulan təcrübəli futbolçu çıxış yolunu Münhenə yollanmaqda gördü. “Bavariya” onu mövsümün sonuna qədər icarəyə götürdü. Çempionlar Liqasının 1/4 finalında isə bilindiyi kimi, “Siti” ilə “Bavariya” üz-üzə gələcək. 28 yaşlı oyunçu bugünlərdə Almaniya mətbuatına verdiyi müsahibədə hədəflərindən, çətin xarakterindən və uşaqlıq illərindən danışıb.
- “Bavariya”da artıq 11 rəsmi oyunda 5 qolun vurulmasında yaxından iştirak etmisiz. Müdafiəçi üçün yaxşı gösətiricidi. Elə deyilmi?
- Bəli. Mən də düşünürəm ki, “Bavariya”dakı karyeram pozitiv start götürüb. Futbolçu üçün həmişə yeni kluba uyğunlaşmağa müəyyən vaxt lazımdı. Mən kollektivə, yeni komanda yoldaşlarıma tez uyğunlaşmaq üçün əlimdən gələni etdim. Münhendə həm həyatımdan, həm də karyeramdan razıyam.
- Mane verdiyi son açıqlamalarının birində “Bavariya”dan güclü klub görmədiyini vurğulayıb. Siz həm də “Mançester Siti”də top qovmusuz. Onlara qarşı dueldən öncə siz də Mane kimi düşünürsüz?
- 4-5 klub var ki, onlar həmişə başqalarından bir addım öndədi. “Bavariya” da belə klublardan biridi. Ümumiyyətlə, “Bavariya”, “Siti”, “Real” kimi klubları məğlub etmək çətindi və onlar hər mövsüm ÇL-in əsas favoritləri sayılır. Mənim üçün bu cür klubda yer almaq böyük fəxrdi. “Bavariya” istənilən rəqibi yenməyə qadirdi.
- “Bavariya”nı başqalarından fərqləndirən özəllik nədi?
- Bu gözəl klubun sıralarına qoşulmaq fürsətini əldə edən kimi çox düşünmədən razılıq verdim. Daha öncə İspaniyada, İtaliyada və İngiltərədə oynadığımdan bu dəfə özümü Almaniyada sınamaq qərarına gəldim. “Bavariya”da hər kəs yalnız qələbəyə köklənib. Başqa nəticə qəbul olunmur. Hər məşqdə çox işləməli və özünü sübut etməlisən. Belə mentallıq və yanaşma tərzi xoşuma gəlir.
- FİFA-nın versiyasına görə ötən ilin ən yaxşı “11-liy”inə seçildiz. Bu, sizin üçün nə deməkdi?
- Ardıcıl 2-ci dəfə namizədlər sırasına düşmüşdüm və bu dəfə nəhayət, rəmzi komandaya seçildim. Arzularımdan biri həyata keçmiş oldu. Məşqlərdə çəkdiyim əziyyətin qarşılığını almaq xoşdu. Maksimalist insanam və həmişə komandamla qalib, öz mövqeyimdə isə ən güclü olmaq istəyirəm. Mənə səs verənlərin hamısına minnətdaram.
- Bir neçə il öncə sizin kimi “Bavariya”da müdafiənin sağ cinahında oynayan Filipp Lam da rəmzi komandaya iki dəfə düşməyi bacarıb. Lam və onun oyunu haqda nə bilirsiz?
- Belə dahi futbolçu ilə müqayisə olunmaq xoşdu. Təbii ki, Lamın oyununu çox bəyənirdim. Belə futbolçular mənim üçün həmişə örnəkdi. Eyni zamanda Daniel Alveşin və Marselonun da oyununun heyranıydım. Lama gəlincə, onun səviyyəsinə çatmaq üçün üzərimdə bir qədər də işləməliyəm. Lam həm də hər şeyi qazanıb. Mənim də ən böyük arzum ÇL-i qazanmaqdı. Bu arzum həyata keçənə qədər sakitləşməyəcəm! Bəlkə də artıq bu mövsüm bunu bacaracam. Hər halda, bundan imtina etmərəm (gülür).
- Bəs kumiriniz kim olub?
- Əsas kumirim Ronaldinyo idi. O öz oyunu, gülərüz olması ilə daim insanlara sevinc bəxş edirdi. Hər zaman çox rahat görünürdü. İnanılmaz xarizması var idi. Gördüklərim arasında ən istedadlı futbolçu odu. Pele, Maradona, Kroyff, Van Basten kimi əfsanələrdən danışmaq istəmirəm. Çünki oyunlarını görməmişəm.
- Cinahdan cərimə meydançasına dəqiq asmalar etmək baxımından dünyada ən güclülərdən sayılırsız. Bu özəlliyə necə yiyələnmisiz?
