Millinin AÇ-2024-ün seçmə mərhələsinə biabırçı şəkildə başlaması gündəmdən düşmür. Sıravi vətəndaşlardan tutmuş ictimai-siyasi xadimlərə qədər hər kəs məşqçilər korpusunu da qınayır. Daha doğrusu, eksperimentlərə əl atan baş məşqçi Canni de Byazini. İtaliyalı mütəxəssis hazırda vətənindədi. Köməkçisi Arif Əsədov isə komanda ilə birgə Bakıya qayıdıb.
"Football-plus.az" olaraq onunla söhbətdə də millinin son iki oyununa toxunduq.
- Arif bəy, yığmanın iki oyunda darmadağınla üzləşməsinin səbəbi nədi?
- Əsas səbəb rəqiblərimizin çox güclü olmasıdı. Hər iki oyunu səfərdə keçirməyimizi və kobud səhvləri də bura əlavə edərdim. Məhz bu üç səbəb uduzmağımızla nəticələndi. Əslində seçmə mərhələyə yaxşı əhval-ruhiyyədə hazırlaşırdıq. Məqsədədimiz mübariz oyunla rəqibə ciddi müqavimət göstərmək idi. Təəssüf ki, alınmadı.
- Futbolçuların ümumi hazırlıq səviyyəsi niyə zəifdi?
- Futbolçuların hazırlıq səviyyəsi çempionatdakı çıxışlarından asılıdı. Biz klubları qınamırıq. Amma milli komanda oyunçuların hazırlığını yüksəltmək üçün yer deyil. Biz onlarla iki həftə vaxt keçiririk. Yığmada futbolçularla ancaq psixoloji, taktik məsələlər üzərində çalışırıq. Futbolçular fiziki cəhətdən çatdırmır. Maksimum 65-70 dəqiqə oynamağa gücümüz çatır. Ondan sonra yorğunluq hiss olunur. Avstriya ilə qarşılaşmaya heç də pis başlamadıq. Rəqiblə başabaş oynadıq, hətta bəzi məqamlarda onları üstələyərək müdafiəyə çəkilməyə məcbur etdik. Renatın, Ramilin yaxşı imkanları oldu, hədəfə düşə bilmədilər. Bəlkə də həmin epizodları qola çevirsəydik, oyunun axarı fərqli olacaqdı. İsveçlə Avstriya isə 90 dəqiqə yorulmadan oynamağı bacaran kollektivlərdi. Belə rəqiblərlə görüşlərdə də fiziki cəhətdən çatdıra bilməyəndə məğlubiyyət qaçılmazdı. Futbolçularımızın çoxu ölkə çempionatında çıxış edir. Bizim premyer-liqa ilə rəqiblərimizin heyətində yer alan futbolçuların oynadığı çempionatlar müqayisəyə gəlmir. Rəqiblərimiz daxil, demək olar, əksər Avropda ölkələrinin çempionatlarında komandalar 3 gündən bir oyuna çıxdıqlarından onların futbolçuları sıx qrafiklə rahat oynamağı bacarır. Bu, qrupumuzun əsas favoritlərinə də aiddi.
- Bir çox futbolçu, məsələn Höccət Haqverdi, Ramil Şeydayev və Toral Bayramov doğma mövqeyində oynadılmadı. Səbəb nədi?
- Futbolçuları fərqli mövqedə oynatmağımız sırf oyunçu qıtlığıyla bağlıdı. Sirr deyil ki, Azərbaycan futbolunda hazırda sağ cinah müdafiəçisi qıtlığı var. Heyətimizdə bu mövqe üçün Amin Seydiyev, Tellur Mütəllimov və Qismət Alıyev var. Adı çəkilənlərlə müqayisədə iranlı futbolçu daha çox milli təcrübəsinə sahibdi. Məşqçimiz sırf alternativlərin olmaması və Höccətdən daha çox gözləntisi olduğu üçün onu fərqli mövqedə sınadı. Toralla Ramilin fərqli mövqelərdə oynadılması isə onların cinahlardan sürətli reyd edərək mərkəzə soxulub zərbələr vura bilmələriylə bağlı idi. Bununla yanaşı, Bədavi Hüseynovun yoxluğu ciddi itkidi. Fərqli mövqelərdə yoxlanılanlar daxil, bütün dəvət göndərdiyimiz futbolçuları məşq zamanı izləyirik. Sonda kimə daha çox şans verməyi və hansı mövqedə oynatmağı baş məşqçi müəyyənləşdirir.
