PFL AFFA nümayəndəsinin “Şamaxı” – “Qarabağ” oyunundakı hərəkətinə aydınlıq gətirdi

4.04.2023 13:30 407
Aktual / Premyer-liqa
“Şamaxı” – “Qarabağ” matçında maraqlı, eyni zamanda bizi təəccübləndirəcək olay yaşandı.

Belə ki, hakimin start fiti ərəfəsində yerli azarkeşlərdən biri üzərində “AFFA, Azərbaycanın komandası Şamaxı! Dünya yığmalarına qarşı” pankartı açdı. Bunu görən AFFA nümayəndəsi Elman Musayev polislərdən birini həmin azarkeşin yanına göndərərək plakatın alınmasını istədi və istəyinə də nail oldu. Təəccüblüsü o idi ki, plakatda siyasi şüar, kimisə təhqir edəcək ifadələr yazılmamışdı. Ancaq nədənsə, AFFA nümayəndəsi plakatın tribunada görünməsinə icazə vermədi. Görünür, şamaxılı azarkeşin pankartda AFFA-nın adını yazması Musayevi təlaşa salıb.

Matçdan sonra ayaqüstə söhbətdə Elman bəydən plakat məsələsinə aydınlıq gətirməsini istədik. Musayev PFL-in razılığı olmadan tribunada plakat açılmasına icazə verilmədiyini söylədi.

Şamaxıda baş verən olayla bağlı PFL-dən də reaksiya öyrənməyi lazım bildik. Qurumun Media və Marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”a açıqlamasında bunları söylədi:

“Hər bir klubun azarkeşlərlə iş üzrə nümayəndəsi var. Belə məqamlarda adətən azarkleşlər onlarla əlaqə saxlayır və bu barədə PFL-ə məlumat verilir. Ümumiyyətlə, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bannerlər və pankartların açılışı zamanı dini, irqi ayrı-seçkiliyə dəstək verən, həmçinin siyasi məqsədli şüarlara qadağa qoyulur. Təcrübədə yalnız baş hərflərdən ibarət olan, amma təhqir ifadə edən pankartlar da olub. Bildiyiniz kimi, oyunun keçirilməsinin rəhbəri AFFA nümayəndəsi olur. Musayev sözügedən qarşılaşmada açılan bannerin də qadağan olunan kateqoriyaya aid olduğunu düşünüb və belə addım atıb. AFFA nümayəndəsi Əsasnaməyə görə doğru davranıb. Sadəcə, PFL ilə kiçik dəqiqləşdirmə aparsaydı, daha yaxşı olardı. Dəqiqləşdirmənin aparılmasına ehtiyac isə, qeyd etdiyim kimi, bir çox pankartlarda üstüörtülü mesajların verilməsidi. Bunu hər şəxs, həmçinin nümayəndə bilməyə bilər”.


RƏŞAD