- Ümumiyyətlə, qol vurmaqdan çox məhsuldar ötürmə verməkdən zövq alıram. Hər gün məşqlərdə belə ötümələrin üzərində durmadan çalışıram. Amma mənim texnikam öz-özünə inkişaf edib. Məktəbdə oxuyanda futzal komandamız var idi. Qapalı məkanda 5-5-ə oynayırdıq. Hərəkət etmək üçün yer az idi. Həyətdə də dostlarımla oynayırdım. Texnikam məhz belə yerlərdə formaslaşıb. Dostlarımdan bəziləri hətta məndən də istedadlıydılar. Amma tək istedadla zirvəyə çatmaq mümkün deyil. 8 yaşımda “Barreyrense”də futbola başladım. Bir neçə il sonra “Benfika”nın akademiyasına yollandım. Ora dünyanın ən yaxşı futbol məktəblərindən biridi. Hər il orda istedadlar yetişir.
- Artıq 3 ildi qız atasısız. Həyatınızda nə deyişib?
- Mənim üçün dünyada ata olmaqdan gözəl heç nə yoxdu. Qızımın hər gün yeni özəlliyini kəşf edirik. Gülərüz və oynamağı sevən uşaqdı.
- Bir dəfə “instaqram”dakı paylaşımınızda onu zəlzələyə bənzətmişdiz...
- (gülür) Bizdə Portuqaliyada, adətən, uşağın enerjisi çox olanda məhz belə deyirlər. Gün ərzində bizi sual atəşinə tutur. Öz oyuncaqları ilə evi tanınmaz hala salır. Bəzən məni də vurmağa çalışır (gülür). Amma o, bizim balaca şahzadəmizdi. Mənim üçün həyatda ən böyük hədiyyədi. Təəssüf ki, anam maşın qəzasında dünyasını dəyişəndə çox gənc idim. Qızım doğulandan bəri sanki həyata yenidən marağım artıb.
- “İnstaqram”da #mommyblessme həşteqini işlədirsiz...
- Mən Tanrıya inanan insanam. Həm də inanıram ki, anam Filomena mənə güc verir. O, mənim ən böyük dayağım, dəstəkçim idi. Həmin an 18 yaşım var idi. Anamın ölümü məni daha da güclü edərək indi olduğum insana çevirdi. Bəzən ətrafımdakılar çətin xarakterə malik olduğumu deyirlər. Amma urəyim yumşaqdı. Anam dünyasını dəyişəndən sonra atam mənimlə söhbət etdi. Dedi ki, artıq ailəmizə görə üzərimə daha böyük məsuliyyət götürməliyəm. Çünki o özü həmin vaxt işləmirdi. Qardaşım da məktəbə gedirdi. Çətin dönəmdən keçməli olduq. İradə tələb olunurdu. Bəlkə də bütün bunlara görə bir qədər özümə qapalı, az danışan insanam. Amma digər tərəfdən çox xoşbəxt olduğumu düşünürəm. Çiynimdə anamın şəkli və adının döyməsi var. Hər dəfə Portuqaliyaya qayıdanda ilk növbədə onun qəbrini ziyarət edirəm. Özümü orda çox rahat hiss edirəm. Həyatımda başverənləri ona danışıram. Sanki hələ də yaşayır və ürəyimi ona boşaldıram. Cavab verməsə belə...
- Deməli, elə etməlisiz ki, ananız sizinlə fəxr etsin.
- Bəli. Həm şəxsi planda, həm də karyeramda. İstəyirəm ki, məni əhatə edən insanlar mənimlə fəxr etsinlər. Yaxşı həyat yoldaşı, övladlarım üçün yaxşı ata, atam üçün yaxşı övlad, eyni zamanda yaxşı qardaş olmaq istəyirəm. Məni irəliyə aparan məhz bu hissdi.
- Az öncə qeyd etdiz ki, insanlar xarakterinizin çətin olduğunu düşünür. Sizcə, bu nə ilə bağlıdı?
- İzah etmək çətin olsa da, buna cəhd edəcəm. Mən özümün bəzən impulsiv, bəzən də duyğusal olduğumu düşünürəm. Məni kənardan belə desək, oxumaq, hansı əhval-ruhiyyədə olduğumu müəyyənləşdirmək asandı. Çünki açıqsözlü insanam. Nə düşünürəmsə, onu da dilə gətirirəm. Gəlin etiraf edək ki, müasir dünyada mənim kimi açıqsözlü insanlara bəzən çətin olur...
- Futbol sizə həyatda nə verdi və nəyi öyrətdi?
- Çox şeyi. Ən əsası odu ki, prinsiplərindən vaz keçməyəsən. Sona qədər ona sadiq qalasan. Hətta çətinliklər yarandıqda belə. Mən döyüşkən insanam. Portuqaliyada sosial həyat Almaniyadakından çox çətindi. Anam üç fərqli şirkətdə xadimə işləyirdi. Portuqaliyada minimum əməkhaqqı çox aşağı olduğundan evin pulunu ödəməkdə çətinlik çəkirdi. Həyatımın ilk 16 ilini valideynlərimlə birlikdə nənəm və babam gilin evlərində yaşamışıq. Çünki ev almağa imkanımız yox idi. Atam tikinti işində çalışırdı. 6 ay İsveçrədə işləyirdi. Sonra bir ay bizimlə birlikdə qalırdı. Bizi dolandırmaq üçün xaricə yollanmaq məcburiyyətində qaldı. İndi təqaüddədi.