- Avstriya ilə oyunda Yusif İmanova şans verilməsi, ikinci matçda ehtiyatda oturdulması nə dərəcədə doğru qərardı? Ümumiyyətlə, yığma təcrübəsi olmayan gənc qapıçıya qrup mərhələsində şans vermək məntiqlidi?
- Bildiyiniz kimi, Canni de Byazi başda olmaqla bütün yığma məşqçiləri çempionat oyunlarını izləyir. Biz qapıda çempionatda daha çox şans qazanan və özünü yaxşı tərəfdən göstərən qolkiperin yer almasında maraqlıydıq. Hazırkı durumda da Yusif İmanov 27 tur ərzində "Sabah"da bütün oyunları əvəzlənmədən keçirib. Bundan başqa, gənc, perspektivli qapıçıdı. Onu ölkə futboluna qazandırmaq və yığmanın əsas qolkiperinə çevirmək istəyirdik. Avstriya ilə oyunda şans verməyimizin səbəbi də bu idi. Təbii ki, Yusifin beynəlxalq təcrübəsinin olmaması oyununun yaxşı alınmamasına gətirib çıxardı. Buna rəğmən, məşqçilər heyəti olaraq, ona güvənir və inanırıq ki, parlaq oyunları qarşıdadı.
- Ukrayna çempionatında özünü yaxşı tərəfdən göstərən Emil Mustafayevə dəvət göndərilməməsinin səbəbi nədi?
- Komandaya kimi cəlb olunub-olunmaması birbaşa baş məşqçinin ixtiyarı və seçimidi. Ona görə bu sualı cənab De Byaziyə ünvanlasaz, yaxşıdı.
- İki oyundakı fiaskodan və acı məğlubiyyətlərdən sonra yığmadan nə gözləyək? Çoxları düşünür ki, bu gedişlə Estoniyadan da geri qalacağıq.
- Təbii ki, seçmə mərhələyə uğursuz başlamaq və böyük hesablarla uduzmaq başda biz olmaqla hamını kədərləndirir. İlk oyunların səfərdə keçirilməsi də işimizi çətinləşdirdi. Amma qrup mərhələsi hələ yeni başlayıb. Real yanaşsaq, Belçika, Avstriya və İsveç kimi yığmaların yer aldığı qrupda ilk iki pilləni tutmağımız möcüzəyə bərabərdi. Qarşıda daha 6 oyunumuz var. Estoniya “dişimizə görə” komandadı. İnanıram ki, hər iki matçda onları üstələyəcəyik. Amma biz yalnız estonlarla yox, başqa rəqiblərlə də döyüşüb xal götürməyi düşünürük.
- Hazırda yığmanın fiaskosu gündəmin əsas mövzusudu. İctimaiyyət Canni de Byazi başda olmaqla məşqçilər korpusunu da qınayır. Siz özünüzdə günah görürsüz?
- İstənilən komanda uğursuz çıxış edirsə, əsas günahkar baş məşqçi və köməkçiləridi. Biz də məğlubiyyətdə günahkarıq və məsuliyyətimizi dərk edirik. Amma gəlin bir məsələni də nəzərə alaq ki, milli ölkənin, xalqın əsas komandasıdı. Futbolçu çatımazlığı, ölkə çempionatının səviyyəsinin aşağı olması və başqa nüanslar da nəzərə alınmalıdı. Biz çox istəyirik ki, premyer-liqamızda güclü rəqabət, geniş futbolçu seçimi olsun. Bir qədər əvvəl qeyd etdiyim kimi, yığmanın iki oyunda ağır məğlubiyyətlə üzləşməsi təslim olmağımız demək deyil. Qarşıdakı oyunlara daha ciddi, motivasiyalı hazırlaşmaqla, mübariz, baxımlı oyun sərgiləməklə yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Düşünürəm ki, hamı da buna inanmalıdı.
ABDULLA İSMAYILOĞLU